Yaylagül Ramazanova: “Azərbaycana idman ölkəsi kimi yenidən şöhrət qazandıra bildim” – FOTOLARbackend

Yaylagül Ramazanova: "Azərbaycana idman ölkəsi kimi yenidən şöhrət qazandıra bildim" - FOTOLAR

“Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəni dayandıran təmsilçimiz Yaylagül Ramazanova bu gün Vətənə dönüb.

KONKRET.az xəbər verir ki, idmançını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Kamandan Oxatma Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər, idmançının yaxınları və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Y.Ramazanova olimpiadada iştirakı ilə bağlı təəssüratlarını bölüşüb: “Bütün idmançılar kimi, mənim də hədəfim qələbə qazanmaq idi. Birinci turda çinli rəqibimi xala-xal prinsipi ilə məğlub etsəm də, sonrakı mərhələdə həyəcan hissim ikiqat artdı və alman idmançı üzərində üstünlüyü əldən verdim. Azərbaycana qızıl medal gətirmək ən böyük arzum olsa da, yarışdan kənarlaşmağıma çox da təəssüflənmirəm. Çünki ana olmağa hazırlaşdığım bir vaxtda olimpiadada bütün dünyaya mübarizə əzmimi nümayiş etdirdim və Azərbaycana idman ölkəsi kimi yenidən şöhrət qazandıra bildim”.

Ramazanova idmanda əldə etdiyi nailiyyətlərdə imzası olan hər kəsə təşəkkürünü ifadə edib: “Öncə bu günə qədər idmançı kimi hiss etdiyim hərtərəfli dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm. Eyni zamanda, Gənclər və İdman Nazirliyinin dəstəyini xüsusi olaraq vurğulamaq istəyirəm, rəhbərliyə təşəkkür edirəm. Və sözsüz ki, idman karyeramda qazandığım bütün uğurlara görə Kamandan Oxatma Federasiyasının adını çəkməyi özümə borc bilirəm. Federasiyanın prezidenti Anar Quliyevə təşəkkür edirəm. Xüsusilə məşqçim Natiq Fazilova üzərimdə çəkdiyi əziyyətə görə “çox sağ ol” deyirəm”.

Qeyd edək ki, idman karyerası dövründə bir çox yerli və beynəlxalq əhəmiyyətli yarışların mükafatçısı olan Y.Ramazanova 2015-ci ilin iyun ayında I Avropa Oyunlarında mübarizə aparıb. 2018-ci ilin iyununda Azərbaycan Çempionatının qalibi olub.
Ölkəmizi 2019-cu ildə Dünya Çempionatında, 2016, 2018, 2021 və 2022-ci illərdə isə Avropa Çempionatlarında təmsil edib.
2023-cü ilin iyununda Polşada baş tutan III Avropa Oyunlarının açılış mərasimində milli komandanın önündə Azərbaycan Bayrağını daşıyan Y.Ramazanova kamandan oxatma növündə olimpiadaya lisenziya qazanan ilk azərbaycanlı kimi adını idman tariximizə yazdıra bilib.

Xatırladaq ki, Y.Ramazanova Fransanın paytaxtı Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarının açılışından bir gün qabaq yarışa başlayıb. Kamandan oxatma üzrə qadınlar arasında dünya reytinqində 61-ci sırada qərarlaşan Ramazanova təsnifat mərhələsində 647 xalla 39-cu yeri tutaraq mövsümdə ən yaxşı nəticə göstərən 8 idmançıdan biri olub. 1/32 finalda çinli An Qiuxanı 6:5 hesabı ilə məğlub edərək 1/16 finala vəsiqə qazanıb. Lakin növbəti mərhələdə almaniyalı Mişel Kroppenə 6:2 hesabı ilə məğlub olaraq olimpiadada mübarizəsini dayandırmalı olub.

İki aydan sonra ana olmağa hazırlaşan 34 yaşlı idmançımızın çətin fiziki durumuna rəğmən olimpiadada yüksək mübarizə əzmi nümayiş etdirməsi dünya idmansevərlərinin diqqətindən yayınmayıb və ona xüsusi rəğbət qazandırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*