Böyük eşqə son qoyan narkotik – Vısotski və Vladinin yarıda qırılmış uçuşubackend

Böyük eşqə son qoyan narkotik – Vısotski və Vladinin yarıda qırılmış uçuşu

O, öz dövrünün dissidenti olub – bu adı özünə yaxın qoymasa da, oxuduqları, yazdıqları, oynadıqları onun, içində yaşadığı sistemə, quruluşa yadfikirli olduğunu göstərir.

Ancaq böyük artist, istedadlı şair, təkrarslz müğənni Vladimir Vısotskinin SSRİ DTK-sı tərəfindən məhv edilməsi barədə əsatir söz-söhbətdən başqa bir şey deyil. Sovet rejimi heç kəsə vermədiyi imtiyazları ona verib, aktyorun bir ayağı Parisdə, o biri Nyu-Yorkda olub, dünyanı gəzib. O, öz-özünü məhv edənlərdəndir.

Vısotskinin üçüncü və sonuncu həyat yoldaşı Marina Vladinin “Vladimir və ya yarıda qırılmış uçuş” adlı memuarında azad sənətkarla bağlı çox maraqlı detallar var.

Marina Vladi Vladimir Vısotski ilə tanışlığını belə xatırlayır:

“Səhnədə yarımçılpaq bir adam çılğıncasına qışqırır və çırpınır. Qurşağından çiyninə qədər o, zəncirlənib. Müdhiş hissdir”.

Bu adam Vısotskidir və hadisə 1967-ci ildə cərəyan edir. Marina həmin vaxt Moskvaya festivala gəlibmiş, dostları onu “Puqaçov” tamaşasının məşqinə dəvət ediblər və ona deyiblər ki, o, məşqdə heyrətamiz bir aktyorla – Vladimir Vısotski adlı aktyorla tanış olacaq.

Sonra fransız aktrisanı restorana, tamaşada baş rolları oynayanlarla birlkdə şam yeməyinə dəvət ediblər. Marina ilə 30 yaşlı Vladimir həmin restoranda tanış olublar.

Marina Vladinin xatirəsi: “Gözümün ucuyla görürəm ki, bizə doğru ucaboy olmayan, pis geyinmiş bir gənc adam yaxınlaşır. Mən ona ötəri baxıram və onun parlaq bozumtul gözləri bir anlığa diqqətimi cəlb edir. Ancaq rəğbət bildirən nidalar məni öz danışığımı kəsərək ona tərəf dönməyə məcbur edir. O yaxınlaşır, susqun halda əlimi əlinə götürür, uzun müddət buraxmır, sonra öpür, üzbəüzümdə oturur və artıq gözünü məndən çəkmir. Onun susqunluğu məni utandırmır, biz bir-birimizə elə baxırıq, sanki çoxdanın tanışıyıq”.

Həmin gecə Vladimir Vısotski Marinaya deyir: “Nəhayət, mən sizinlə qarşılaşdım”. Marina da ona oynadığı rolla bağlı kompliment deyir. Daha sonra Vısotski Marinanı da götürüb “Humanite” qəzetinin müxbiri Maks Leonun evinə gedir və orada fransız aktrisanın dizinin dibində oturur, ona gitaranın müşayiəti ilə mahnılar oxuyur. Vısotski ona deyir ki, teatr onun peşəsi, poeziya isə ehtirasıdır.

Həmin gecə Vladimir Vısotski heç bir giriş-filan vermədən Marina Vladiyə eşq elan edir. Ertəsi gün onlar “Moskva” mehmanxanasının press-barında görüşür, festivalın bağlanış ziyafətində iştirak edirlər. Vladimir əvvəldən sona qədər Marinanı rəqsə dəvət edir, bir kəsə ona yaxınlaşmaq imkanı vermir.

Ancaq Marina Vladi Fransaya qayıtmağa məcbur idi. Onun orada işi, uşaqları vardı. Beləcə, dünən axşam tanış olan cütlük ayrılası olur.

Ayrılmazdan əvvəl Vısotski ona şeir həsr edir:

Səni bir kimsəyə tay tutmazdım mən,

İstərsən güllələ, ya da dara çək.

