BMT Baş Assambleyasında Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Kiyev “bütün ərazilərini ilkin sərhədlər daxilində qaytara bilər”.
KONKRET.az-ın xəbərinə görə, Financial Times yazır ki, ukraynalı siyasətçilər, hərbçilər və ekspertlər bu açıqlamanı boş vədlər kimi qiymətləndirib. Onların fikrincə, Trampın sözlərində konkret iqtisadi və ya hərbi dəstək görünmür.
Müxalif “Qolos” partiyasından deputat Yaroslav Jeleznyak bildirib:
“Trampın bugünkü açıqlamalarında bizim üçün yeni nə var? Heç nə. Gözlənilən dəstək nə olacaq? Yenə də heç nə”.
Politoloq Vladimir Fesenko isə xəbərdarlıq edib: “Tələsik nəticə çıxarmayaq. Trampı yaxşı tanıyırıq, onun kəskin əhval dəyişikləri və mövqelərdə tez-tez dönüş etməsi adi haldır”.
Ukraynalı hərbi bloqçu, leytenant Aleksandr isə yazıb: “Rusiyanın iqtisadiyyatı dağılır deməsi bizi həyəcanlandırmamalıdır. Tramp bunu artıq dəfələrlə deyib və sözlərinin çəkisi yoxdur”.
Bəzi ekspertlər bu bəyanatı Ukraynaya real dəstək yox, daha çox Putinə verilmiş xəbərdarlıq və taktiki gediş kimi qiymətləndirirlər.
Müşviq Tofiqoğlu
KONKRET.az