Azərbaycanın paytaxtında keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Ukrayna nümayəndə heyəti tərəfdaşlarla yaşıl transformasiya və iqtisadi artım üzrə işləyəcək.
KONKRET.az ölkənin Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk “Ukrayna – COP29 İqlim Konfransında” forumunda deyib.
“Tammiqyaslı müharibəyə baxmayaraq, biz dünyaya iqlim dəyişiklikləri ilə bağlı hökumət siyasətindəki dəyişikliklər barədə məlumat verə bilərik. İqlim Çərçivə Qanunu təsdiq edilib. O, 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq məqsədimizi qarşıya qoyub. Bu, Avropa İttifaqının özü üçün müəyyən etdiyi müddətlərə uyğundur. Bu o deməkdir ki, biz yaşıllığın bərpası və layihələrimizin maliyyələşdirilməsi yolunda mövqeyimizi gücləndiririk”, – deyə S.Qrinçuk bildirib.
Nazirin sözlərinə görə, Bakıda keçirilən COP29-un mövzusu iqlim gündəmində gənclərin roludur. Keçən il COP28 zamanı Ukrayna Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti üzrə Beynəlxalq Bəyannaməyə qoşuldu və indi bu istiqamətdə işi gücləndirəcək.
KONKRET.az