Ukrayna prezidenti Volodimir Zelenski “Drujba” neft kəmərinin zədələnməsi ilə bağlı Rusiyanı ittiham edib. Bu məsələ ətrafında yaranan fikir ayrılığı isə Macarıstan ilə Ukrayna arasında onsuz da gərgin olan münasibətləri yenidən gündəmə gətirib.
Macarıstan tərəfi hadisəyə görə Ukraynanı məsuliyyətli saydığını açıqlasa da, Zelenski bu iddiaları qəti şəkildə təkzib edib. Bəs, bu cür fikir ayrılıqları beynəlxalq münasibətlərdə hansı problemlər yarada bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, iki ölkə arasında siyasi gərginlik artıq uzun müddətdir davam edir.

Politoloqun sözlərinə görə, “Drujba” kəməri ətrafında səsləndirilən ittihamlar da məhz bu qarşıdurmanın növbəti mərhələsi kimi qiymətləndirilə bilər:
“Ukrayna ilə Macarıstan arasında siyasi gərginlik uzun müddətdir davam edir. Bu günlərdə kəmərin zədələnməsi ilə bağlı Macarıstanın Ukraynaya qarşı ittiham irəli sürməsi həmin prosesin davamı kimi görünür. Hesab edirəm ki, Zelenskinin mövqeyi daha səmimi təsir bağışlayır. Ukraynanın indiyədək belə addım atmaq üçün həm vaxtı, həm də imkanı olub. Əgər bu vaxta qədər edilməyibsə, hazırkı mərhələdə belə bir addım inandırıcı görünmür”.
Ekspert qeyd edib ki, bu cür qarşılıqlı ittihamlar beynəlxalq münasibətlərdə etimad böhranını dərinləşdirə, enerji təhlükəsizliyi məsələlərini siyasiləşdirə və regionda diplomatik gərginliyi daha da artıra bilər.
Aynurə İsmayıl
KONKRET.az
