Xankəndidə Novruz tonqalının rəmzləribackend

Xankəndidə Novruz tonqalının rəmzləri

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə çıxışı! Bu cümlə özlüyündə simvolikdir. Dövlət başçısının Novruz bayramı münasibətilə alovlandırdığı tonqalın məkanı də rəmzi məna daşıyır. Axı bura tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın özündən də qondarma “parlament”inin vaxtılə yerləşdiyi ərazidir. Məhz bu “təşkilatın” külü üzərində dayanmış Ali Baş Komandanın açıqlamaları da simvolik olmaya bilməzdi.

Artıq mövcud olmayan separatçı “DQR” rejiminin ən fəal nümayəndələri Bakı həbsxanasında öz “hakimiyyətlərinin” keçmiş atributları fonunda baş tutan çıxışı diqqətlə izləyirdilər. İllər boyu zülmət içərisində boğulan gözəl bölgəyə işıq saçan parlaq alovla müşayət olunan prezidentin kəsərli ifadələri onların qanlı “miatsum” iddialarının qalıqlarını amansızcasına məhv edirdi. Görəsən, qığılcımlar gözlərini qamaşdırırdımı?

“Artsax” o qədər “ciddi respublika” idi ki, strukturunda hətta David Babayanın rəhbərlik etdiyi “Xarici İşlər Nazirliyi” də var idi. İllər öncə keçmiş “nazir” Azərbaycan rəhbərliyinə Xankəndidə çay içmək üçün 3 variant təklif etmişdi: Bakını tərk etmədən “Qarabağ-Qarabağ” deyərək, habelə “əsir” və ya “Azərbaycan səfirliyinin qonağı kimi”. Bəs bu gün kim haradadır, kim hansı roldadır?

Televiziya yaxud internet vasitəsilə olsa da, çıxışı, çox güman, Qarabağ ermənilərində separatçı şüurun formalaşması və inkişafında bilavasitə iştirak edən Abel Aqanbeqyan və Zori Balayan da izləyiblər. Maraqlıdır, onlar nə hiss edirlər? Gözəl sözlər, utopik vədlər, minlərlə qurban və belə bir nəticə.

Azərbaycan xalqına qarşı iyrənc planların qurulduğu, Xocalı soyqırımının törədilməsi ilə bağlı göstərişlərin verildiyi ərazi artıq Zəfər meydanı adlanır. Bütün müharibə və beynəlxalq hüquq normalarına tam uyğunluqla işğalçıları və separatçıları ustalıqla darmadağın edən rəşadətli Azərbaycan Ordusunun fədakarlığı və qəhrəmanlığı sayəsində qazanılan Zəfərin meydanı.

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan əsgər və zabitlərinin qanı qisassız qalmadı. Millətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün xalqın dəstəyi ilə əldə edilmiş Qələbə hamımızı dəyişdi və hələ də cəmiyyətimizin psixologiyasını dəyişməyə davam edir. Hazırda biz qalib dövlət, qalib xalq statusuna, onun gözəlliyinə və məsuliyyətinə öyrəşməkdəyik. Həmrəy toplum olaraq, tariximizi unutmadan yeni hədəflərə doğru inamla irəliləyirik.

Bu gün bahar qışı yağışla yola salır və beləliklə təbiət təzələnir, Azərbaycanımız yenilənir, hər cür xəstəliklərdən, viruslardan qurtulur. Deyiləsi söz çoxdur, emosiyalar isə daha çox, amma bəzi fikirləri dövlət başçısından daha lakonik şəkildə ifadə etmək çətin olar. Odur ki, təkcə Azərbaycanla Ermənistanda deyil, həmçinin regiondan kənarda da dinlənilən və incələnən İlham Əliyevin nitqinin 10 əsas ismarıcını tezisli şəkildə qeyd edək:

– əsassız və süni şəkildə qurulmuş Dağlıq Qarabağ Muxtar Vilayəti xalqımıza problemlər yaratdı

– lakin beynəlxalq hüququn işləmədiyi yerdə güc amili işləyir

– qəhrəmanlarımızın fədakarlığı və peşəkarlığı sayəsində artıq dördüncü dəfə Azərbaycan xalqı Novruz bayramı münasibətilə təbrik mesajlarını Qarabağ bölgəsindən alır

– gənclərin vətənpərvərliyi, ölkənin iqtisadi inkişafı, eləcə də dövlətin geniş və düzgün diplomatik fəaliyyəti Azərbaycanın hərbi qələbələrinin təməlini qoydu

– artıq sahiblər qayıdıb və biz yenə dədə-baba yurdumuzda yaşayırıq, yaradırıq

– təkcə hüquqi cəhətdən deyil, həm də tarixi baxımdan Azərbaycan ərazisi olan Xankəndi şəhərinin memarları və qurucuları məhz azərbaycanlılardır

– təsadüfi deyil ki, “DQR parlamenti”nin binasının sökülməsi ilə bağlı işlərə Xocalı soyqırımının anım günündə start verilmişdi

– Ermənistan dövləti üçün İkinci Qarabağ Müharibəsin dərs olmadı

– Erməni tərəfinin təcavüzünü, işğalını və separatizmi dəstəkləmiş, hazırda da dəstəkləyən xarici havadarları qanlı məsuliyyətin şərikidirlər

– Zəfərimizlə fəxr edirik və bizimlə hesablaşmaq istəməyənlər peşman olacaqlar

Ümidvarıq ki, erməni lobbisi tərəfindən zombiləşdirilən bəzi Qərb siyasətçiləri, ikili standartlar üzrə ixtisaslaşmış liderlər nəhayət öz gözlərini açacaqlar, çünki yeni ədalətli reallıqlar beynəlxalq birliyin bütün üzvləri tərəfindən nə qədər tez qəbul edilərsə, dialoq və əməkdaşlıq qurmaq bir o qədər asan olacaq.

Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş hər kəsə Allah rəhmət etsin. Şəhid analarına səbir, qazilərimizə güc və şəfa, veteranlara bol-bol uğurlar diləyi ilə. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Oqtay Teymuroğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*