İranlı politoloq və jurnalist Məsud Xarayi bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı sazişə qarşı dezinformasiya kampaniyasına İranın ali liderinin müşaviri Əli Əkbər Vilayəti və Avropa diplomatlarına qarşı təxribatçı çıxışları ilə tanınan, İran parlamentinin dörd dairədən deputatı, din xadimi Həmid Rəzaei rəhbərlik edir. Onların iddialarına görə, Zəngəzur dəhlizi sazişinin arxasında guya İranın Ermənistan üzərindən Avropa və Rusiyaya çıxışını kəsmək məqsədi daşıyan anti-iran planı dayanır. İddia olunur ki, nəticədə İranın Ermənistanla əlaqəsi tamamilə bağlanacaq.
KONKRET.az xəbər verir ki, politoloqun sözlərinə görə, bu tezis tamamilə əsassızdır, çünki İran-Ermənistan sərhədində yol infrastrukturu bərbad vəziyyətdədir. Dağıdılmış yollar, daha doğrusu tam yolların olmaması səbəbindən yük maşınları 15-20 kilometrlik məsafəni bir neçə saata qət edir. Buna görə də, İranın Avropa ilə yük daşımalarının 95%-i Türkiyə sərhədindən, Rusiya ilə isə Xəzər dənizi üzərindən həyata keçirilir. O, həmçinin qeyd edib ki, maraqlıdır – rəsmilər Zəngəzur dəhlizinin açılmasında Türkiyənin rolunu qeyd etmir, amma iddia edirlər ki, bu yolu NATO idarə edəcək: “Guya Türkiyə NATO-nun ən mühüm üzvlərindən biri deyil”.
Məsud Xarayi vurğulayıb ki, dezinformasiya kampaniyasından tam kənarda qalan prezident Məsud Pezeşkiyan açıq şəkildə bildirib – Zəngəzur nəqliyyat-kommunikasiya marşrutunun açılması Azərbaycan və Ermənistana aiddir və İran bu yoldan öz maraqları üçün istifadə edə bilər. Bakıya və Xankəndinə səfərindən sonra o, Azərbaycan-İsrail dostluğunda təhlükəli heç nə görmədiyini söyləyib. Pezeşkiyan əvvəlki İran hökumətlərini ittiham edərək deyib ki, uzaq İsrail Bakıyla sıx əlaqələr qurmağı bacardığı halda, qonşu İran bunun üçün heç nə etməyib. Bu mövqeyinə görə, İranın mühafizəkar dairələri prezidentə sərt hücum edib, Həmid Rəzaei onu İranın maraqlarını satmaqda ittiham edərək impiçment üçün imza toplamağa başlayıb.
Ekspertin sözlərinə görə, “mühafizəkarlar” İran mediasında Vaşinqtonda keçirilmiş görüşü İrandan təcrid olunma planı kimi qələmə verərək təbliğatı gücləndiriblər. Rəsmi Tehran isə psixoloji təzyiq məqsədilə artıq ikinci həftədir ki, İran-Ermənistan sərhədinə tanklar, zirehli texnika, artilleriya və digər hərbi vasitələr toplayır. Xarayi qeyd edib ki, Vilayəti diplomatlarla qapalı söhbətdə Zəngəzur dəhlizi sazişinə qarşı hücumların əsl səbəbini açıqlayıb. Onun sözlərinə görə, hakimiyyət əslində İrandakı Azərbaycan vilayətlərinin Zəngəzur vasitəsilə Azərbaycana geniş nəqliyyat bağlantısı əldə edəcəyindən narahatdır. Əgər cənubi azərbaycanlılara muxtariyyət verilərsə, onların sərhədi düşmən Ermənistanla deyil, neytral Zəngəzur konsorsiumu tərəfindən idarə olunan nəqliyyat dəhlizi ilə keçəcək. Xarayi hesab edir ki, görünür, Vilayəti və onun tərəfdarları Zəngəzur dəhlizinin açılmasını İranın parçalanması ilə eyniləşdirirlər.
Natiq Səlim,
KONKRET.az