Son vaxtlar NATO-ya üzvlük prosesi səbəbiylə gərginliyin yaşandığı Ankara-Stokholm xəttində daha bir iddia irəli sürülüb.
KONKRET.az xəbər verir ki, İsveçin Aftonbladet qəzeti bir müddət əvvəl Stokholmun Ankaraya ötürdüyü çox məxfi kəşfiyyat məlumatlarının cinayətkarların əlinə keçdiyini iddia etmişdi.
Qəzet “Kürd Tülkü” ləqəbi ilə tanınan Rawa Məcid mafiyası ilə bağlı məlumatı açıqlayıb. Məcidin tutulmasına kömək etmək üçün Türkiyə dövlət orqanlarına göndərilən məlumat cinayət şəbəkəsi üzvünün mobil telefonunda aşkar edilib.
İsveç polisi bu sızıntını ölkələr arasında məlumat mübadiləsi ilə bağlı etibarın və qaydaların pozulması kimi şərh edib. Məsələ ilə bağlı danışan İsveçli bir səlahiyyətli, deyib:”Yəqin ki, məlumat Türkiyədə naməlum bir məmur tərəfindən sızdırılıb”.
Məlumatın cinayət təşkilatının əlinə 2022-ci ildə keçdiyi müəyyən edilib.İsveç hökuməti kəşfiyyat məlumatlarının Türkiyəyə ən yüksək səviyyədə çatdırıldığını, sənədlərin “İlan əməliyyatı” çərçivəsində hazırlandığını bildirib.
Sənədlərdə Türkiyənin Məcidin həbsinə şərait yaradacaq məlumatların olduğu bildirilsə də, cinayət şəbəkəsi ilə bağlı müfəssəl məlumatların olduğu da qeyd edilib.
Həmçinin bildirilib ki, sənədlər İsveçdə tutulan cinayətkarın mobil telefonunda tapılıb.
“Bu cür məlumatların onlara çatması yaxşı hal deyil”, – deyə mənbə Aftonbladet-ə bildirib.
İnterpol tərəfindən qırmızı bildirişlə axtarışa verilən Məcid ötən ilin aprelində Marmarisdə tutulub. Türkiyə onun ekstradisiyasını tələb edən İsveçə mənfi cavab verib.
Qeyd edək ki, Məcid bu hadisədən az sonra Türkiyə vətəndaşı olub və sərbəst buraxılıb.
Ariz Həsənoğlu,
KONKRET.az