Xruşov Stalinlə dost olan məşhur rəssam Gerasimovdan BELƏ QİSAS ALIB – TƏFƏRRÜATbackend

Xruşov Stalinlə dost olan məşhur rəssam Gerasimovdan BELƏ QİSAS ALIB - TƏFƏRRÜAT

SSRİ dövründə yaşayanlar onun əsərlərini yaxşı tanıyıblar. Xüsusilə, Aleksandr Gerasimovun yaratdığı “Lenin tribunada” tablosu rəssamı daha çox məşhurlaşdırıb. O, təkcə SSRİ-də deyil, bir sıra xarici ölkələrdə də tanınıb. SSRİ-də səfərdə olan xarici dövlət başçılarına sovet liderləri tərəfindən Aleksandr Gerasimovun şəxsi imzası olan əsərlər hədiyyə edilib.
KONKRET.az xəbər verir ki, Aleksandr Gerasimov yaradıcılığını bir az da siyasətə bağlamaqla ölkənin ictimai-siyasi həyatında da nüfuz qazanıb. Amma rəssamlıqla siyasəti qarışdırmaq sonda rəssamın karyerasına və imicinə güclü zərbə vurub.
Aleksandr Gerasimov 1881-ci ildə Kozlovda (indiki Tambov vilayətinin Miçurinsk şəhərində) anadan olub. Moskva Rəssamlıq Məktəbində təhsil alıb. 1917-ci ildə orduya çağrılıb və I dünya müharibəsində iştirak edib. Ordudan tərxis olunduqdan sonra o, bir müddət Kozlovda mədəniyyət evində tərtibatçı-rəssam işləyib.
1029904.jpg (20 KB)
1925-ci ildə Moskvaya köçən Gerasimov rəssamlıq məktəbində pedaqoji fəaliyyətə başlayıb. Bu ərəfədə o, portret yanrında yaratdığı əsərlərlə tanınıb. Onun əsərləri Kreml məmurlarının da diqqətini çəkib. SSRİ müdafiə komissarı (naziri) Kliment Voroşilov Aleksandr Gerasimova hərbi hissələr üçün rəsm əsərləri sifariş edib. Bu işbirliyi onların arasında sıx dostluq münasibətləri yaradıb. Elə Gerasimovun İosif Stalinlə münasibətləri də Kliment Voroşilovun vasitəçiliyi ilə yaranıb.
clip_image009[3].jpg (71 KB)
1939-cu ildə Gerasimov SSRİ Rəssamlar İttifaqının təşkilat komitəsinin sədri, daha sonra isə ittifaqın sədri vəzifəsinə təyinat alıb. Stalinin, Voroşilovun, Molotovun, Jukovun və digər tanınmış dövlət və hərbi xadimlərin portretlərini yaradan rəssam ölkənin incəsənət sahəsində əsas söz sahiblərindən birinə çevrilib. Sözsüz ki, Stalinin “dost” deyə müraciət etdiyi bir şəxs Kremldə də xüsusi hörmət sahiblərindən biri olub. Gerasimova o dərəcədə səlahiyyət verilib ki, o, incəsənətin digər sahələrinə də müdaxilə edib, dövlət məmuru dərəcəsində irad bildirmək, nəzarət etmək imkanını nümayiş etdirməkdən çəkinməyib.
clip_image007[4].jpg (93 KB)
1943-cü ildə “SSRİ xalq rəssamı” adı təsis olunanda, bu adı ilk alanlardan biri də məhz Gerasimov olub. SSRİ-də Rəssamlıq Akademiyası yaradılanda da onun ilk prezidenti Gerasimov seçilib.
Aleksandr Gerasimov dörd dəfə Stalin mükafatına layiq görülüb. O, bu mükafatları “Stalin və Voroşilov Kremldə”, “Oktyabr himni”, “Rəssamlar” və “Stalin Jdanovun tabutu qarşısında” əsərlərinə görə alıb.
Gerasimov Rəssamlar İttifaqına rəhbərlik etdiyi dövrdə ittifaqın üzvlərini, xüsusilə gənc rəssamları partiya və komsomol təzyiqlərindən qoruyub, onların yaradıcılığına maneçilik törədənlərin qarşısını alıb. Bu cür mübahisəli hadisələrlə rəssam Moskvada açılan sərgilərdə, rəssamlıqla bağlı keçirilən tədbirlərdə daha çox üzləşib. Moskva vilayət partiya komitəsinin birinci katibi Nikita Xruşov isə Rəssamlar İttifaqının işinə həmişə irad bildirməklə özünü bu sahənin “bilicisi” sayıb. Birinci katiblə ittifaq sədrinin arasındakı mübahisələrin bir çoxunda Xruşov yumşalmaq məcburiyyəti qarşısında qalıb. Buna səbəb isə Gerasimovla Stalinin yaxın münasibətləri olub.
clip_image002[8].jpg (135 KB)
Təbii ki, Nikita Xruşov Gerasimovun ona qarşı olan münasibətini unutmayıb, rəssamın qeyri-rəsmi səlahiyyətlərindən geninə-boluna istifadə etməyini yaddaşından çıxarmayıb.
Stalinin vəfatından sonra hakimiyyəti ələ keçirən Xruşov rəssama qarşı kinini biruzə verməyi çox da uzatmayıb. 1954-cü ildə Aleksandr Gerasimov tutduğu bütün vəzifələrdən azad olunub. Stalinin şəxsiyyətə pərəstiş məsələsi qaldırıldıqdan sonra isə rəssamın, demək olar ki, bütün əsərləri sərgilərdən, qalereyalardan yığışdırılıb.
clip_image001[3].jpg (89 KB)
Moskvada özünə yer tapmayan Aleksandr Gerasimov yenidən Kozlova köçüb. Özünün yazdığı kimi, o, ömrünün ən ağır günlərini yaşayıb. Onun üçün ən dəhşətli hadisələr isə Xruşovun sərgilərdə iştirakı zamanı rəssamların ünvanına söylədiyi lüğətə sığışmayan ifadələr olub.
Yolunu arabir Moskvaya salan rəssam ən kiçik problemləri ilə bağlı müraciət etdiyi dövlət məmurlarından heç bir qayğı və hörmət görməyəndə daha da sarsılıb, al-əlvan rənglərə boyadığı Kreml onun gözlərində boz rəngdə çörünüb.
Aleksandr Gerasimov ömrünün son illərini xəstəliklərlə keçirib. O, 1963-cü ildə, 81 yaşında vəfat edib.
Xalq rəssamı, 4 dəfə Stalin mükafatı laureatı, Rəssamlıq Akademiyasının ilk prezidenti, Rəssamlar İttifaqının sədri olmuş professor Aleksandr Gerasimovun vəfatı ilə bağlı heç bir dövlət nekroloqu imzalanmayıb, heç bir dəfn komissiyası yaradılmayıb.
1773331.jpg (58 KB)
Rəssamın Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunmasına icazəni isə Xruşovdan SSRİ-nin mədəniyyət naziri Yekaterina Furtseva uzun-uzadı təkiddən sonra ala bilib./musavat.com/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*