Bir bax, heyran-heyran süzürəm necə,

Səni Rəfaelin Madonnası tək.

Bir müddət keçir, Marina Moskvadan məktub alır. Sonra Moskvadan ona zəng gəlir. Vısotski ilə telefonla danışan Marina telefonun dəstəyini yerə qoyanda bayaqdan ona qulaq asan anası deyir: “Sən vurulmusan, qızım”. Marina hiss edir ki, doğrudan da Vladimirlə görüşmək üçün səbirsizlənir.

1968-ci ilin iyununda Marina Vladi Fransanın kommunist partiyasına üzv olur və tezliklə Sergey Yutkeviçin “Kiçik hekayə üçün süjet” filmində oynamaqdan ötrü Moskvaya gəlir.

Həmin vaxt Vısotski Sibirdə film çəkilişində olur. O, paytaxta qayıdan kimi Marinanı tapır və heç nə demədən onu qucaqlayır. Heç demə, hələ bir neçə il öncə “Cadugər” filmində Marinanı görən Vladimir dərhal ona vurulubmuş. Aktrisa 1965-ci ildə Moskvaya gələndə gənc Vısotski onunla görüşə bilməyib, ancaq budur, üstündən 3 il keçib, amma onlar yeddi ilin sevgilisi kimi qucaqlaşıblar. Həmin gün aktyor-müğənni fransız aktrisaya qəti söz deyir: “Sən mənim arvadım olacaqsan”. O, Marinaya deyir ki, onsuz həyatının heç bir mənası yoxdur.

Bu, onların heç birinin ilk evliliyi deyildi. Buna qədər Marina Vladi bir neçə dəfə ərdə olub, ayrılıb, Vısotski isə iki dəfə evlənib, boşanıb. Birinci dəfə o, İza Jukova adlı tələbə qızla, ikinci dəfə aktrisa Lyudmila Abramova ilə ailə qurub, ayrılıb. Lyudmila ona Arkadi və Nikita adlı iki oğul bəxş edib.

Həmin gündən etibarən Vladimir və Marina vaxtlarını birgə keçirirlər, nəhayət, həlledici yaxınlaşma baş verir. Bir axşam Marina qonaqlarına deyir ki, artıq hamı Vladimirlə onu tək buraxaraq gedə bilər.

30 yaşlı aktyor və 30 yaşlı aktrisa, necə deyərlər, üç gün, üç gecə evdən çıxmadan eşq səfası yaşayırlar. Sonra onlar Vısotskinin anası Nina Maksimovnanın ikiotaqlı mənzilinə köçürlər.

Marina yemək hazırlayır, ev yığışdırır, soyuqda ərzaq dalınca gedib növbədə dayanır. Vısotskinin qastronom direktorları arasında böyük hörməti olduğundan ona o zamanlar defisit olan təzə ət, hisə verilmiş balıq, təzə meyvə-tərəvəz tapırlar. Bir sözlə, sənətçi cütlük bir müddət zövq-səfa içində yaşayır.

Həmin vaxt Vısotskinin də işi başından aşır: səhər teatra məşqə gedir, gündüz ya filmə çəkilir, ya konsert verir, axşam tamaşada oynayır, gecələr isə şeir yazır və səhər tezdən onları Marinaya oxuyur.

Ancaq Marina yenidən Parisə qayıtmalı olur və bir il boyunca temperamentli sevgi həyatı yaşadığı Moskvadan ayrılır.

Onlar bir nüddət telefonla danışmaqla kifayətlənirlər. 1969-cu ilin iyulunda Moskvada növbəti beynəlxalq kino festivalı keçirilir və Marina Vladi festivala dəvət olunanlardan biri olaraq yenidən Moskvaya gəlir, sevgililər bir daha qovuşurlar.

Ancaq festival günlərindən birində xoşagəlməz hadisə baş verir. Marina Vladini müşayiət edən Vısotski sayıq nəzarətçi tərəfindən artistlərlə dolu avtobusa buraxılmır. Avtobus gedir, o, səkidə təkcə qalır.

Həmin gecə o, evə gec, həm də olduqca sərxoş halda qayıdır. Marina onu bu cür görəndə pərişan olur, çünki dostları ona öncədən xəbərdarlıq ediblərmiş ki, Vladimiri içməyə qoyma, yoxsa peşman olacaqsan.

