Vasif Talıbovu bitirəcək araşdırmabackend

Vasif Talıbovu bitirəcək araşdırma

“Bu gün Naxçıvan Muxtar Respublikasında ən aktual sahələrdən biri tikintidir. Bu günə qədər mövcud olan tikintilərin keyfiyyəti qaneedici olmadığına görə müvəqqəti olaraq bu sahədə işlər dayandırılıb”.

KONKRET.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mətbuata müsahibəsində belə deyib.

F.Nəcəflinin sözlərinə görə, 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramını təsdiq edib: “Bu proqram çərçivəsində 2023-cü ilin son 4 ayı ərzində icra olunması nəzərdə tutulan layihələrin hamısı tenderlər vasitəsilə həyata keçirilməyə başlayıb. Layihələrin tətbiqi, əsaslandırılması üzərində iş gedir. Artıq 2024-cü ilin mart-aprel aylarından başlayaraq Naxçıvan Muxtar Respublikasında tikinti işlərinə geniş vüsət veriləcək və olduqca böyük infrastruktur layihələri icra olunacaq”.

Prezidentin səlahiyyətli nümayəndəsi başa çatmaqda olan ili ümumilikdə müsbət qiymətləndirib: “Həyata keçirilən islahatlar nəticəsində Naxçıvanda həm iş adamları, həm ümumi əhali üçün rahat, sərbəst mühit formalaşdırılıb. İnsanlar hər bir sahədə sərbəst düşünə, sərbəst hərəkət edə bilirlər. Mən keçən illərin təhlilini aparmaq fikrində deyiləm. Amma, ümumilikdə bütün qərarlar artıq kollegial əsaslarla qəbul olunur.

Naxçıvan şəhəri və ümumilikdə, Naxçıvan Muxtar Respublikası 2023-cü ildə 40-dan çox tədbirə ev sahibliyi etdi. Prezidentin müvafiq sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan olunmasına uyğun olaraq həm də bu istiqamətdə tədbirlər keçirildi.

Bu il Naxçıvan həm də çox maraqlı, olduqca əhəmiyyətli bir görüşə ev sahibliyi etdi. Naxçıvanda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirildi, eləcə də ayrı-ayrı nazirlərin iştirakı ilə hökumətlərarası görüşlər oldu. Bu da hər iki dövlətin gələcək perspektivlərini müəyyənləşdirmək naminə növbəti bir mərhələnin başlanğıcı kimi çox əhəmiyyətli idi. Ümumilikdə, 2023-cü il təkcə Naxçıvan Muxtar Respublikası üçün deyil, Azərbaycan üçün kifayət qədər yaddaqalan, şanlı bir tarix oldu. Çünki biz bu il Azərbaycan Respublikasının bütün ərazilərində öz suverenliyimizi bərpa etmişik. Haqlı olaraq qürurla, fəxrlə bunu həmişə yadda saxlamalıyıq.

Fuad Nəcəfli Prezident Naxçıvanda səfərdə olarkən dediyi fikri yada salıb: “Prezident dedi ki, Naxçıvanın qazı, nefti olmasa da, günəşi var”. Buna uyğun olaraq da Naxçıvanın “yaşıl enerji” sahəsində aparıcı qüvvə olması hədəflənir. Naxçıvanda günəşli günlərin sayı olduqca çoxdur, ərazilərimizdə külək resursları var. Ümumilikdə, “yaşıl enerji”yə keçidlə bağlı layihələr artıq işlənilib. Aparıcı şirkətlərlə ilkin memorandumlar bağlanılıb. Hazırda layihələrin icrası ilə bağlı işçi layihələr hazırlanır. 2024-cü ilin ikinci yarısında bu layihələrin icrasının şahidi olacağıq”.

Qeyd edək ki, tikintilərin dayandırılması bir sıra sahələrə təsir edib. Məsələn, Babək rayonunda qum və çınqıl karxanaları öz fəaliyyətlərini dayandırıb. Buna səbəb Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qum-çınqılın çıxarılmasına və daşınmasına qoyduğu qadağa olduğu bildirilir. Rayonda fəaliyyət göstərən kərpic sexlərinin də fəaliyyətinin dayandırması haqda mediada xəbərlər vardı. Tikintilərin dayandırılması ilə bağlı yaranan problemə aydınlıq gətirmək üçün bir qrup jurnalist bu ayın ortasında Naxçıvanda olub, vəziyyətlə yerində tanış olub.

