Türkiyə Ermənistanın addımlarına anında cavab verəcək – Türk ekspertlə MÜSAHİBƏbackend

Türkiyə Ermənistanın addımlarına anında cavab verəcək - Türk ekspertlə MÜSAHİBƏ

“Türkiyənin Ermənistana sanksiya və ya embarqo tətbiq etməsi gündəmə gələ bilər”.

Bu sözləri Türkiyənin Kırıkkale Universitetinin müəllimi, dosent Merve Suna Özel Özcan KONKRET.az-a müsahibəsində deyib.

Geniş müsahibəni təqdim edirik:

– Merve xanım, Azərbaycan-Ermənistan şərti sərhədindəki gərginlik hər keçən gün artmaqda davam edir. Ermənilər sərhədlərimizə əsgər və hərbi texnika yığırlar. Türkiyədən də bununla bağlı xəbərdarlıqlar edilir. Sizcə, bölgədə yeni toqquşma və ya müharibə ola bilərmi?

– İkinci Qarabağ müharibəsindən sonra baş verən proseslər açıq-aşkar geosiyasi və tarixi olaraq önəmli bir yerə sahibdir. 44 gün davam edən həmin müharibə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi ilə başa çatdı. Türkiyə isə proseslərin başından bəri Azərbaycanla sahib olduğu tarixi qardaşlıq əlaqələri ilə yanaşı, hərbi işbirliyi cəhətdən də dəstəyini ortaya qoydu. Türkiyə və Azərbaycan arasındakı hərbi təlim proqramları 1990-cı illərdən indiyə kimi davam edir. Həmçinin, tərəflər arasında strateji ortaqlıq əlaqələri də mövcuddur.

Dolayısı ilə bu gün bölgədə baş verə biləcək hansısa toqquşma və ya müharibədə Türkiyə Azərbaycanla birlikdə hərəkət edəcək. Son proseslər fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Hindistanda keçirilən G-20 sammitindəki bu barədə açıqlamaları olduqca mühümdür. Belə ki, Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdığını, bölgədə baş verə biləcək proseslərə və Ermənistanın atacağı addımlara qarşı birgə hərəkət edəcəklərini vurğuladı. Bu da Türkiyənin regionda baş verə biləcək istənilən problemə və ya krizə anında cavab verəcəyini göstərir.

– Ermənistanın dayanmadan vəziyyəti gərginləşdirərək sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışdığı görünür. Buna qarşı Türkiyə Ermənistana sanksiya və ya embarqo tətbiq edə bilərmi?

– Proseslərdə Türkiyə Azərbaycana açıq dəstək verib. Bundan sonra baş verə biləcək proseslərə qarşı atılacaq addımlar da Ankara ilə Bakı arasında koordinasiyalı şəkildə həyata keçiriləcək. Tərəflərin bölgənin təhlükəsizliyi üçün atacağı addımlara uyğun olaraq, Türkiyənin Ermənistana sanksiya və ya embarqo tətbiq etməsi gündəmə gələ bilər. Əlbəttə ki, keçiriləcək görüşlər sayəsində regionda yeni bir toqquşmanın baş verməsini əngəlləməyə nail olmağı hədəfləyirik. Buna baxmayaraq, İkinci Qarabağ müharibəsində olduğu kimi, Türkiyənin siyasəti yenə də açıqdır. Yəni Türkiyə və Azərbaycan hər zaman ortaq hərəkət edəcək.

– Necə düşünürsünüz, Azərbaycan, Türkiyə və İsrail arasında hər hansı ortaq layihələrin gündəmə gəlmə ehtimalı var?

– Bu, Azərbaycan-İsrail münasibətiləri baxımından gündəmə gələ bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan İsraildə səfirlik açdıqdan sonra tərəflər arasındakı münasibətlər xeyli inkişaf edib. Xüsusilə bu ilin may ayında İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfər edərək həmkarı İlham Əliyevlə görüşdüyünü vurğulamaq lazımdır. Bu səfər xüsusilə İkinci Qarabağ müharibəsini də düşündüyümüz zaman tərəflər arasındakı münasibətlərin gəldiyi son nöqtəni göstərir. Həmçinin, burada İran faktoru da var. İranın regional və Yaxın Şərqlə bağlı yürütdüyü siyasət İsrail-Azərbaycan münasibətlərinə də öz təsirini göstərir. Bunu xüsusən Cənubi Qafqazda münasibətlərin təhlükəsizlik və siyasi aspektən inkişaf etdirilməsi, eləcə də problemlərin həll olunması istiqamətində atılan addımlar kimi düşünmək olar.

Türkiyə baxımından isə məsələyə daha keçmiş tarixdən baxıla bilər. Çünki Türkiyə-İsrail münasibətiləri 75 illik enişli-yoxuşlu bir tarixə malikdir. Tərəflər arasındakı gərginliyin azalması isə 2022-ci ilə təsadüf edir. İsrailin Türkiyəyə, Türkiyənin isə İsrailə səfir təyin etməsi ilə diplomatik problemlər qismən həll olmağa başladı. Bundan sonra tərəflər arasındakı normallaşma prosesləri istiqamətində və regional toqquşma məsələləri daxil olmaqla bir çox aspektdən addımlar atıla bilər. Lakin Türkiyə və İsrailin yaxın perspektivdə balanslı siyasət aparacağını, daha çox mövcud problemləri həll etməyə çalışacaqlarını düşünürəm.