Marina Vladinin xatirəsi: “Bir müddət sonra vanna otağının yanında ötərkən inilti eşidirəm. Sən əl-üzyuyana əyilmisən, öyüyürsən. Mən dəhşətdən donub qalıram: boğazından qan gəlir və ətrafa sıçrayır. Spazm səngiyir, sən ayaq üstə güclə durursan və mən səni divana dartıram”.

Vladi dərhal həkim çağırır, ancaq onlar gəlib Vısotskini müayinə edərək onu özləri ilə aparmaqdan qəti şəkildə imtina edirlər. “Çox gecdir, çox böyük riskdir”,- deyirlər. Lakin fransız aktrisa həkimləri bu hərəkətlərinin beynəlxalq qalmaqala səbəb olacağı ilə hədələyir və onun təhdidi nəticə verir.

Vısotskini Sklifovski adına təcili yardım institutuna aparırlar. Marina on altı saat boyunca dəhlizdə gözləyir, axırda həkim çıxır və ona deyir: “Çox çətin idi. O, çox qan itirib. Əgər siz onu bir neçə dəqiqə gec gətirsəydiniz, öləcəkdi. İndi hər şey qaydasındadır”.

Bundan sonra Marina Vladi öz sevgilisini dəfələrlə xilas edir. Moskvada, Parisdə, harada olsa, bütün işlərini atır, Vladimirin yanına qaçır.

Marina Vladi yazır: “Hərdən mənə Sibirin ucqarındakı hansısa şəhərdən və ya sənin sərnişin olduğun gəminin dayandığı limandan zəng edirdilər. Əcnəbi olmağıma baxmayaraq, əgər ora gedə bilirdimsə, gedirdim. Gedə bilmirdimsə, dostlarının səni gətirməsini gözləyirdim. O zaman ən çətin iş başlayırdı: araq şüşələrini əlindən almaq üçün səninlə birlikdə evə qapanırdım”.

Sonra onlar Moskvada “Aeroport” metrostansiyası yaxınlığında kirayə ev tuturlar. Marina bir müddət Vısotskini gözdən qoymur və o, özünə gəlir, şeirlər, mahnılar yazır.

Fransız aktrisanın hamiliyi Vısotskiyə yaxşı təsir göstərir, o, dəbdə olan paltarlar geyir, elə olur, bir gündə üç dəfə gödəkçəsini dəyşir. Özünü büsbütün musiqiyə həsr edir.

1970-ci ilin dekabrında Vısotski və Vladi rəsmən evlənir, VVAQ şöbəsində nikah bağlayırlar. Nikahdan dərhal sonra onlar “Gürcüstan” teploxodunda Odessa-Suxumi-Tbilisi marşrutu ilə toy səyahətinə çıxırlar.

Vısotski Marinadan uşağının olmasını istəyir, ancaq fransız qadın razılıq vermir, deyir, onsuz da ağır olan vəziyyətimizdə aramızdakı körpə məxluq həyatımızı tamam dözülməz edər.

Marina Vladinin sayəsində Vısotski 70-ci illərdə bir sıra xarici ölkədə olur. ABŞ-da onun şərəfinə verilən axşam ziyafətində Hollivudun o dövrdəki ulduzları – Layza Minelli, Robert de Niro, Hadson, Nyumen, Pek və başqaları iştirak edir.

Cütlük Moskvada kooperativ mənzil alır. Hər şey yaxşı gedərkən Vısotski narkotik qəbul etməyə başlayır. Onun köhnə xəstəliyinə yenisi əlavə olunur – daha qorxunc və sağalmaz bir mərəz.

1977-ci ildə Vısotskini yenidən Sklifovski institutuna yerləşdirirlər. Onun vəziyyəti o qədər ağır olur ki, yanına gələn arvadını belə tanımır. Həkimlər Marinaya deyirlər ki, əgər o, bir dəfə də bu vəziyyətə düşsə, ölməsə də, bütün ömrü boyu kəmağıl biri kimi yaşayacaq.

