Azərbaycanda unun topdansatış qiymətlərində artım qeydə alınıb. Yeni müəyyənləşmiş qiymətlərə əsasən, 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 26,20 manatdan başlayaraq 28,40 manata qədər yüksəlib.
Əvvəlki dövrlə müqayisədə həm minimum, həm də maksimum qiymət 40 qəpik artıb. Belə ki, minimum qiymət 25,80 manatdan 26,20 manata, maksimum qiymət isə 28 manatdan 28,40 manata çatıb. Qiymət fərqləri ölkədə fəaliyyət göstərən müxtəlif un istehsalçılarının məhsullarına görə dəyişir.
Maraqlıdır, unun topdansatış qiymətinin artması çörəyin pərakəndə qiymətinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, unun topdansatış qiymətinin artması birbaşa olaraq çörəyin pərakəndə qiymətinə təsir göstərir:
Akif Nəsirli
“Un çörək istehsalının əsas xammalıdır. Əgər unun qiyməti artırsa, çörək istehsalçılarının xərcləri də yüksəlir. Bu halda istehsalçılar artan xərcləri kompensasiya etmək üçün çörəyin pərakəndə satış qiymətini artırmağa meyilli olurlar.”
İqtisadçının sözlərinə görə, bu təsir bazarda rəqabətin səviyyəsindən və dövlətin qiymət tənzimləməsindən asılı olur:
“Əgər bazarda çox sayda çörək istehsalçısı varsa, qiymət artımı məhdud olar. Digər tərəfdən, dövlət subsidiyaları və ya qiymət tənzimləməsi mexanizmləri də çörəyin bahalaşmasının qarşısını ala bilər.”
Akif Nəsirli qeyd edib ki, qiymət artımı yüksək olarsa, bəzi istehlakçılar daha ucuz alternativlərə üz tutar, bu da istehsalçıları qiymət artımını məhdudlaşdırmağa məcbur edər.
Ümumilikdə, ekspert hesab edir ki, unun topdansatış qiymətindəki artım çörəyin pərakəndə qiymətinə də müəyyən təsir göstərəcək, lakin bu təsirin miqyası bazar şəraiti və dövlətin müdaxiləsindən asılı olacaq.
Aynurə İsmayıl
KONKRET.az