ABŞ-ın vitse-prezidenti J. D. Vens Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyana sülh prosesinə verdikləri töhfəyə görə təşəkkür edib.
KONKRET.azxəbər verir ki, Vens çıxışı zamanı bildirib ki, ötən həftə hər iki ölkənin lideri ilə görüşüb və onların nümayiş etdirdiyi siyasi iradə yüksək qiymətləndirilməlidir.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərlərinin əməkdaşlığa açıq mövqeyi regionda sabitliyin və inkişafın əsas şərtidir:
“Biz sizin tərəfdaşlığınıza görə minnətdarıq. Xüsususilə, ötən həftə görüşdüyüm Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri haqqında danışmaq istəyirəm. Bu prosesi mümkün edən hər kəsə təşəkkür edirəm. Siz həqiqi liderliyin nəyə qadir olduğunu göstərdiniz.”
Vens vurğulayıb ki, münaqişə və qarşıdurmadan imtina edərək xalqların rifahına yatırım etmək böyük uğurlara yol aça bilər:
“Silahları, qətlləri və dağıntıları kənara qoyub insanlara və firavanlığa sərmayə qoyduqda, bu, böyük nailiyyətlərə gətirib çıxara bilər. Siz bunu sübut etdiniz. Buna görə də hər ikinizə gördüyünüz işlərə görə təşəkkür edirəm.”
ABŞ vitse-prezidentinin bu açıqlaması beynəlxalq mediada sülh prosesinə verilən dəstək kimi qiymətləndirilib. Ekspertlərin fikrincə, Vaşinqtonun bu mövqeyi Cənubi Qafqazda davamlı sabitliyin təmin olunmasına töhfə vermək məqsədi daşıyır.
KONKRET.az
