Amerikadan Bakıya məktub – Trampın planı nədir?backend

Amerikadan Bakıya məktub - Trampın planı nədir?

Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu təkcə protokol xarakteri daşımır, eyni zamanda strateji və diplomatik baxımdan bir neçə mühüm məqamı özündə birləşdirir. Bu məktub iki ölkə arasındakı münasibətlərin cari vəziyyətini və gələcək istiqamətlərini əks etdirən siyasi sənəd kimi dəyərləndirilə bilər.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, ABŞ-nin Azərbaycanla tərəfdaşlığa verdiyi yüksək qiymət məktubda ilk diqqətçəkən məqamlardandır. Donald Tramp Azərbaycanı yalnız regional deyil, qlobal səviyyədə də vacib tərəfdaş kimi təqdim edir. Xüsusilə “terrorizmə qarşı mübarizə”, “enerji təhlükəsizliyi” və “sülh təşəbbüsləri” kontekstində Azərbaycanla əməkdaşlığın önə çəkilməsi bu ölkənin bölgədəki geosiyasi əhəmiyyətinin ABŞ tərəfindən açıq şəkildə tanındığını göstərir.

Bundan əlavə, məktubda ABŞ ilə Azərbaycan arasında 30 ildən artıq davam edən diplomatik münasibətlərə xüsusi yer ayrılır. Bu müddət ərzində əlaqələrin mühüm dərəcədə inkişaf etdiyi qeyd olunur. Bu isə onu göstərir ki, ABŞ Azərbaycanla münasibətlərə təkcə bu günün siyasi reallıqları prizmasından deyil, uzunmüddətli strateji baxışla yanaşır. Trampın “daha dərin tərəfdaşlıq” arzusunu ifadə etməsi də məhz bu strateji niyyətin açıq göstəricisidir.

Xüsusi vurğulanmalı məqamlardan biri də Ermənistanla Azərbaycan arasında davamlı sülhün dəstəklənməsidir. Tramp məktubunda bildirir ki, ABŞ Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və bu sülh bölgənin firavanlığına, həmçinin ABŞ-la əməkdaşlıq imkanlarının genişlənməsinə yol açacaq. Bu, birbaşa olaraq ABŞ-nin regionun gələcəyinə dair konkret strateji maraqları olduğunu göstərir. Eyni zamanda bu fikirlər Azərbaycanın sülh təşəbbüslərinə verilən dəstək kimi də oxuna bilər.

Digər mühüm cəhət odur ki, məktub yalnız siyasi münasibətləri deyil, iqtisadi və enerji sahəsində əməkdaşlığı da əhatə edir. ABŞ prezidentinin enerji inkişafı və iqtisadi münasibətləri gələcək əməkdaşlığın prioritet istiqamətləri kimi göstərməsi Azərbaycanın xüsusilə enerji ixracatçısı kimi roluna verilən önəmi ifadə edir.

Məktubun sonunda yer alan “qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlıq” ifadəsi sadəcə diplomatik nəzakət deyil, eyni zamanda ABŞ-nin Azərbaycanla uzunmüddətli əməkdaşlıq planlarının olduğunu göstərir. Bu, həm regional sabitlik baxımından, həm də iqtisadi və təhlükəsizlik sahəsində ortaq maraqlar nöqteyi-nəzərindən əhəmiyyətli mesajdır.

Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubda ABŞ-nin Azərbaycanla münasibətlərə verdiyi önəm açıq şəkildə ifadə olunub. Tramp ABŞ-nin Azərbaycanla 30 ildən artıq davam edən diplomatik əlaqələrini yüksək qiymətləndirir və gələcəkdə bu münasibətlərin daha da dərinləşəcəyinə ümid etdiyini bildirir. Məktub Vaşinqtonun Bakıya qarşı siyasi etimadının və dəstəyinin göstəricisidir.

Onun məktubu Azərbaycan-ABŞ münasibətlərinin təkcə diplomatik səviyyədə deyil, strateji, iqtisadi və təhlükəsizlik müstəvisində də möhkəmləndiyini nümayiş etdirir. Məktubun məzmunundan aydın olur ki, ABŞ Azərbaycanın müstəqilliyini və bölgədəki rolunu dəyərləndirir, bu əlaqələri daha da dərinləşdirmək niyyətindədir. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq mövqeyinə əlavə güc qazandırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*