Verilişlərdə xəstə şəxslərin müalicəsi üçün toplanan pullar hara gedir?backend

Verilişlərdə xəstə şəxslərin müalicəsi üçün toplanan pullar hara gedir?

Son günlər bəzi televiziya proqramlarında müxtəlif xəstəliyi olan şəxslərin, o cümlədən azyaşlı uşaqların müalicəsi ilə əlaqədar olaraq pul vəsaitlərinin toplanması kampaniyasının aparılmasının və milyonlarla manat vəsaitin toplanmasının şahidi oluruq. Eyni zamanda bu kampaniyalar sosial şəbəkələr vasitəsilə də aparılır və üçüncü şəxslərin xeyrinə ianə toplanılır.

Əlbəttə, bu çox yaxşı haldır ki, insanlar bir-birinə yardım edir, ehtiyacı olanlar müalicə üçün lazım olan vəsaitləri əldə edirlər. Xalqımız həmişə mərhəmətli olmuş, ehtiyacı olana daima öz kömək əlini uzatmışdır. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, xalqımızın bu cür misilsiz xüsusiyyətindən sui-istifadə etməyə cəhd edən insanlar da tapılır. Yəni, bu cür aksiyaların keçirilməsi yaxşı hal olmaqla bərabər, bir sıra neqativ hallara da səbəb olmağa başlamışdır.

Belə ki, son günlər bəzi şəxslərin xəstə və çarəsiz insanlardan istifadə edərək külli miqdarda qazanc əldə etmək niyyətlərinin və ya ümimiyyətlə, buna ehtiyacı olmayan insanları guya xəstəliyinin müalicəsi adı altında dələduzluq əməllərinin ortaya çıxdığını müşahidə etmək olar. Belə hallardan həvəslənərək şəxsən mənim özümə və tanıdığım digər şəxslərə çoxsaylı zənglər edilir, övladlarının xəstə olması, müalicəsi üçün təcili hansısa məbləğin tələb edildiyi bildirilir və həmin məbləğdən kiçik bir hissənin ödənilməsinə kömək edilməsi xahiş edilir.

Maraqlıdır ki, bütün hallarda taktika eynidir. Ancaq kiçik məbləğlər xahiş edilir. Görünür ki, belə məbləğlərin tələb edilməsi, bundan imtinaya səbəb olmayacağını, sonradan həmin məbləğin necə xərclənməsi ilə maraqlanılmayacağını düşünməyə əsas verir.

Belə hallara özü-özlüyündə cinayət olmaqla yanaşı, eyni zamanda bunun nəticəsində cəmiyyətin etibarından sui-istifadə edilir, bir müddət sonra belə hallara qarşı insanlarda laqeydlik yaranır. Başqa sözlə, buna doğrudan ehtiyacı olan şəxslərə bu mərhəmətdən faydalanmaq imkanı itirilmiş olur. Mən bunu bütün hallara şamil etmək istəmirəm. Amma bütünlükdə qeyd edilən vəsaitlərin toplanılması, onun məqsədləri barədə cəmiyyət haqlı olaraq dövlət tərəfindən məlumatlandırılmalıdır.

Ona görə də hesab edirəm ki, qeyd edilən hallarla əlaqədar vəsait toplanılması üçün müvafiq olaraq ya dövlət ya da ictimai nəzarətin olması vacibdir. Yəni, ən azından müalicəsi üçün vəsait toplanan şəxslərin doğrudan da xəstə olub-olmaması, müalicəsinin dəyəri və sairə barədə sənədlər yoxlanılmalıdır.

Eyni zamanda bu vəsaitlər toplandıqdan sonra onların xərclənmə təyinatı üzərində bu nəzarət davam etdirilməlidir. Çünki bəzən müalicəsi aparılan şəxslərin müvafiq xəstəlikdən sağalmayaraq dünyalarını dəyişirlər və bu zaman bu məqsədlə toplanan vəsaitlərin taleyi barədə heç bir məlumat verilmir. Bəzən isə xəstəliyin müalicəsinin dəyərinin həddən artıq şişirdilməsi yolu ilə əlavə pul vəsaitləri əldə edilir.

Vüqar Babayev

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, vəkil

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*