1995-ci ildə Bosniya və Herseqovinanın şərqindəki Srebrenitsada serb əsgərləri tərəfindən törədilən soyqırımda öldürülən və şəxsiyyəti müəyyən edilən 14 cəsəd anım mərasimlərindən sonra torpağa tapşırılacaq.
KONKRET.az xəbər verir ki, meyitlər paytaxt Sarayevodan Potoçari Memorial Qəbiristanlığına göz yaşları ilə yola salınıb. Cəsədləri daşıyan karvan əvvəlki illərdə olduğu kimi ilk olaraq Bosniya və Herseqovina Rəyasət Heyətinin qarşısında dayanıb. Dövlət rəsmiləri və yüzlərlə insan gül dəstələri qoyub, onlar üçün dualar edib.
Cəsədlər müharibə zamanı Birləşmiş Millətlər Təşkilatında (BMT) xidmət etmiş holland əsgərlər tərəfindən baza kimi istifadə edilən köhnə akkumulyator zavoduna yerləşdiriləcək. Tabutlar Potoçari Xatirə Qəbiristanlığına aparılacaq və sabah qılınacaq cənazə namazından sonra dəfn ediləcək.
Qeyd edək ki, 11 iyul 1995-ci ildə Ratko Mladiçin komandanlığı altında Serb qoşunları tərəfindən Srebrenitsanın işğalından sonra mülki bosniyalılar BMT nəzdində Hollandiya əsgərlərinə sığınaraq daha sonra serblərə təhvil verilib. Bosniyalı əsgərlərin nəzarətində olan bölgəyə qadın və uşaqların getməsinə icazə verən serblər ən azı 8372 bosniyalı kişini meşələrdə, fabriklərdə və anbarlarda qətlə yetirib, kütləvi məzarlıqlarda basdırıblar. Müharibədən sonra itkin düşənlərin tapılması üçün başlanan səylər zamanı cəsədləri kütləvi məzarlıqlarda tapılan qurbanlar hər il iyulun 11-də şəxsiyyəti müəyyən edildikdən sonra Potocari Memorial Qəbiristanlığında təşkil edilən mərasimlə dəfn edilir. Lakin hələ də meyiti tapılmayan 1000-dən çox insan var.
Natiq Səlim,
KONKRET.az