“Zəngəzur dəhlizi”nin açılması Ermənistana hava-su kimi lazımdır” – RƏYbackend

"Zəngəzur dəhlizi"nin açılması Ermənistana hava-su kimi lazımdır" - RƏY

“Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüş olduqca məhsuldar keçdi. Görüşdə ikitərəfli münasibətlərin, regional məsələlərin geniş aspektdə fikir mübadiləsi aparıldı”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib.

Onun sözlərinə görə, görüşdə iki ölkənin iqtisadi əlaqələrinin bu günü və perspektivləri, pandemiya ilə mübarizə və əməkdaşlıq məsələləri diqqətdə olub: “Səfərin mərkəzi hadisəsi postmüharibə dövrünün reallıqları və bu kontekstdə tərəflərin ortaq mövqeyi idi. Postmüharibə dövrü ilə bağlı həm Azərbaycan, həm də Rusiya prezidentinin ortaq mövqedən çıxış etdiyi bir daha təsdiqini tapdı. Görüşdə regionda məhz əməkdaşlıq mühitinin formalaşması, eləcə də Ermənistan və Azərbaycan arasında əməkdaşlığın qurulması, həm də bu nöqteyi-nəzərdən kommunikasiyaların bərpası ətrafında fikir irəli sürüldü”.

Elman Nəsirov

E.Nəsirov bildirib ki, görüşdə “Zəngəzur dəhlizi”nin açılması məsələsində də hər iki tərəfin eyni yanaşmadan çıxış etməsi öz təsdiqini tapdı: “Təbii ki, bu məsələdə tək Rusiya deyil, həmçinin İran, Türkiyə və Gürcüstan da bizi dəstəkləyir. Belə olan vəziyyətdə hər şey Ermənistanın davranışından asılıdır. Çünki Ermənistan üçün “Zəngəzur dəhlizi”nin açılması ona hava-su kimi lazımdır. Bu, onun blokadan çıxması, eləcə də İran və Rusiya ilə Azərbaycan ərazisindən keçməklə dəmiryolu və avtomobil xətlərinin açılması deməkdir. Bu da Ermənistan üçün olduqa vacib məsələyə çevrilib. Hesab edirəm ki, danışıqlar prosesində Azərbaycan tərəfinin irəli sürdüyü məsələlərdən biri də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz sülh müqaviləsini imzalamağa hazırıq. Lakin Ermənistan tərəfindən bu istiqamətdə müsbət addım görmürük”.

“Rusiya Prezidenti görüşdə hər iki tərəfin müharibədən sonra kompromisə hazırlığının vacibliyini irəli sürdü. Azərbaycan bir məsələdə güzəştə gedə bilər. Ölkəmiz humanizm prinsiplərindən çıxış edərək bir neçə dəfə erməni diversantları ölkəsinə təhvil verib. Azərbaycan bu istiqamətdə növbəti addımlar ata bilər. Yəni hər şey Ermənistanın bundan sonrakı davranışlarından asılıdır. Vladimir Putin qeyd edir ki, Azərbaycan tərəfi əməkdaşlığa hazırdır və qarşı tərəf də anoloji addımlar atmalıdır. Bu kontekstdən 10 noyabr və 11 yanvar sənədləri tam şəkildə icra olunmalıdır”, – deputat vurğulayıb./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*