backend

Türkiyə NATO-nun çətiri altında Qafqaza gəlir

Azərbaycana Qarabağ müharibəsində Türkiyənin əvəzsiz dəstəyi mühüm əhəmiyyət kəsb etdi. Məhz Türkiyə faktoru ölkəmizə qarşı Rusiyanın neytrallığını təmin etdi. Türkiyəsiz bu iş olmazdı. Çünki Türkiyə artıq beynəlxalq nizama təsir edən ölkədir. Rusiya Türkiyənin regionda mövqeyi ilə barışmaq məcburiyyətində qaldı.

Ankaranın Azərbaycana siyasi və hərbi-texniki dəstəyi cəhətdən biz müharibəni həm meydanda udduq,  həm də diplomatik müstəvidə bundan sonra da prosesləri öz lehimizə dəyişə biləcəyik.

Türkiyə sülhməramlı qüvvələrinin Azərbaycana gəlməsi, Qarabağda yerləşməsi Moskvanın əl-qolunun bağlanması deməkdir. Düzdür, Rusiya Dağlıq Qarabağda status-kvonu saxladı. Xankəndidə Arayik Arutyunyanın dırnaqarası rejimi və silahlı erməni birləşmələri qalacaq. Təmas xətti olacaq. Monitorinq mərkəzi onun üçündür ki, indiki vəziyyətdə silahlı erməni birləşmələri tam ləğv edilmir. Azərbaycan buradakı quldur rejimi süpürüb atmaqda qərarlı idi. Dekabrın 1-dən sonra aktiv diplomatik müstəvidə bu məsələnin həlli gündəmə gəlməlidir.

Xankəndidə separatçı rejimin fəaliyyəti müvəqqəti əhəmiyyət kəsb edir.

Qeyd edim ki, Rusiya Ermənistanda və Azərbaycanda öz etimadına zərbə vurdu.

Rusiya Qarabağda sülhməramlı mandatından kənar işlər görməklə, düşünür ki, kiçik bir ərazidə Azərbaycan və Ermənistana təzyiq edəcək.

NATO Türkiyə çətiri altında regiona gəlir. Türkiyə sülhməramlı qüvvələrinin Qarabağda olması Rusiyanın Abxaziya və Cənubi Osetiya presedentinin qarşını ala bilər. Fransanın Dağlıq Qarabağın müstəqilliyini tanımasına gəldikdə isə, Rusiya da bu prosesdə maraqlıdır.

Rusiyanın müdafiə və xarici işlər nazirlərinin Ermənistana səfərinə gəlincə, burada siyasi prosesləri nəzarətdə saxlamaq, həmçinin anlaşmanın yerinə yetirilməsini izləmək əsas məqsəd daşıyır.

Rusiya kiçik bir əraziyə 2 min civarında hərbçi göndərməyi və burada federasiyanın bir neçə bölməsini yaratmağı özünün geosiyasi uğuru hesab edirsə, bu, taktiki gediş də ola bilər. Amma strateji olaraq bununla rəsmi Moskva Cənubi Qafqazda öz dayaqlarını zəiflədir.

Bu muharibədə Azərbaycan strateji cəhətdən parlaq qələbə qazandı. Ərazilərini işğaldan azad etdi. Türkiyə regionda hərbi personalla təmsil olundu. Azərbaycan və Türkiyə müttəfiqliyi ortadadır və Rusiyaya qarşı Azərbaycanın hər hansı bir ciddi yaxınlaşması sadəcə dekorativdir. Prezident İlham Əliyev Türkiyəni qardaş, müttəfiq dövlət adlandırır, həmkarı R.T.Ərdoğana “qardaşım” deyir. Deməli, bununla da Türkiyənin bizim üçün nə qədər önəmli ölkə olduğunu göstərir.

BMT mandatı altında Dağlıq Qarabağda sülhməramlı qüvvələr olmalı idi. Amma şərtlər, reallıqlar buna imkan vermədi. Türkiyə sülhməramlı qüvvələrinin Laçın dəhlizində iştirakının təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirmək lazımdır. Laçın dəhlizində nəzarətimiz olmasa, Ermənistan və Rusiyanın Xankəndi və onun ətrafında erməni qüvvələrini hərbi cəhətdən möhkəmləndirməməsinə heç kim zəmanət verə bilməz.

Rusiya müdafiə naziri S.Şoyqunun səfərinə gəldikdə isə, bu, Türkiyə hərbçilərinin ölkəmizə gəlməsi ərəfəsində onların hansı istiqamətdə yerləşdirilməsini dəqiqləşdirmək üçündür.

Məhəmməd Əsədullazadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*