7 körpənin ölümü ilə baglı əsas şahid məhkəmədə ifadə verdibackend

7 körpənin ölümü ilə baglı əsas şahid məhkəmədə ifadə verdi

Respublika Perinatal Mərkəzində 7 körpvənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

KONKRET.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən proses yanğın zamanı hadisənin əsas şahidlərindən birinin ifadəsi ilə davam edib.

Mərkəzdə neonatoloq kimi işləyən Validə Əliyeva ifadəsində deyib:

“Yanğın mənim nəzarət etdiyim otaqda baş verib. Yanan otaqda 9 uşaq var idi. Mənim otağımda oksigendən asılı ağır vəziyyətdə körpələr var idi. Hadisə baş verən otaqda körpələri yoxladıqdan sonra üzbəüz otağa keçdim. Otağın şüşəsindən alovun əks olunduğunu gördüm, elə bildim çöldə nə isə yanır. Otaqdan çıxanda yanğının baş verdiyini gördüm. Yanğını birinci mən gördüm. Qışqırdım, kömək çağırdım. Mənə elə gəlir ki, yanğın küveyzin altında başlamışdı. Düşündük ki yanğını özümüz söndürə bilərik. Su, adyal gətirdik. Yanğınla bağlı təlim keçmişik, amma o an adam özünü itirir. Yanğın zamanı təxliyə qaydalarını bilirdik amma o uşaqlar oksigendən asılı idi. Bir nəfər gəldi yanğınsöndürən balondan istifadə etdi, nəticədə otağı qatı tüstü bürüdü. Sonra həmin şəxsin ürəyi getdi. Leyla xanım dedi ki, polisə zəng edib. O da yanğınsöndürənə yönləndirib. Mən özüm 1 uşağı xilas edə bilmişəm. Uzun müddətdir, orada işləyirəm, başqa yanğın hadisəsi eşitməmişəm. Uşaq çox olanda uzadıcılardan istifadə edilirdi. Elə hal olub ki, uzadıcıları da bir-birinə qoşmuşuq. Tibb bacılarından bəzilərini cərəyan vurduğunu eşitmişəm”.

Məhkəmənin növbəti iclası noyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində “Respublika Perinatal Mərkəzi”, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*