“36 ildir hər il Həcc ziyarətində oluram. Bu il də gedəcəm”.
KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşzadənin qudası, Milli Məclisin keçmiş deputatı Hacı Qalib Salahzadə deyib.
Onun sözlərinə görə, yenə də Səudiyyə Ərəbistanına səfərə hazırlaşır: “Allahın izni ilə oktyabr ayının 26-da Ümrə ziyarətinə yola düşəcəm”.
Həccə getməyin qiymətinin artmasından danışan H.Q.Salahzadə bildirib ki, bu, Azərbaycandan asılı deyil:
“Əvvəllər Məkkədə otellər yox idi, ora gedəndə qalmağa yer tapmaq olmurdu. İndi bahalı otellər fəaliyyət göstərir. Ora ziyarət üçün gedənlərin çoxu bahalı otellərdə qalırlar. Hər dövrün öz hökmü olur. Mən də əvvəllər fikirləşirdim ki, qiymətlər niyə belə artır? İndi həm 500-600, həm də 1500 dollara da ziyarətə getmək (Ümrə ziyarəti) mümkündür”.
Keçmiş deputat söyləyib ki, qiymət artımına baxmayaraq, ziyarətə gedənlərin sayı azalmır:
“36-cı ildir ki, ziyarətə gedirəm. İl olub 2-3 dəfə getmişəm və gedənlərin sırasında azalma müşahidə etmirəm. Nəinki Azərbaycanda, heç xarici ölkələrdən gələn zəvvarların sayında da bu müşahidə olunmur. Bəzi ölkələrdə ziyarətə getmək növbəylədi. Adam var ki, ora ziyarətə getmək üçün 10 illərlə növbədə gözləyir və dünyasını dəyişir. Belə olanda növbə övladına keçir. İslam aləmində belə hadisələr var. Elə adamlar var ki, bilib-bilmədən danışırlar. Kim istəyir Həccə, kim isə Ümrəyə ziyarətə gedir. Həcc üçün xüsusi vaxt var. Ancaq Ümrəyə gedənlər də az deyil”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.