Bu arada sevgili cütlüyün münasibəti nəzərəçarpacaq dərəcədə pisləşir. Ailə həyatının ilk illərində onların hər ikisinə xas olan sevgi və səmimiyyətin yerini yorğunluq, bir-birindən bezmişlik alır. Vladi bu barədə belə yazır: “Sənin mənə qarşı soyuqluğunu bir yerdə on ildən artıq yaşayan ailə cütlükləri üçün adi hal olan yorğunluğa bağlayıram. O zaman bilmirdim ki, bu, morfi üzündəndir. Başlıcası, açıq görünür ki, sən yaşamaqdan bezmisən və bu, həyatdan getməyə hazırlaşan varlığın ülvi imtinasıdır. Bütün gizlinlər əvvəl-axır bilindiyi üçün, mən sənin çoxsaylı xəyanətlərindən xəbər tuturdum. Sadəcə, qısqanclıqdan xəstə durumuna düşmüş biri olaraq, başa düşmürdüm ki, bütün bunlar nədir – həyata tutunmaq üçün çarəsiz çırpınış, yoxsa həyatda mövcud olduğunu özünə sübut etmək cəhdi? Mən sənin mənə nə deməyə çalışdığını eşitmirəm. Bu dalandır. Sən sevgi haqqında fəryad edirsən, mən isə yalnız xəyanət görürəm”.

Yazıçı Eduard Volodarski cütlüyün münasibəti haqda yazır: “Marina onu qısnamağa başlamışdı. O, artıq qadının hökmlü təbiətindən cana doymuşdu. Onlar əvvəlcə necəydilər, sonra necə olmuşdular, böyük fərq vardı. Əvvəllər onlar həmişə birlikdə olmağa, bir-birinə toxunmağa çalışırdlar. Vladimir bir dəqiqəliyə yoxa çıxan kimi Marinanın gözü onu axtarırdı – hardadır? Volodya da elə idi. Son illərdə isə Marina Parisdən gələndə o, bəzən onu qarşılamırdı. Evdəki qovğa-mərəkədən sonra o, gecənin bir yarısı bizə cırılmış köynəkdə gəlirdi. Daha bir səbəb də vardı – onun həyatında başqa bir qadın peyda olmuşdu və Vladimir onun barəsində daha çox düşünürdü”.

1979-cu il Vısotskinin ABŞ-a qastrolu ilə başlayır. Onu orada bir sıra kolleclərdə çıxış etməyə dəvət edirlər. Nyu-Yorkda olarkən SBS kanalı ilə yayınlanan məşhur “Altmış dəqiqə” verilişində qonaq olan Vısotski deyir: “Rusiyadan getmək? Nə üçün? Mən dissident deyiləm, mən artistəm… Mən sözlə işləyirəm, mənə soyköküm lazımdır. Mən şairəm. Rusiyasız mən heç nəyəm. Şeirlər yazdığım xalqım olmadan mən yoxam. Məni sevən publika olmadan yaşaya bilmərəm. Onların sevgisi olmadan boğularam. Ancaq azadlığım olmasa, ölərəm”.

1980-ci ilin 30 mayında Marina Vladi Vısotskidən yenə də narkotik maddə qəbul etdiyini öyrənir və onu Fransanın cənubuna, bacısının evinə aparır. Ancaq aktyor-müğənni artıq iyunun 11-də Moskvaya uçur. Bu, onların son görüşü olur. Marina Vladi öz ərini bir daha sağ görmür.

İyulun 23-də Vladimir və Marina telefonda danışırlar. Vısotski ona narkotiki tərgitdiyini, tezliklə görüşəcəklərini, iyulun 29-na təyyarə bileti aldığını deyir.

Ancaq böyük sənətkar iyulun 25-də səhər çağı vəfat edir. Olimpiada ilə əlaqədar bağlı şəhər elan edilmiş Moskvada Vısotski böyük izdihamla dəfn olunur.

Ərinin ölümündən sonra Marina Vladi bir neçə il tək yaşayır. Sonra o, məşhur həkim Leon Şvartsberqə ərə gedir.

XX əsr rus poeziyasının və estradasının ən parlaq simalarından biri  olan Vladimir Vısotski “ağ ölüm”ə – narkotikə yenilib həyata gözünü yumanda cəmi 42 yaşı vardı.

Tərcümə: KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*