– Ermənistanla Rusiya arasındakı gərginlik də artmaqda davam edir. Son baş verənlər fonunda Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağı ehtimalı gündəmə gəlib. Xüsusilə, Nikol Paşinyan KTMT ilə bağlı tez-tez tənqidi fikirlər səsləndirir. Həmçinin, Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılaraq, yerinə ABŞ-ın hərbi bazasının qurulacağı iddiaları nə dərəcədə həqiqətəuyğundur?

– Ermənistan Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib gəlməsini hələ də həzm edə bilmir. Bu, açıq şəkildə hiss olunur. Ona görə də mövcud vəziyyəti dəyişdirmək üçün yeni axtarışa çıxıblar. Buna ən real nümunə ötən günlərdə Ermənistanla ABŞ arasında başlayan hərbi təlimlərdir.

Nəzərə almaq lazımdır ki, “soyuq müharibə” dönəmindən sonra ABŞ və Avropa İttifaqı ölkələri SSRİ-nin boşluğunu doldurmaq məqsədilə Orta Asiya və Cənubi Qafqaza yönəldilər. Buradakı əsas məqsəd NATO və Avropa İttifaqının post-sovet ölkələrinə müəyyən təzyiq göstərməsi idi. Üstəlik, Qərbin də 2000-ci illərdən sonra Rusiyaya qarşı apardığı siyasət diqqət çəkir. Kreml isə Qərbin sərhədlərinə yaxınlaşmaması üçün müəyyən həmlələr etdi. Burada Gürcüstan və Ukraynaya hücumları xatırlaya bilərik. Xüsusilə 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi bölgədə bir çox yeni problemə yol açdı.

Burada Qərbin sankiyaları ilə üz-üzə qalan Rusiyanın əlini zəiflətmək üçün Ermənistanın həmlələri isə olduqca önəmlidir. Rəsmi İrəvanın son addımları tərəflər arasında gərginliyə səbəb oldu. Hətta bu gərginliyin KTMT-yə də sirayət etdiyi görünür. Bu məqamda Nikol Paşinyanın bu ilin mart ayında “Ermənistan KTMT-dən çıxmır, KTMT Ermənistandan çıxır” açıqlamasını xatırlamaq yerinə düşər. Bunun da əsas səbəbi İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla KTMT münasibətlərinin zəifləməsidir. Çünki Rusiya Ermənistanla Azərbaycan arasındakı müharibənin bitirilməsinə vasitəçilik etsə də, rəsmi İrəvanın istədiyi nəticələr əldə olunmamışdı. Bu səbəbdən də İrəvan hakimiyyəti Rusiya və KTMT-dən üz çevirdi.

İndiki vəziyyətdə Ermənistanda ABŞ hərbi bazasının qurulması isə mümkün deyil. Sadəcə olaraq NATO və ABŞ Rusiyanı əhatəyə almaq və onu Cənubi Qafqazda sıxışdırmaq üçün addımlar atır. Fəqət bunun və Ermənistan hakimiyyətinin atdığı addımların nəticəsini zaman göstərəcək.

– Mixail Saakaşvilinin də aqibəti müzakirə predmeti olaraq qalır. Ukrayna dəfələrlə onun ekstradisiyasını tələb etdi, bütün dünya Gürcüstan hakimiyyətinə sərt təpki göstərdi. Amma oradakı mövcud rusiyayönlü iqtidar geri addım atmadı. Hazırkı vəziyyətdə Saakaşvili ekstradisiya oluna və ya sərbəst buraxıla bilərmi?

– Əslində Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili barəsindəki həbs qərarı səbəbi ilə 8 il ölkə xaricində yaşadı. O, daha sonra Ukrayna vətəndaşlığı alsa da, Gürcüstana qayıdacağı zaman həbs olunacağı açıqlanmışdı. Buna rəğmən, Saakaşvili Gürcüstana getdi və həbs olundu. Ukrayna dəfələrlə onun ekstradisiyasını tələb etdi. Lakin Gürcüstan hakimiyyəti Saakaşvilinin Ukraynaya ekstradisiya edilməyəcəyini konkret olaraq açıqladı. Son baş verənlərə baxdığımız zaman, onun həbsxanada həddindən artıq arıqladığı görülsə də, sərbəst buraxılması ilə bağlı heç bir addım atılmır.

Ümumiyyətlə, Ukrayna vətəndaşı olan Saakaşvilinin ekstradisiya tələbinin Gürcüstan hakimiyyəti tərəfindən nə dərəcədə diqqətə alındığı da müzakirə predmetidir. Onun səhhəti ilə bağlı ciddi problemlər olmasına rəğmən, proseslər hələ də davam edir. Qərbin bu məsələyə yanaşması və Rusiyanın proseslərə müdaxiləsi mövcud vəziyyətin yaranmasına səbəb olub. Yalnız bu iki vəziyyət dəyişdikdən sonra Saakaşvilinin Ukraynaya ekstradisiyası və ya sərbəst buraxılması ilə bağlı danışmaq olar.

Elmir Kamal,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*