Vaşinqton səfəri: İlham Əliyevin diplomatik şahmat qələbəsi və Azərbaycanın yeni strateji mərhələsibackend

Vaşinqton səfəri: İlham Əliyevin diplomatik şahmat qələbəsi və Azərbaycanın yeni strateji mərhələsi

ABŞ-a tarixi səfər yalnız iki ölkə arasındakı münasibətlərin yeni səhifəsinin açılması deyil, həm də illərdir davam edən və Azərbaycanı zəiflətməyə yönəlmiş beynəlxalq təzyiq siyasətinin açıq iflası oldu. Bayden–Blinken Administrasiyası, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti və digər beynəlxalq aktorların Azərbaycana qarşı yürüdülən təzyiqləri, qara kampaniyaları, sanksiya hədələri və diplomatik təzyiqlər uğursuzluğa düçar oldu.

Bu proseslərdə əsas məqsəd Azərbaycanı müəyyən güzəştlərə məcbur etmək, milli maraqlarından geri çəkilməyə vadar etmək, regionda balansı pozmaq və geosiyasi üstünlükləri qlobal güclərin əlində saxlamaq idi. Lakin Vaşinqtonda Prezident İlham Əliyev göstərdi ki, Azərbaycan siyasəti heç vaxt xarici təzyiqlərin təsiri altında olmayacaq, dövlət maraqları və milli suverenlik hər şeydən üstün tutulur.

Səfər zamanı İlham Əliyevin ortaya qoyduğu prinsipial mövqe, siyasi qətiyyət və diplomatik çeviklik təkcə Azərbaycan xalqının deyil, regionun taleyini müəyyən edən güclü siyasi iradənin göstəricisi oldu. O, Azərbaycanı zərərsizləşdirmək cəhdlərinə, qarayaxma kampaniyalarına və hədələrə qarşı qətiyyətlə dayandı. Görüşlərdə Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər aydın oldu: heç bir xarici güc Azərbaycanın daxili işlərinə müdaxilə edə və milli maraqlarından geri çəkilməyə məcbur edə bilməz.

Bu səfər, həmçinin, Azərbaycanın xarici siyasətinin çoxvektorlu strategiyasının parlaq təsdiqi oldu. İlham Əliyev həm ABŞ-la strateji dialoqu möhkəmləndirir, həm də Rusiya, Çin və digər regional güclərlə tarazlı əlaqələr qurur. Bu, Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biridir – müxtəlif qlobal aktorlarla qarşılıqlı faydalı münasibətləri qoruyub saxlamaq.

Vaşinqton səfəri sayəsində Azərbaycanın regional və beynəlxalq rolu daha da gücləndi. Prezident İlham Əliyevin sərgilədiyi qətiyyətli liderlik və prinsipiallıq mesajı həm regionda, həm də dünya səhnəsində diqqətlə qarşılandı. Artıq Azərbaycanın Cənubi Qafqazda əsas söz sahibi olduğu bir daha təsdiqləndi.

Səfərin digər mühüm tərəfi ondan ibarətdir ki, Azərbaycan Prezidenti bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atdı. Rəsmi Bakının müharibə və konfliktlərə son qoymaq, iqtisadi əməkdaşlıq və təhlükəsizliyi artırmaq məqsədi ilə apardığı diplomatik fəaliyyət həm ölkənin, həm də regionun inkişafına təkan verir.

Dünən təzyiq dilində danışanlar, bu gün yeni reallıqları qəbul etməyə məcburdurlar. Bu reallıqda Azərbaycan öz mövqeyini gücləndirib, heç bir xarici gücün təsiri altında qalmadan, milli maraqlarına sadiq qalaraq regionda önəmli rol oynayır.

İlham Əliyevin bu səfəri Azərbaycanın gələcək siyasətinə güclü zəmin yaratdı. O, həm daxildə həm də beynəlxalq arenada öz nüfuzunu artırdı, siyasi strateji kursunu möhkəmləndirdi. Vaşinqtonda əldə olunan razılaşmalar və tərəflərin mövqeləri, Azərbaycanın diplomatik qələbəsi kimi tarixə düşəcək.

Bu səfər Azərbaycan üçün diplomatik şahmat oyunu idi və İlham Əliyev bu oyunda usta kimi addım-addım irəlilədi. Onun siyasi iradəsi, milli maraqlara bağlılığı və güclü liderliyi sayəsində Azərbaycan dünyada yeni mövqeyə sahib oldu.

Beləliklə, ABŞ-a səfər sadəcə görüşlərdən, razılaşmalardan ibarət deyil, həm də Azərbaycanın xarici siyasətində yeni bir dövrün başlanğıcıdır. Bu dövrdə Azərbaycan qlobal siyasətdə öz yerini daha da möhkəmləndirəcək, regional liderliyini artıracaq və milli maraqlarını maksimum səviyyədə müdafiə edəcək.

KONKRET.az-ın ANALİTİK QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*