Ukrayna Prezidenti Volodimir Zelenski ölkə vətəndaşlarının müharibə və sülhlə bağlı mövqeyi barədə açıqlama verib.
KONKRET.az xəbər verir ki, o, Fox News telekanalına müsahibəsində bildirib ki, ukraynalıların böyük əksəriyyəti sülh istəyir, lakin bu, hər hansı şərtlə deyil.
Zelenskinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp ictimai rəy sorğularına istinad edərək vətəndaşların 85–87 faizinin sülhü dəstəklədiyini qeyd edib. Ukrayna lideri isə bu rəqəmlərlə razılaşdığını, lakin mühüm bir məqamı xüsusi vurğuladığını deyib:
“Bəli, 87 faiz sülhü dəstəkləyir. Amma eyni zamanda vətəndaşlarımızın 85 faizi ölkənin şərqindən, Donbasdan qoşunların çıxarılmasına qarşıdır. Hamı sülh istəyir, amma yalnız ədalətli və real sülh”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, cəmiyyətin mövqeyi aydındır: ərazi güzəştləri hesabına əldə olunan sülh qəbulolunan deyil və təhlükəsizlik təminatları olmadan hər hansı razılaşma uzunmüddətli ola bilməz.
