“Türkiyə Qarabağda hərbi baza qura bilər” – Türkiyəli professorla MÜSAHİBƏbackend

"Türkiyə Qarabağda hərbi baza qura bilər" - Türkiyəli professorla MÜSAHİBƏ

14 mayda Türkiyədə keçiriləcək seçkilər Azərbaycanda da çox yaxından izlənilir.

Üstəlik, bu seçkinin çox böyük əhəmiyyət kəsb etdiyi hamıya məlumdur. Nəzərə alaq ki, eyni gündə həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Ekspertlər hesab edirlər ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 20 illik iqtidarı dövründəki ən güclü müxalifətlə qarşı-qarşıyadır. Çünki ilk dəfə müxalifətin seçkilərdə qalib gəlmə şansı bu qədər real qiymətləndirilir. Yəni Cümhuriyyət Xalq Partiyası (CHP) və onun sədri Kamal Kılıçdaroğlunun ilk dəfə Rəcəb Tayyib Ərdoğan qarşısında qələbə qazanmaq ehtimallarından bəhs olunur. Bir çox amil buna təsir etsə də, fərqli düşünənlər də mövcuddur. Belə ki, əhalinin böyük bir əksəriyyəti də Ərdoğanın yenidən əsas favorit olduğuna inanır.

Hazırda hakimiyyəti təmsil edən “Cümhur İttifaqı” ilə müxalifət partiyalarının koalisiyası olan “Millət İttifaqı” arasında qızğın mübarizə gedir. Hər iki ittifaq istər prezidentlik, istərsə də parlament seçkilərini qazanmaq üçün var güclərilə çalışırlar. Əlbəttə ki, bütün bu proseslər Azərbaycan üçün də olduqca vacibdir. Qeyd etmək lazımdır ki, bəzi ekspertlər Türkiyədə hakimiyyət dəyişikliyi olmasının Azərbaycana mənfi təsir göstərəcəyini və tərəflər arasındakı münasibətlərin əvvəlki kimi olmayacağını iddia edirlər. Lakin bunun nə qədər gerçək olub-olmayacağını indidən demək çətindir.

Bütün bu məsələlərlə bağlı türkiyəli dosent, professor Əli Fuad Gökçə KONKRET.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Əli bəy, Türkiyədə seçkilərə bir aydan da az vaxt qalıb. Bütün partiyalar və ittifaqlar həmlələrini etməyə davam edirlər. Fərqli anket şirkətləri tərəfindən fərqli nəticələr açıqlanır. Bəs siz bütün bu prosesləri yaxından izləyən biri olaraq prezident seçkilərində kimin şanlarını daha yüksək qiymətləndirirsiniz?

– Əslində anket nəticələri sorğuların keçirildiyi yerlərə və iştirak edən insanlara görə fərqlilik təşkil edə bilir. Bununla yanaşı, seçkinin nəticəsi ilə bağlı indidən nə isə demək xətalı olar. Çünki hər gün yeni bir gəlişmə yaşanır. Lakin hazırda Prezident Rəcəb Tayyib Ərdoğan az fərqlə də olsa öndə görünür. Hesab edirəm ki, “Millət İttifaqı”nı dəstəkləyən Xalqlarının Demokratik Partiyasının (HDP) rəsmilərinin açıqlamaları da xalqda mənfi təsir buraxır. Çünki insanlar təhlükəsizliyimizi təhdid edən ünsürlərə qarşı təpkilidirlər. Demək olar ki, Türkiyədə PKK-ya görə hər evdən şəhid çıxıb. Bu səbəblə də Rəcəb Tayyib Ərdoğanın bu mübarizədə öndə olması normaldır.

– Həmçinin, 14 mayda parlament seçkiləri də keçiriləcək. İttifaqlar parlamentdə təmsil olunmaq və üstünlük qazanmaq üçün ciddi səy göstərirlər. Həm “Cümhur İttifaqı”nın, həm də “Millət İttifaqı”nın parlamentdə üstünlüyə yiyələnmək şanslarının olduğundan bəhs edilir. Sizcə, hansı ittifaq parlamentdə üstünlüyə sahib olacaq?

