“Ümid edək ki, Putin-Bayden görüşündən sonra Rusiya sülhməramlılarının davranışları dəyişəcək…”backend

“Ümid edək ki, Putin-Bayden görüşündən sonra Rusiya sülhməramlılarının davranışları dəyişəcək...”

“Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə onun qısa zaman kəsiyində Zəngəzur dəhlizi ilə bağlı layihələrin həyata keçirilməsinə razılıq verəcəyi istisna deyil. Paşinyanın özünün sonrakı aqibəti də həmin layihələrə razılıq verib-verməməsindən əhəmiyyətli dərəcədə asılı olacaq”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistandakı seçkilər öncəsi durumdan danışan politoloq  Elşən Manafov ifadə edib.

“Həm də Paşinyan erməni müxalifətindən fərqli olaraq bu layihələrin həyata keçməsinə imza atmış tərəfdir. Yəni istər Rusiya, istərsə də Azərbaycan dövləti qarşısında siyasi və hüquqi məsuliyyət bütün hallarda onun üzərindədir.  Və bu mənada hələlik parlament seçkilərinin yaratmış olduğu reallıqlar Paşinyana bu məsələdə daha operativ və Ermənistanın maraqlarına cavab verə biləcək addımlar atmağa imkan vermir. O, çəkinir ki, onsuz da erməni müxalifəti müharibədəki məğlubiyyətə görə onu suçlayır. Və bu halda müxalifət  Paşinyanın növbəti dəfə güzəştə getmək istəməsini və bununla bağlı addımlar atmasını onun erməni dövləti və xalqının maraqlarına xəyanəti kimi qəbul edəcək və bundan siyasi dividentlər əldə etməyə çalışacaq. Ona görə də Paşinyan parlament seçkiləri ərəfəsində özünün  əsas opponentlərinin xeyrinə işləyə biləcək bu faktorların işlək vəziyyətə gətirilməsinə heç bir vəchlə yol vermək istəməz”- söhbətinin davamında bunları söyləyən şərhçi,  Robert Köçəryan və ya Serj Sərkisyan tərəfdarlarının timsalında Qarabağ klanının iqtidara gələ bilməsi variantından da bəhs edib.

“Qarabağ klanı təmsilçilərinin hakimiyyət başına gələcəyi təqdirdə vəziyyətin necə dəyişəcəyinə gəldikdə,  sadəcə olaraq onu nəzərə almaq gərəkdir ki, müharibəyə qədər həmin klanın erməni seçiciləri qarşısındakı  reytinqi kifayət qədər aşağı düşmüşdü.  Paşinyanın iqtidara gəlməsində əsas amil də  məhz Qarabağ klanının korrupsiyaya uğraması, Ermənistan dövlətçiliyi üçün yaratmış olduğu problemlər idi. O zaman ilbəil deyil, aybaay Ermənistandan köçün, miqrasiyanın miqyası güclənirdi, erməni iş adamları, ölkənin sadə vətəndaşları özlərinin maddi durumuyla bağlı problemlərini həll etmək üçün miqrasiya etmək məcburiyyətində qalırdılar. Bu da, təbii ki, məhz Qarabağ klanının həyata keçirdiyi siyasətin nəticəsinə bağlı idi. Amma 44 günlük müharibə yeni bir ovqat yaratdı Ermənistanda. Ermənistan müxalifəti də gözəl başa düşür ki, müharibədə uduzmuş  bir ölkədə millətçilik, qisasçılıq ruhu baş qaldırır.  Və  bu ab-havadan bəhrələnən müxalifətin, o cümlədən Qarabağ klanına daxil olan Köçəryan və Sərkisyanın siyasəti də erməni xalqı və dövlətinin maraqlarına deyil, özlərinin korporativ maraqlarına xidmət edir. Amma məsələ ondadır ki, onların hakimiyyətə gəlməsi əslində bölgədə kökə və qamçı siyasəti yeridən  Rusiyanın  maraqlarına  cavab verməyə də bilər”.

Politoloq  regiondakı maraqları baxımından Azərbaycanla münasibətlərə önəm verən Rusiyanın münaqişənin yenidən alovlanmasına şərait yarada biləcək Qarabağ klanı nümayəndələrinin Ermənistanda iqtidara qayıdışında maraqlı olmadığı fikrini də ifadə edib.

