YAP onlardan təmizləndi – Göyüşovdan başqa kimlər getdi…backend

YAP onlardan təmizləndi - Göyüşovdan başqa kimlər getdi...

Məlum olduğu kimi, ötən gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.

KONKRET.az xəbər verir ki, iclasda yeni təyinatlarla yanaşı, YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun geniş ictimai qınağa səbəb olmuş hərəkəti ilə bağlı məsələ müzakirə olunub.

Məsələ ilə bağlı İdarə Heyətinin üzvlərindən Azər Badamov, Elmar Qasımov, Hikmət Məmmədov, Musa Quliyev, Bayram Aslanov, Bahar Muradova, Tafiq Cahangirov, Eldar İbrahimov, Anar İsgəndərov və Rəşad Mahmudov çıxış edərək qeyd ediblər ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə Ramiz Göyüşovun etikadan kənar, əxlaqa zidd hərəkəti YAP üzvləri tərəfindən dərin təəssüf hissi ilə qarşılanıb, eyni zamanda cəmiyyətimizdə hiddətlə qınanılıb.

Bildirilib ki, onun Azərbaycan ziyalısı adına layiq olmayan, qeyri-etik, milli-mənəvi dəyərlərdən uzaq davranışı yolverilməzdir. Ramiz Göyüşov bu qeyri-etik davranışı ilə partiyanın nüfuzuna xələl gətirdiyinə görə partiya sıralarından xaric edilməlidir.

İdarə Heyəti səslənən fikirləri və irəli sürülən təklifləri nəzərə alaraq Ramiz Göyüşovun YAP sıralarından xaric olunması barədə yekdil qərar qəbul edib.  Beləliklə, YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov qeyri-etik davranışı ilə partiyanın nüfuzuna xələl gətirdiyinə görə partiya sıralarından xaric edilib.

R.Göyüşov isə mediaya açıqlamasında ictimai qınağa tuş gələn videosunun qurama olduğunu və şantajla üzləşdiyini deyib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Mahir Ələkbərov 8 sentyabr 2021-ci ildə “azadinfo.az” xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək ondan pul tələb edib. O, 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.

Onu da bildirək ki, R.Göyüşovun YAP-ın Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə iyunun 30-da keçirilmiş hesabat konfransında xitam verilmişdi.

YAP-dan xaric edilənlər…

Son bir ildə hakim Yeni Azərbaycan Partiyasından (YAP) uzaqlaşdırılan şəxslərin sayı kifayət qədərdir. Onların əksəriyyəti korrupsiya cinayətlərinə, bəziləri isə törətdikləri qeyri-etik əməllərə görə partiya üzvlüyündən xaric ediliblər. YAP-dan qovulanlar arasında xeyli tanınmış simalar var.

Son il ərzində YAP-dan uzaqlaşdırılan digər vəzifəli şəxslərlə bağlı məlumatları təqdim edirik:

YAP üzvlüyündən xaric edilənlərdən biri deputat Eldəniz Səlimovdur. Polis əməkdaşını döyən deputat dərhal partiya sıralarından kənarlaşdırılıb, ardınca qolu qandallanaraq həbs olunub.

Belə ki, bu il iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baş prokuror Kamran Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə təqdimat göndərib. Avqustun 2-də parlamentin İntizam Komissiyasının iclası keçirilib. Komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy verib. Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Sessiyanın iclasında Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ müzakirə olunduqdan sonra səsverməyə çıxarılaraq qəbul edilib. Həmin gün Binəqədi rayon Məhkəməsinin qərarı ilə deputat barədə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O hazırda Kürdəxanı təcridxanasında saxlanılır.

Partiyadan kənarlaşdırılan tanınmış simalardan biri də Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının keçmiş sədri Hüseynbala Mirələmov olub. O, həmçinin YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb.

Aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir.

Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən, həmçinin YAP üzvülüyündən azad edilib.

YAP-dan çıxarılanlar arasında sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov da var.

Səlim Müslümov korrupsiya əməllərinə görə, bu ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhülkəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.  Bu il iyunun 7-də Səbail rayon Məhkəməsində S.Müslümovun həbs müddəti uzadılıb.

Səlim Müslümov 1995-ci ildən bəri yüksək vəzifələr tutub.

Ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sədri Vüqar Səfərli bu yaxınlarda YAP-dan xaric edilib. O, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov Rayon Təşkilatının sədr müavini vəzifəsindən və partiyanın rayon Siyasi Şurasının üzvlüyündən də kənarlaşdırılıb.

V.Səfərli və “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vüqar Səfərli müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə dövlətə məxsus 18 milyon 500 min manat məbləğində pul vəsaitini mənimsəyib.

Bundan əlavə, Biləsuvar rayonunun həbsdə olan keçmiş icra başçısı Mahir Quliyev, Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, Yevlax şəhər İcra Hakimiyyətinin keçmiş rəhbəri Qoca Səmədov, İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev, Kürdəmir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərov məsuliyyətə cəlb olunduqları üçün YAP-ın sıralarından xaric ediliblər.

Sabiq icra başçısı Nizaməddin Quliyev sentyabrın 8-də koronavirusdan dünyasını dəyişib.

Rəsmi məlumata görə, N.Quliyevin bədən hərarətinin 37.1-37.4 dərəcə olması səbəbindən zəruri instrumental müayinələrə cəlb edilib. O cümlədən koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olsa belə profilaktik müalicə alıb.

Sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya  əlamətləri (“buzlu şüşə”) aşkar olunaraq “COVİD-19 infeksiyasına yoluxma” diaqnozu təyin edilib və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib.

Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq, arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən 1954-cü il təvəllüdlü N.Quliyev orada vəfat edib. modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*