“ABŞ-la Türkiyə arasında münasibətlər hər zaman gərgin olub və bu, gələcəkdə də davam edəcək”.
Bu fikiri KONKRET.az-a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı səsləndirib.
Onun sözlərinə görə, ABŞ Türkiyənin güclənməsini qəbul etmir:
“Xüsusilə, Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldikdən sonra Türkiyə iqtisadi və hərbi baxımdan sürətlə inkişaf edir. Türkiyə NATO-da ABŞ-dan sonra ikinci ən güclü ölkədir. Bu da Vaşinqtonda qısqanclıqla qarşılanır”.
Ekspert hesab edir ki, gərginlik uzun illərdir mövcuddur, amma Cənubi Qafqaza ciddi təsir göstərməyib:
“Cənubi Qafqazın lider dövləti Azərbaycanla Türkiyə qardaş ölkələrdir. ABŞ və Qərb ölkələri də bunu artıq qəbul edib. Xüsusilə, İkinci Qarabağ Müharibəsindən sonra bu reallıqla barışmağa məcbur qaldılar”.
C. Abbaslı qeyd edib ki, Türkiyənin Qərbə inteqrasiya cəhdləri də nəticəsiz qalıb:
“Vaxtilə Ankara Avropaya və ABŞ-a yaxınlaşmağa çalışdı. Amma Ərdoğan Məhəmməd Əlinin dəfn mərasimində göstərilən münasibətdən sonra yaxşı anladı ki, Qərb heç vaxt Türkiyəni qəbul etməyəcək. Artıq 60 ildən çoxdur ki, Avropa İttifaqı Türkiyəni üzvlüyə qəbul etmir. Bu da o deməkdir ki, böyük və güclü bir dövlətin Aİ-də olmasını istəmirlər”.
Siyasi şərhçi əlavə edib ki, bu gün ən çox təəssüf doğuran məsələlərdən biri Türkiyənin NATO üzvlüyü ilə bağlı yanaşmadır:
“Artıq belə bir düşüncə formalaşıb ki, Türkiyənin vaxtilə NATO-ya daxil edilməsinin nə dərəcədə doğru qərar olub-olmadığı sorğulanır”, – ekspert vurğulayıb .
Müşviq Tofiqoğlu
KONKRET.az