“Hal-hazırda  Moskva Azərbaycanla ikitərəfli münasibətlərə böyük önəm verir.  Rusiya Azərbaycanı Avrasiya İqtisadi Birliyində görmək istəyir.  Hətta bu ölkənin Xarici İşlər nazirinin müavini Azərbaycanı KTMT-də də görməkdən məmnun olacaqlarını bəyan edir. Bu da Kremlin maraqları baxımından anlaşılandır. Azərbaycanın həmin hərbi bloka qoşulması Rusiyanın postsovet məkanına və yaxın regiona təsir imkanlarının artmasına səbəb ola bilər. Amma təbii ki, bu, indiki reallıqlar şəraitində mümkün də deyil. Çünki əvvəla, Azərbaycan bloklara qoşulmayan dövlətlərin sırasındadır. Digər tərəfdən, KTMT-nin qüvvədə olan nizamnaməsinə görə bu təşkilata üzv dövlətlər arasında diplomatik münasibətlər olması vacibdir. Amma məlum olduğu kimi, bu günədək təcavüzkar Ermənistanla belə münasibətlər qurmamız mümkün deyil. Bu, yəqin ki, yaxın perspektivdə də baş tutmayacaq. Bundan əlavə, Azərbaycan NATO ilə sülh naminə tərəfdaşlıq proqramına qoşulmuş dövlətdir. Bununla  belə, Bakı NATO ilə münasibətlərdə də subordinasiyanı qoruyur. Baxmayaraq ki, qardaş Türkiyə də NATO üzvüdür. Odur ki, Azərbaycan özünü “Rus NATO”sunda görmür və yəqin ki, yaxın gələcəkdə də görməyəcək. Amma bütün hallarda Rusiya Azərbaycanla münasibətlərə böyük önəm verir”.

Həmsöhbətimiz  Rusiyanın  Azərbaycanla münasibətlərdə yarana biləcək hər hansı bir xətadan Qərbin yararlana biləcəyini yaxşı anladığını da vurğulayıb.

“Rəsmi Bakı ilə münasibətlərdə yarana biləcək hər hansı problem  Moskvanın bölgə ilə bağlı maraqlarını da sual altında qoya bilər. Təbii ki, Qərb bundan dərhal yararlanmağa çalışacaq. Rusiya bunu gözəl başa düşür.  Çünki Azərbaycan onsuz da Qərbin enerji təhlükəsizliyində önəmli rol oynayan dövlətdir. Beynəlxalq terrorçuluqla mübarizədə Qərbin yanında yer alır.  Və əlbəttə, Rusiya da anlayır ki, Azərbaycan özünün çoxvektorlu siyasəti ilə ilk növbədə özünün milli təhlükəsizlik maraqlarına və eyni zamanda bölgədə sülh və dayanıqlı sabitliyə xidmət edir.  Ümumiyyətlə, böyük pullar, böyük kapital daim sakitliyi xoşlayır. Bunu Qərb də, Rusiya da yaxşı başa düşür. Ona görə də bölgədə hər hansı bir yeni münaqişə buraya böyük investisiyaların yatırılması və əldə edilmiş razılıqlar üçün problemlər yarada bilər. Bu da Rusiyanın da maraqlarına cavab vermir.  Hazırda Kremlə Qafqazda yeni problemlər lazım deyil. Onsuz da Gürcüstanla münasibətlərdəki problemlər Rusiyanın Güney Qafqazda kifayət qədər aktiv siyasət yeritməsini əngəlləyir. Bu mənada Azərbaycanla münasibətlərdə yarana biləcək hər hansı bir xəta, təbii ki, Moskvanın xeyrinə olmaya bilər. Bunu Putin iqtidarı da gözəl başa düşür. Odur ki, Kremlin Ermənistandan daha çox Azərbaycanla münasibətlərə önəm verəcəyi birmənalldlr.  Düzdü, təəssüf ki, Qarabağdakı Rusiya sülhməramlılarının bəzi davranışlarında onların qanunvericiliklə təsbit olunmuş  missiyasına uyğun olmayan hallar da özünü büruzə verir. Ümid edək ki, Ermənistandakı seçkilərdən və ən əsası,  iyunun 16-da Putinlə Bayden arasında əldə ediləcək razılıqlardan sonra biz Qarabağdakı Rusiya hərbi kontingentinin  hərəkətlərində əvvəlki neqativ amilləri  görməyəcəyik” –deyə Elşən Manafov bildirib./Moderator.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*