“Vüqar Səfərli həbs olunmalıdır” – MİLLƏT VƏKİLİbackend

“Vüqar Səfərli həbs olunmalıdır” – MİLLƏT VƏKİLİ

Bir müddət öncə bir qrup jurnalist Prezident İlham Əliyevə müraciət ünvanladı. Müraciətdə qeyd olunurdu ki, Prezident Adminstrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin sayəsində jurnalistlər üçün tikilmiş binalardakı mənzillərin çoxu jurnalistikaya aidiyyəti olmayan şəxslərə, texniki işçilərə, katibələrə, bir neçə evi olan jurnalistlərə verilib.

Sözügedən müraciətə imza atan bir qrup jurnalist qısa müddət sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb. Həmin jurnalistlərin  KONKRET.az-a dediklərinə görə, Baş İdarədə hazırda Juranlistlər binasında 411 mənzil araşdırılır.

Həmçinin, KİVDF-də aparılan audit yoxlamaları zamanı külli miqdarda vəsaitin mənimsənildiyi müəyyən olunub. Əsas vəsait jurnalistlər üçün tikilən binanın inşası zamanı mənimsənilib. Binanın inşası prosesində iştirak edən şəxslərin dindirlməsi zamanı məlum olub ki, tikinti zamanı istifadə olunan materiallar sənədlərdə çox baha, yüksək keyfiyyətli materiallar kimi göstərilsə də, çox ucuz, keyfiyyətsiz məhsullardan istifadə olunub. Dindirilən şəxslərin bildirdiyinə görə, onlar KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlidən tapşırıq alıblar. Hətta binanın tikintisində istifadə olunan materialları almaq üçün V.Səfərli özü Çinə səfər edib.

V.Səfərlinin qanunsuz əməllərini hələ o, vəzifədə ikən ifşa edən millət vəkili Fəzail Ağamalı KONKRET.az-a açıqlamasında KİVDF-nin sabiq rəhbərliyi barəsində danışıb: “Bir neçə ay bundan öncə KİVDF rəhbərliyinin yarıtmaz fəaliyyəti ilə bağlı jurnalistlərin mənə ünvanladığı suallar barədə ətraflı danışmışdım. Çünki dəyərli jurnalistlərin sayəsində istər şəxsi söhbətlərimizdə, istərsə də hansısa platformada bu məlumatlar mənə çatdırılırdı. Buna görə də mən bir neçə media orqanında bu məsələyə aydınlıq gətirməyə çalışdım, həmçinin ortada cinayət əməllərinin, qanun pozuntularının olduğunu qeyd etdim. Bildirdim ki, KİVDF-də ciddi yeyintilərə yol verilib, mənzillərin paylanılması zamanı jurnalistikaya aidiyyəti olmayan şəxslərin adı siyahıya salınıb. KİVDF-yə ayrlmış vəsait ədalətlə bölünməyib, öz qəzetlərinə daha çox vəsait veriblər, ənənəsi olan qəzetlər o yardımlardan, tamamilə, məhrum edilib. O cümlədən, peşəkar jurnalistlər KİVDF rəhbərliyinin günahı ucbatından ölkə prezidentinin yaratdığı imkanlardan istifadə edə bilməyib. Tamamilə əminəm ki, dediklərim müvafiq qurumların diqqətindən yayınmayıb, çünki həmin müsahibələrdən sonra, yetərincə cinayətlərə yol verən Vüqar Səfərli işdən uzaqlaşdırıldı”.

F.Ağamalının sözlərinə görə, hazırkı proseslərin nəticəsi olaraq adı hallanan şəxslər həbs olunmalıdır: “Vüqar Səfərlinin bütün əməlləri başda-ayağa cinayət idi, o adam dövlətin ayırdığı bütün vəsaiti ağına-bozuna baxmadan, hara gəldi xərcləyib, jurnalistləri dövlətimizdən narazı salıb. Düşünürəm ki, Vüqar Səfərli və digərləri öz əməllərinə görə cinayət məsuliyyəti daşıyırlar və onlar haqqında artıq istintaq işi açılıb. Həmin istintaq işi ölkə Prezidentinin korrupsiya və rüşvətxorluğa qarşı elan etdiyi mübarizənin, müharibənin mahiyyətinə və məntiqinə tamamilə uyğundur. Cinayət varsa, cəza mütləq olmalıdır, başqa yol ola bilməz. Və inanıram ki, günahkarlar öz cəzasını alacaqlar. Jurnalistlərin haqqını və hüququnu təmin etmək məqsədilə ədalətli addımlar atılacaq və bundan sonra belə neqativ hallara yol verilməyəcək”.

Rumiyyə Miraslan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*