Türkiyə Yunanıstanın Krit adasının cənubunda karbohidrogenlərin kəşfiyyatı ilə bağlı “Chevron” şirkəti ilə imzaladığı razılaşmaya etiraz edib.
KONKRET.az xəbər verir ki, Ankara bu addımın beynəlxalq hüquqa və mehriban qonşuluq prinsiplərinə zidd olduğunu bildirib.
Türkiyənin Müdafiə Nazirliyinin açıqlamasına görə, fəaliyyət 2019-cu ildə Türkiyə ilə Liviya arasında imzalanmış dəniz yurisdiksiyası memorandumu pozularaq həyata keçirilir. Rəsmi Ankara vurğulayıb ki, işlər birbaşa Türkiyənin kontinental şelfinə aid olmasa da, Liviyanın BMT-də bəyan etdiyi dəniz hüquqlarını pozur.
Türkiyə həmçinin Liviyanı Yunanıstanın “birtərəfli və qanunsuz addımlarına” qarşı dəstəkləməyə davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, Yunanıstanın “Chevron”la razılaşması ölkənin qaz kəşfiyyatı üçün dəniz sahələrini genişləndirir və Avropa İttifaqının Rusiyadan enerji asılılığını azaltmaq strategiyası ilə əlaqələndirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
