Hər yeni ildə insanlar yeni uğurlara can atır, yaxud ümid edir. Azərbaycandakı əksəriyyət çətinlikləri geridə qoymaq istəyir.
KONKRET.az xəbər verir ki, son 2 il bütünlükdə dünya üçün asan keçməyib. Buna görə də həyatın mövcud qəliz vəziyyətini daha yaxşı məcraya yönəltmək çoxlarının arzusudur.
Bəs arzunu reallığa çevirmək mümkündürmü?
Onsuz da illər ərzində hər bir fərdin fiziki durumu kimi şəxsiyyəti də dəyişir. Məktəb, universitet, iş, evlilik, övlad, yəni yeni təəssüratlar qaçılmazdır. Elmə görə, insanlar yaşa dolduqca xoşbəxt olurlar. Çünki yetkin yaşda onlar həyatda nəyin vacib olduğunu anlayırlar. Psixoloqların fikrincə, əgər bir insan həyatı yenidən başlamaq istəyirsə, buna həmin an qərar verməlidir. Qərar verilsə, hansısa xüsusi məqamı gözləməyə ehtiyac qalmır. Yeni özünüzə doğru ilk addımı atmağa hazır olmalısınız.
Yaşanan müddət ərzində xoşbəxt ömür sürməyi sığortalayan vərdişlər əldə olunur. Rahatlıq zonasından çıxmaq qətiyyəti isə keçmişlə yaşamağa son qoymaq üçün mühümdür. İrəliləmək üçün sevinc gətirən hər şeyi etməkdən çəkinmək olmaz. Nəyisə əldə etmək üçün buna inanıb israrla hədəfə doğru getmək yetərlidir:
“Hansısa vərdiş yaşamı dəyişə bilər”.
Bunu deyən mütəxəssislər hər şeyi yenidən başlamaq üçün təzə bir vərdişə yiyələnməyin kifayət etdiyini düşünürlər. Dəyişmək lazımdır. “Köhnə sən”i dəyişmək yeni həyatın həmdəvəridir. Beynindəki maneələrə məhəl qoymadan buna inanmaq önəmlidir. Çünki şüuraltı yaddaş, yaşam öyrəncələri dəyişməyə qoymur.
Yeni həyat üçün şəxsi təyyarə, ada, şirkətlər sahibi olmaq, qəfil populyarlaşmaq vacib deyil. Ən önəmlisi udduğumuz hava, içdiyimiz təmiz su, girib yaşamağa mənzil və möhkəm münasibətlərdir. Münasibətlərin məhz romantik kontekstdə olması şərti də yoxdur. Dostlar olsa da, olar.
Hər şeyi yenidən başlamaq istəyənlər bilməlidir ki, minimallıq stabilliyi qoruyur. Əşyalarınız nə qədər az olsa, bir o qədər çox pulunuz olacaq. Yeni həyat köhnə ömürdəki boşluqları doldurmalıdır. Təzə mənzilə köçmək, əhatə dairəsini dəyişmək olar. Xoşbəxt olanlarla söhbətləşib bu rifahı necə əldə etdikləri ilə maraqlanmaq yaxşıdır.
Həyata daha böyük ümidlə baxmaq gərəkdir.
Natiq Səlim,
KONKRET.az