Qarpız da digər meyvələr kimi yalnız mövsümündə yeyilməlidir ki, kimyəvi və ya mikrobioloji zəhərlənmə halları baş verməsin. Bəs görəsən qarpızı necə seçməliyik?
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov KONKRET.az-a açıqlamasında təhlükəsiz qarpız seçmək üçün vacib məsləhətlər verib.
Onun sözlərinə görə, qabığında sarı ləkələr və ətli hissəsində ağ rəng olan qarpız yüksək nitrat tərkibli ola bilər.
“Qarpızın üzərində dəliklər varsa, bu çox zaman həşərat deyil, iynə müdaxiləsi izləridir. Belə qarpızlardan uzaq durmaq lazımdır, çünki zəhərlənmə riski yaradır”, – deyə Salamov bildirib.
Mütəxəssis həmçinin içi boş, acı dad verən qarpızların da sağlamlıq üçün təhlükəli olduğunu vurğulayıb. Nitratı yoxlamaq üçün isə kəsilmiş qarpız parçasını suya salmağı tövsiyə edib:
“Su parlaq çəhrayı rəngə dönərsə, bu, qarpızın təhlükəli olduğunu göstərir”.
Salamovun sözlərinə görə, sağlam qarpız ağır çəkiyə malik olmalı, qabığı parlaq və hamar görünməlidir.
“Bej rəngli izləri olan qarpızlar daha şirindir. Quru saplaqlı meyvələr yetişmiş olur. Yaşıl saplaqlı olması isə yetişmədiyini göstərir. Buna görə də, kəsilmiş qarpız almaq məsləhətdir”.
Aynurə İsmayıl
KONKRET.az