Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi daim aktual müzakirə mövzularından biri olaraq qalır. Xüsusilə, ünvanlı dövlət sosial yardımının verilməsi qaydaları ilə bağlı mövcud prosedurların mürəkkəbliyi zaman-zaman ictimai narazılıqlara səbəb olur və yardımın həqiqi ehtiyac sahiblərinə çatdırılması məsələsini yenidən gündəmə gətirir. Bəs ünvanlı sosial yardımın şərtlərinin sadələşdirilməsi sosial dəstəyin daha effektiv və əlçatan olmasına imkan yarada bilərmi?
Mövzu ilə bağlı deputat Fazil Mustafa KONKRET.az-a açıqlamasında bildirib ki, ünvanlı sosial yardım bir sıra ailələr üçün əsas yaşayış mənbəyidir və bu səbəbdən prosedurların sadələşdirilməsi zəruridir.

“Bu yardımdan həyatı asılı olan insanlar var. Hər rayonda həmin kateqoriyaya aid edilə biləcək şəxsləri yerli qurumlar vasitəsilə müəyyən etmək mümkündür. İcra hakimiyyətlərində ən yoxsul və imkansız ailələr artıq qeydiyyata alınıb və onların təsnifatı aparılıb”.
F.Mustafa qeyd edib ki, əsas məsələ bu məlumatların daha sistemli şəkildə araşdırılması və real ehtiyac sahibi olan insanların dəqiq müəyyənləşdirilməsidir.
“Sosial yardım sahəsində məhdudlaşdırıcı yanaşmanın davam etməsi imkansız ailələrin problemlərini dərinləşdirə və sosial gərginliyi artıra bilər.
Dövlətin sosial siyasətində prioritet istiqamətlərdən biri məhz ehtiyacı olan vətəndaşların vaxtında müəyyənləşdirilməsi və onların sosial təminatının gücləndirilməsi olmalıdır. Bu baxımdan ünvanlı sosial yardım mexanizminin sadələşdirilməsi həm sosial ədalətin təmininə, həm də cəmiyyətin rifahına müsbət təsir göstərər”.
Aynurə İsmayıl
KONKRET.az
