Serbiya prezidenti Aleksandar Vuçiçin “Türkiyə Osmanlı İmperiyasını bərpa etməyə çalışır” iddiası siyasi dairələrdə rezonans doğurub.
Məsələni KONKRET.az-a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, bu iddialar tamamilə əsassızdır.
Onun sözlərinə görə, Türkiyə Osmanlı İmperiyasını bərpa etmək niyyətində deyil, əksinə, öz qlobal mövqelərini və milli maraqlarını möhkəmləndirməyə çalışır:
Elçin Xalidbəyli
“Türkiyə hər hansı imperiyanın bərpasını hədəfləmir. Rəsmi Ankara sadəcə olaraq beynəlxalq arenada öz maraqlarını qorumağa və mövqelərini gücləndirməyə çalışır. Bəzi Avropa ölkələri, xüsusilə də tarixdə xaç yürüşlərində iştirak etmiş dövlətlər bundan narahat olurlar.”
Politoloq qeyd edib ki, Türkiyənin inkişafını və sərt mövqeyini qəbul edə bilməyən Qərb dairələri bu prosesləri “imperiya bərpası” kimi qələmə verməyə çalışırlar:
“Bu, Qərb siyasi dairələrinin vərdişli olduğu şantaj metodudur. Türkiyəni belə ittihamlarla təzyiq altına salmaq istəyirlər. Halbuki, Ankara artıq bu cür təzyiqlərə əhəmiyyət vermir.”
Elçin Xalidbəyli əlavə edib ki, Vuçiçin açıqlaması əsasən Kosovadakı vəziyyətlə bağlıdır. Onun sözlərinə görə, Türkiyə Kosovaya haqlı olaraq dəstək verir:
“Kosovada çoxlu sayda müsəlman yaşayır və bu insanlar türklərə, Türkiyəyə yaxın icmalardır. Vuçiç nəzərə almalıdır ki, serblər müasir tarixdə bir sıra biabırçı hadisələrin müəllifidirlər. Bu reallığı unutmaq olmaz.”
Politoloq vurğulayıb ki, Türkiyənin bölgədəki siyasəti imperiya ambisiyalarına deyil, regional sabitliyə və strateji tərəfdaşlıqlara əsaslanır.
Müşviq Tofiqoğlu
KONKRET.az