– Türkiyə Böyük Millət Məclisində (TBMM) hansı ittifaqın üstünlüyə sahib olacağı ilə bağlı dəqiq fikir söyləmək üçün çox tezdir. Ancaq “Millət İttifaqı”nın deputatlığa namizədləri olduqca mübahisəlidir. Xüsusilə Sadullah Ərgin kimi CHP seçicilərinin qəbul edə bilməyəcəyi şəxslərin bu partiyanın listəsində yer alması təpki çəkir. Hətta CHP seçiciləri buna çox yüksək səslə etiraz edirlər. Təbii ki, bu da “Millət İttifaqı”nın səs itirməsinə səbəb olur. Sadullah Ərgin kimi keçmişdə FETÖ terror qruplaşması ilə əlaqələrinin olduğu düşünülən insanların deputatlığa namizəd olması böyük və qəbuledilməz bir xəta olaraq görünür. “Cümhur İttifaqı”nın deputatlığa namizədləri arasında isə Hür Dava Partiyasından (HÜDA PAR) olan şəxslərin yer alması təpki çəkir. Xüsusilə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və Milliyətçi Hərakat Partiyasının (MHP) seçiciləri buna etiraz edirlər. Ona görə də parlamentdəki partiyalar arasında böyük fərq olacağını düşünmürəm. Buna baxmayaraq, “Cümhur İttifaqı” az fərqlə də olsa üstünlüyə sahib ola bilər.

– Bəzi ekspertlər iddia edir ki, Türkiyədə hakimiyyət dəyişikliyinin yaşanması Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərəcək. İnkişaf etdirilən ikitərəfli münasibətlərin Rəcəb Tayyib Ərdoğan sonrasında indiki kimi olmayacağı da önə sürülür. Bu deyilənləri necə dəyərləndirirsiniz?

– İqtidar dəyişikliyi olsa belə Türkiyə-Azərbaycan münasibətləri pozulmaz. Hətta bu münasibətləri mövcud vəziyyətdən geriyə aparmaq istəyən hansısa iqtidar olsa, ilk seçkidə çox böyük səs itkisi ilə üzləşər. Çünki Azərbaycan və Qarabağ Türkiyə üçün strateji əhəmiyyətə sahibdir. Üstəlik, Türkiyə ilə Azərbaycan fərqli etnik kökə və fərqli dilə də sahib deyil. Bu iki ölkə qardaşdır. Yəni hansı biri zərər çəksə, o biri də zərər çəkir. Bu səbəbdən də Azərbaycanın təhlükəsizliyi Türkiyənin, Türkiyənin təhlükəsizliyi isə Azərbaycanın təhlükəsizliyidir.

– Son günlərdə Ermənistan Azərbaycana qarşı təxribatlarını yenidən intensivləşdirib. Nikol Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etsə də, əməldə fərqli addımların atılmasının şahidi oluruq. Ötən həftələrdə baş verən təxribatda şəhidlər verdik, əsgərlərimiz əsir götürüldü və bayrağımız yandırıldı. Bu saydıqlarım ardıcıl olaraq qısa müddət ərzində baş verib. Bəs bütün bunların davam etməsinin Türkiyə-Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasına təsiri necə olacaq?

– Hazırkı Ermənistan hakimiyyəti ölkəsinə və xalqına xəyanət edir. Ümumiyyətlə, Ermənistan və Azərbaycanın sülh şəraitində yaşamağı erməni xalqının rifahı, iqtisadi vəziyyəti, sosial və siyasi cəhətdən inkişaf etməsi üçün olduqca vacibdir. Lakin Ermənistan hakimiyyəti imperialist ölkələrin təhriki ilə belə siyasət həyata keçirir və bu təxribatları törədir. Onlar unutmamalıdır ki, Azərbaycan Türkiyə üçün çox önəmlidir. Əgər Ermənistan belə davam etsə, Türkiyə təpki göstərəcək və düzəlməyə başlayan ikitərəfli münasibətlər yenidən pozulacaq.

– Azərbaycan xalqı Türkiyə Ordusunun Qarabağa gəlməsini və ölkəmizdə Türkiyənin hərbi baza qurmasını çox istəyir. Vətəndaşlarımız bunun baş verməsini necə istədiklərini hər fürsətdə dilə gətirirlər. Regiondakı təhdidlərin artması fonunda bu addımların atılması gündəmə gələ bilərmi?

– Türkiyə Azərbaycanı hər zaman hərbi və siyasi olaraq dəstəkləyib. İkinci Qarabağ müharibəsində də bu dəstəyi gördük. Əgər Ermənistan təxribatlarına davam etsə, Türkiyə Azərbaycana meydanda öz dəstəyini verəcək. Lazım gəlsə, Türkiyə Qarabağa əsgər də göndərəcək. Çünki Azərbaycanın təhlükəsizliyi Türkiyə üçün olduqca önəmlidir. Tərəflərin həm qardaş, həm də strateji müttəfiq olduğunu unutmaq olmaz. Ona görə də Azərbaycana qarşı heç bir hücum qəbul edilə bilməz. Hətta ermənilər hücumlarını artırsa, Türkiyə Qarabağda hərbi baza da qura bilər. Türkiyənin bu addımı isə Ermənistanın üzərində psixoloji təzyiq yaradar. Düşünürəm ki, Ermənistan Türkiyəni qarşısına almaq istəməz.

Pərviz Kamal,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*