Yadınızdadırsa, bir vaxtlar tez-tez “Dərman”, “Yumurta” mafiyaları haqqında yazırdım. Bu mafiyaların insanların sağlamlığını (saxta dərman satışı, Milli Onkologiya Mərkəzində baş verən faciələr, qida məhsullarının keyfiyyətsizliyi və s.), ölkə iqtisadiyyatını məhv edən konkret əməllərini paylaşırdım. Bu mafiyaların çox güclü, dövlət içində dövlət olduğunu yazanda bəziləri buna inanmırdı, mənim kimlərləsə şəxsi haqq-hesab çəkdiyimi düşünürdülər. Məhz bu mafiya məni susdurmaq üçün 3 dəfə məhkum etdirdi, 1995-ci ildən fəaliyyət göstərən VİZA Hüquq Firmasını bağlatdırdı, məni işsiz qoydu. Çünki Azərbaycanın hüquq-mühafizə və məhkəmə orqanları da bu mafiyaya qulluq edir. Bu mafiyanın məni ölümlə təhdid etməsi barədə konkret sübutlarla DTX, DİN, Baş Prokurorluğa dəfələrlə müraciət etsəm də bu günə qədər heç birindən cavab belə almamışam.
Bu gün hər iki mafiyanın maliyyə mənbəyinə nəzarət edənlərdən biri Kəmaləddin Qafarov 9 saylı Binəqədi ikinci seçki dairəsindən yenidən namizədliyini veribdir. Onun seçki kampaniyasını izləyənlər mafiyanın üzvlərinin kim olduğunu görərlər. Bu mafiyanın qara işlərini yerinə yetirən, haqqımda yazılan şər-böhtanları tirajlayan reket jurnalistləri maliyyələşdirən Mürvət Həsənlinin Facebook səhifəsini incələsəniz, dediklərimin sübutunu görərsiniz. Hüquq-mühafizə orqanları sadəcə bu səhifəni incələsə, adıçəkilən mafiya üzvlərini, Əli Həsənovun trol dəstəsini, ölkədə fəaliyyət göstərən qanunsuz qoçu dəstələrini görə bilər. Bu seçki kampaniyasında əsasən köhnə komandanın qulluğunda duran, indi Parlamentə soxulmaq istəyənlərin, ölkənin bu günkü acınacaqlı durumunun səbəbkarlarını görmək istəyənləri də bu adamlara diqqət yetirməyi məsləhət bilirəm.
Millət vəkili olan K.Qafarovun milyonlarla sərvətləri barədə onlarla material paylaşılsa da, bu günə qədər nə hüquq-mühafizə orqanları, nə də MSK buna münasibət bildirməyib. Əgər belələri bir daha Parlamentə keçərsə, onda mafiya ilə hakimiyyətin birləşməsi və ölkənin uçuruma getməsi tezləşəcək. Ona görə də ancaq belələrini ifşa etməklə biz ölkəmizin dəyişməsinə nail ola bilərik.
Xərçəng xəstələrinin canı bahasına milyonlarla sərvət toplamış millət vəkili, Milli Onkologiya Mərkəzinin (MOM) direktor müavini Kəmaləddin Qafarova məxsus mətbuatda dərc edilən (tam yaxud hissə olaraq) şirkətlərin siyahısı. Əminəm ki, bu tam siyahı deyil:
▪️ “AzəriMed” MMC,
▪️ “AzəriMed MNK” MMC
▪️ “Kanon” MMC,
▪️ “Mega Pharmacy” MMC,
▪️ “Azeri Med MNK” MMC,
▪️ “Versal” MMC,
▪️ “Versal Palace” MMC
▪️ “Naturalist” firması,
▪️ “AvestaFarm” MMC,
▪️ Cardinal Health şirkəti
▪️ “Ruslan AZ” MMC
▪️ Zəfəran Hospital
▪️ Zəfəran Apteklər şəbəkəsi
▪️ Siyəzən Broyler
P.S. Paylaşın ki, 9 saylı Binəqədi ikinci seçki dairəsində yaşayanlar öz “millət vəkilləri”ni tanısınlar.