Aydın olub ki, bir çox obyektlərin, o cümlədən, Naxçıvan Dövlət Universitetinin rektorluq binası, Naxçıvan Texnologiyalar Parkı, Duz İstehsalı Zavodu və digər obyektlər nəzərdə tutulan vaxtda və keyfiyyətdə inşa olunaraq sifarişçi qurumlara təhvil verilməyib. Həmçinin bəzi istismara verilən obyektlərdə, o cümlədən 14 nömrəli məktəbdə, Hərbi Hospitalda sonradan ciddi problemlər yaranıb. Naxçıvan şəhərinin ən böyük təhsil müəssisələrindən olan 14 nömrəli tam orta məktəbin binası 2007-ci ildə tikilib təhvil verilib. Lakin üzərindən bir müddət keçəndən sonra məktəb binasında problemlərin olması üzə çıxıb. Məktəb rəhbərliyinin sözlərinə görə, dərs zamanı şagirdlər silkələnmə hiss ediblər. Daha sonra valideynlərin tələbi üzrə binada yoxlama aparılıb və tikinti zamanı normaların ciddi şəkildə pozulduğu aydınlaşıb. Hazırda tikintisi dayandırılan obyektlərdən biri də Naxçıvan Dövlət Universitetində rektorluq üçün nəzərdə tutulan keçmiş Hərbi Hospitalın binasıdır. 105 yaşlı bina restavrasiya edilməli olsa da, binanın mövcud vəziyyətindən heç nə saxlanmayıb. İkimərtəbəli binaya qanunsuz olaraq üçüncü mərtəbə artırılıb. Muxtar Respublikanın yeni rəhbərliyi Fövqəladə Hallar Nazirliyinə müraciət edərək binanın vəziyyəti haqda rəy istəyib. Mütəxəssislər baxış keçirdikdən sonra tikilinin məhdud işlək və yararsız olduğunu ortaya çıxarıblar. Rəydə binanın sökülməli olması da əksini tapıb. Binadakı üçüncü mərtəbə isə 2 il əvvəl Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Komitənin tərkibində yaradılan “Naxçıvan Tikinti” tərəfindən inşa olunub. Hazırda binanın sifarişçisi və tikintini həyata keçirənlərə qarşı Muxtar Respublika Prokurorluğunda cinayət işi açılıb, işlə bağlı istintaq davam edir. Qədim binada problem tək üçüncü mərtəbənin əlavə edilməsi deyil. Burada tikinti keyfiyyəti normaları da ciddi surətdə pozulub. (mənbə “Qafqazinfo”)

Daha bir problemli obyekt Naxçıvan Duz İstehsalı Zavodudur. İl yarımdır fəaliyyətsiz qalan zavodda problem həm tikinti, həm də təchiz edilən avadanlıqların keyfiyyətsiz olması ilə bağlıdır. Zavodun ümumi inşasına və avadanlıqların alınmasına 6.7 milyon manat vəsait sərf edilib. Layihənin sifarişçisi Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura İdarəsi, icraçısı isə “Arkoz” İnşaatdır. Zavodun fəaliyyəti natamam olduğu üçün təhvil götürülməyib.

Naxçıvan Dövlət Universiteti üçün 2018-ci ildə tikintisinə başlanılan Texnologiyalar Parkı da belə binalardandır. Texnoparkın tikintisinə ötən 5 il ərzində dövlət büdcəsindən milyonlar ayrılıb. Tikinti şirkəti ayrılan vəsaiti xərcləyib bitirsə də, iş görülməyib.

Bildirilir ki, hazırda Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən bir sıra köhnə binalarda, həmçinin layihədən kənaraçıxma halları olan yeni binalarda müayinələr aparılır. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda sadalanan faktlarla bağlı araşdırma aparılır.

Aydındır ki, Vasif Talıbov bu tikililər üçün ayrılmış pulların mənimsənilməsinə görə məsuliyyət daşıyır. O səbəbdən bütün muxtar respublikanı əhatə edən araşdırma sabiq Ali Məclis sədrinə Yeni ildə yaxşı perspektiv vəd etmir.“Yeni Müsavat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*