80 mindən çox azərbaycanlıya görə narahatlıq: “ittifaq” qurulur – Günahkarlar…backend

80 mindən çox azərbaycanlıya görə narahatlıq: “ittifaq” qurulur – Günahkarlar…

Son 5 ildə Azərbaycanda 82 944 uşaq nikahdan kənar dünyaya gəlib. Bəziləri bunu sosial yardım almaq məqsədilə edilən addım kimi izah edir, digərləri isə ailə dəyərlərinin zəifləməsi və rəsmi nikahların azalması ilə əlaqələndirir.

Nikahdan kənar doğulan uşaqların sayının artmasının səbəbi nədir? Bu, həqiqətən hiylə ola bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, sosial yardım almaq üçün müəyyən şərtlər mövcuddur:

“Lakin bəzi hallarda bu yardımı əldə etmək məqsədilə rəsmi nikahı, sənədi və qeydiyyatı olmayan uşaqların dünyaya gətirilməsi fikri irəli sürülür. Nikahdankənar doğulan hər bir uşaq, əslində, cəmiyyətdə dəyərlərin zəifləməsinin və ailə institutunun aşınmasının göstəricisidir. Son illərdə “vətəndaş nikahı” anlayışı, sanki məsum bir münasibət forması kimi təqdim olunur. Halbuki bu, hüquqi əsası olmayan, sosial və mənəvi baxımdan qeyri-sabit bir “ittifaq”dır. Belə münasibətlər nəticəsində nikahdankənar uşaqların sayı artır. Təəssüf ki, son illər Azərbaycanda da bəzi qruplar və media vasitələri vətəndaş nikahını açıq şəkildə təbliğ edirlər. Gənclərin rəsmi nikah olmadan birlikdə yaşaması, cinsi münasibət qurması normal hal kimi təqdim edilir. Vətəndaş nikahından uşaq dünyaya gətirən məşhurlar efirə çıxarılır və bu davranış ictimaiyyətə adi hal kimi göstərilir”.

Sosioloq bildirib ki, cəmiyyətdə ailə qurmaq çox vaxt yalnız toy mərasimi ilə əlaqələndirilir:

“Əgər böyük toy olursa, qonaqlar çağırılırsa, gəlinin belinə qırmızı lent bağlanırsa, bunu “rəsmi ailə” hesab edirlər. Əslində qanuni ailə yalnız rəsmi nikahla formalaşır. Gənclər çox vaxt rəsmi nikaha girmədən toy edib birgə yaşamağa başlayır, uşaqları dünyaya gəlir, lakin sənəd məsələsi yalnız uşaq məktəbə gedərkən və ya sosial yardım almaq zamanı yada düşür. Bu müddət ərzində ailədə doğulan uşaqlar nikahdankənar sayılır və rəsmi qeydiyyat olmadığı üçün onların hüquqları məhdudlaşır. Belə halların qarşısını almaq üçün ailə institutuna ciddi diqqət yetirilməli, rəsmi nikahın əhəmiyyəti cəmiyyətə aşılanmalı və ailə dəyərləri yenidən gücləndirilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*