Venesuela prezidenti Nikolas Maduro ABŞ ilə uzun müddətdir dayandırılan dialoq prosesini yenidən başladacaqlarını bəyan edib.
KONKRET.az xəbər verir ki, həftəlik mətbuat konfransında gündəmi dəyərləndirən Maduro ABŞ hökuməti ilə dialoq prosesini 3 iyul yenidən başlayacaqlarını bildirib.
Maduro deyib ki, “ABŞ hökumətindən danışıqların və birbaşa dialoqun yenidən başlaması üçün iki ay müddətində təkliflər aldım. Sözün açığı, iki ay düşündükdən sonra bu təklifi qəbul etdim. Gələn çərşənbə günü danışıqlara başlayırıq”.
Venesuelanın danışıqlar üzrə nümayəndəsi Miranda əyalətinin qubernatoru Hektor Rodriges olacaq: “Bu yeni danışıqlar mərhələsində ABŞ Qətərdə imzalanan razılaşmalara əməl etməli və dialoq şərtlərini manipulyasiya etmədən yerinə yetirməlidir”.
Maduro ölkəyə tətbiq edilən iqtisadi embarqoları xatırladıb: “Dialoq istəyirəm, anlaşma istəyirəm. Sanksiyaların aradan qaldırılması lazımdır, Venesuelanın mütləq suverenliyinə və müstəqilliyinə hörmət edilməsini istəyirəm”.
Maduro vurğulayıb ki, venesuelalılar sanksiyalara görə ölkəni tərk etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, ABŞ-dan yüksək səviyyəli nümayəndə heyəti ilk dəfə 2022-ci ilin martında Maduro hökuməti ilə görüşlər keçirib və bu görüşlərin bir neçə dəfə mətbuata qapalı keçirildiyi üzə çıxıb. ABŞ uzun illərdir müxtəlif səbəblərdən Venesuelaya iqtisadi embarqo qoyur.
Rəsmiyyə Şərifova,
KONKRET.az