ABŞ-da erməni kilsəsinin fəaliyyəti tənqid edildibackend

ABŞ-da erməni kilsəsinin fəaliyyəti tənqid edildi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfəri çərçivəsində ABŞ-da və dünyada ən nüfuzlu yəhudi din xadimlərindən biri olan Ravvin Artur Şnayerlə Nyu-York Park East sinaqoq kompleksində görüşüb.

QMİ-nin Mətbuat Xidmətindən KONKRET.az-a verilən xəbərə görə, Ravvin Şnayer hazırki görüşün olduqca əlamətdar bir dövrdə – Azərbaycan və Ermənistan arasında sülhə dair sənədin imzalandığı, Yaxın Şərqdə sülhün bərqərar olacağının gözlənildiyi, həmçinin, yəhudi xalqının Sukkot bayramını qeyd etdiyi vaxtda keçirildiyindən öz sevincini ifadə edib.

A.Şnayer bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakıyla Ağ Evdə Ermənistan-Azərbaycan sülh protokolunun imzalanması münasibətilə öz xüsusi məmnuniyyətini dilə gətirdi, Cənubi Qafqazda, Fələstində, Qəzzada, o cümlədən, yaxın gələcəkdə Ukraynada sülhün bərqərar edilib davamlı olması üçün dualar etdi.

Şeyxülislam A. Paşazadə Ravvin A. Şnayerin Azərbaycana tarixi zəfər gətirən Vətən müharibəsindən öncə və sonra hər zaman haqqı və ədaləti dəstəklədiyinə toxunaraq, bununla da bölgədə sülhün bərqərar olunmasına töhfə verdiyini vurğuladı, Azərbaycan dindarları adından və şəxsən öz adından təşəkkür etdi.

Dini liderlər olaraq, həm özünün, həm Şeyxülislam A. Paşazadənin Uca Yaradan qarşısında mənəvi missiyasının sülhə xidmət olduğunu vurğulayan Ravvin A. Şnayer bundan sonra da Azərbaycan və Ermənistan dini liderləri arasında dialoq müstəvisinin davam etməsinin vacibliyinə diqqəti çəkdi. Bununla bağlı QMİ sədri qeyd etdi ki, iki ölkənin siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy göstərdikləri hazırkı vəziyyətdə erməni kilsəsi və erməni diasporu bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır. “Qəribədir, adətən siyasilər müharibə törədir, münaqişələrə və qarşıdurmalara səbəb olurlar, din xadimləri isə sülhə çağırırlar. İndi isə gördüyümüz mənzərə tam tərsidir – siyasi rəhbərliklər sülhə doğru addımlar atır, erməni kilsəsi isə hələ də əlindən “kalaşnikov”u yerə qoymaq istəmir” – deyə Şeyxülislam qeyd edib.

A. Paşazadə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında hazırda irimiqyaslı yenidənqurma və bərpa işlərinin aparıldığını, Böyük Qayıdışın həyata keçirildiyi haqda Ravvin Şnayerə məlumat verib. Azad olunmuş torpaqlarımızda mənşəyindən asılı olmadan bütün dini məbədlər – məscidlər, kilsələr, o cümlədən, erməni mənşəli dini obyektlər təmir olunur.

Görüşdə iştirak edən BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Anhel Moratinos Ravvin Şnayeri və Şeyxülislam A. Paşazadəni dünya miqyaslı dini liderlər olaraq salamladı və bu görüşdə iştirak etməkdən məmnunluq duyduğunu ifadə etdi. O, Azərbaycanın beynəlxalq dinlərarası dialoq prosesində, islamofobiya, antisemitizm və xristianofobiya ilə mübarizədə oncüllük etdiyini qeyd etdi, bu müstəvidə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rol oynadığını alqışladı.

Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim iştirak edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*