Gənclik zamanın, dövrün hərəkətverici qüvvəsidir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Bu gənclərin yetişməsi üçün isə, cəmiyyət özü zəmin yaratmalıdır. Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün beş-on il bəs etmir, bunun üçün illər lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ideoloqların qarşısında duran böyük bir vəzifədir.
Bütün cəmiyyətlərdə bu ali hissin yüksək səviyyədə tərbiyə edilməsi tələb olunur. Azərbaycan da istisna deyil. Azərbaycan gəncliyi bölgədə öz vətənpərvərliyi, milli mənlik şüuruna sahib olan gənclər kimi həmişə sayılıb-seçilib. Deyərdik ki, çox zaman başqalarına nümunə olub.
Baxmayaraq ki, maddiyyatın mənəviyyatı ötüb keçdiyi bir dövrdə yaşayırıq. Ancaq gənclərimizin heç də hamısı pul qazanmaq naminə dəyərlərimizin üstündən xətt çəkmir. Sağlam ruhlu gəncləri cəmiyyət yetişdirir, ictimaiyyət tərbiyə edir. Cəmiyyətdə nöqsan varsa, bu istər-istəməz, gənclərin əxlaqına, onların vətənpərvərlik hisslərinin zədələnməsinə səbəb olur. Hər bir gənc öz doğulduğu ailənin, yaşadığı mühitin ab-havasına uyğun böyüyüb tərbiyə alır.
Tərbiyə insanın bütün yaş dövrləri üçün gərək olan yüksək bir keyfiyyətdir. Övladlarının tərbiyəli böyüməsi, vətənpərvər, yurdsevər olması hər bir valideynlərin arzusudur.
Azərbaycan xalqı milli adət-ənənələrə, dəyərlərə sadiq qalmağı sevir. Yəni həyat tərzi də, vətənpərvərlik hissləri də, milli mənlik şüurunun inkişaf etdirilməsi də ənənəvilik çərçivəsində həyata keçirilir. Daha doğrusu, yaşlılar bunu təlqin edir.
Azərbaycanın dövlət müstəqilliyini qazanmasında gənclərimizin rolu az olmayıb. Milli Azadlıq Hərkatında yüzlərlə gənc Azərbaycan Respublikasının SSRİ-nin tərkibindən çıxarılmasına çalışıb və bunun üçün meydanlara axışıb. Günlərlə, aylarla mitnq və piketlər keçirib.
Qonşu respublikalarla müqayisədə Azərbaycanda həmişə gənc nəslin tərbiyəsinə xüsusi önəm verilib. Azərbaycan Xalq Cumhuriyyəti dövründə gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin tərbiyə edilməsi istiqamətində böyük işlər görülürdü. Gənclərin mədəni səviyyəsinin yüksəldilməsi, onların təhsilə, idmana, musiqiyə cəlb edilməsi üçün cəhdlər edilirdi. Bu dövrdə çoxlu sayda milli mənlik şüurunun və yüksək vətənpərvərlik tərbiyəsinin daşıyıcıları olan gənclər yetişib. Gənclərin yaradıcılığının məhsulu olan böyük ədəbiyyat yaranıb bu illərdə. Orada həm milli şüur hissi, həm də Azərbaycan sevgisi var.
Cəmiyyətin aynası sayılan mətbuatın, xüsusən də televiziyaların bu sahədə görəcəyi işlər çoxdur. Gənclərin milli kök üstə, vətənsevər, humanist bir insan kimi yetişdirilməsində müasir KİV-lərin böyük rolu ola bilər. Televiziyalar, qəzetlər milli mənlik şüurunun təbliğatına daha çox yer ayırmalıdır. Bu mövzuda filmlər, proqramlar, intellekt oyunları, diskussiyalar keçirilməlidir ki, gənclər oradan nə isə götürsün. Gənclər bu dövlətin, xalqın gələcəyini quran, onun təəssübünü çəkən, yurdumuzun sınırlarını qoruyan vətəndaşlarımızdır. Onlar sağlam, qayğısız şəkildə yetişdirilməlidir. Bəzi gəncləri müxtəlif ziyanlı dini cərəyanların, gərəksiz ictimai-sosial təşkilatların toruna düşməkdən hifz etməlidir cəmiyyətimiz. Onlar nə qədər milli ruhda inkişaf etsə, bir o qədər vətənpərvər olar. Dövlət gənclərə qayğı göstərir, ictimaiyyət də bu qayğıya dəstək verməlidir ki, gələcəyimiz etibarlı əllərdə olsun.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi strateji əhəmiyyət daşıyır və bu sahədə daha sistemli addımlar atılmalıdır.

“Milli mənlik şüurunun formalaşması dövlət üçün prioritet olmalıdır. Xüsusilə televiziya məkanında bayağı və cəmiyyətdə narazılıq yaradan verilişlərin çoxluğu gənc nəslin düşüncə tərzinə mənfi təsir göstərir. Bu təsirin olmaması mümkün deyil”.
Ekspert qeyd edib ki, maarifləndirici və milli dəyərləri təşviq edən layihələrin azlığı gənclərin maraq istiqamətlərinə də təsir edir:
“Əgər bu istiqamətdə keyfiyyətli proqramlar hazırlanmasa, gənclər daha çox bayağı məzmuna yönələcək və bu da ümumi ictimai düşüncəyə təsirsiz ötüşməyəcək. Problemlərin aradan qaldırılması üçün təxirəsalınmaz addımlar atılmalıdır”.
Cavanşir Abbaslı vurğulayıb ki, vətənpərvərlik hisslərinin formalaşması ilk növbədə milli kimlik şüurunun möhkəmləndirilməsindən başlayır:
“Əvvəlcə gənclərin şüurunda kimliyimiz, milli dəyərlərimiz və mənəvi əsaslarımız formalaşdırılmalıdır. Bu baza yaradıldıqdan sonra vətənpərvərlik hisslərinin təbliği daha sürətli və effektiv nəticə verəcək”.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusuna uyğun olaraq dərc edilir.

