İgid əsgərlərimiz Qarabağda üzü o tərəfə irəlilədikcə xalqımızın kefi kökəlir və baş verən hadisələrə baməzə prizmadan yanaşır. Bu, ürəkdən çıxan tikanlarla bağlı məsələdir. Tikanlar çıxdıqca gözlər gülür, dillər açılır. Yəni normaldır. Belə olmalıdır.
Onu lap çoxdan deyiblər ki, qələbənin atası çox olur, amma məğlubiyyət həmişə yetimdir.
Bax, dünənəcən, ermənilərin veteran hərbçiləri sinələrinə döyə-döyə “biz qalib gəldik” deyə özlərini həlak edirdilər, bu gün xəcalətlərindən dinə bilmirlər. Onlar boşalmış kəndlərimizi bir güllə atmadan ard-arda işğal etmişdilər, elə bilirdilər, öz hünərləridir.
Ən pisi o idi ki, yaramazlar bizə rişxənd edirdilər, Cıdır düzündə halay çəkirdilər, sosial şəbəkələrdə sataşırdılar, lağlağı edirdilər.
Yadıma gəlir, 15-20 il öncə böyük dövlətlər aranı yumşaltmaq üçün Ermənistanla Azərbaycan arasında “xalq diplomatiyası” çərçivəsində gediş-gəliş təşkil edirdilər, istəyirdilər münasibətlər yumşalsın, istiləşsin, biz sıyılaq, Qarabağ qalsın erməniyə və sülh olsun. Ölkəmizdən də bir qrup jurnalist “DQR”-ə getmişdi, onları Şuşaya aparmışdılar. Xasiyyətcə duyğusal bir jurnalist vətən həsrəti, doğma torpaq nisgili çəkən dostuna (və ya qohumuna) bir az Şuşa torpağı gətirmək istəmişdi. Bunu görən erməni mühafizəçilərdən biri pis-pis irişərək demişdi ki, ara, elə siz də torpağınızı yavaş-yavaş qaytarırsınız daa.
Ta durub nə deyəsən, torpaq onların əlində, biz də aciz durumda.
Torpaq qaytarmaq məsələsinə dair bir əhvalat da var. Vətənpərvər dostlardan biri 20 il öncə hər gün evdə, 9-10 yaşlı oğlunun yanında “Qarabağın geri alınması”, “torpaqların qaytarılması” söhbəti edirmiş, uşaq da dinləyirmiş. Bir gün ikisi şəhərdə avtomobillə getdikləri yerdə uşaq qəfildən qışqırır ki, ata, bax, torpağımızı qaytarırlar. Kişi oğlunun barmaq tuşladığı səmtə baxır, görür ki, meşə torpağı yüklənmiş “KamAZ” yolun sağıyla kiminsə bağ evinə gedir.
İndisə müharibə mövzusunda rişxənd etmək növbəsi bizimkilərə çatıb və hər gün ictimai mediada neçə-neçə məzəli qeydlər görürük.
Şəxsən mənim ən xoşuma gələn bu oldu: “Ermənistan: “Qarabağ bizimdir”. Azərbaycan: “PUAA”.
Daha bir nəfər yazmışdı ki, “İranın duasındansa İsrailin PUA-sı yaxşıdır”. Bir nəfər də ona şərh yazmışdı: “İkisi də yaxşıdır”. Əlbəttə, dua və PUA bir-birini tamamlasa, ortaya artıq sual çıxmaz.
Sumqayıt yolundakı kafe-restoranların yerləşdiyi məkanın vaxtilə “Laçın dəhlizi” adlandırılmasından rəncidə olan bir laçınlı həmkarımız qeyd edib ki, bir arzusu da var: Laçın dəhlizində “Sumqayıt” kafesinin açılmasını görmək.
“Oğlum olsa, adını Harop qoyacam” deyə yazan var.
Dünən bir əziz dost isə mənə yazıb ki, sənə şeir göndərim, oxu. Yazmışam ki, göndər. Göndərib. Baxıram ki, Səməd Vurğunun məşhur “Azərbaycan” şeirinin bir kupletini parodiya edib:
“Axşamüstü Xankəndidə
Havalansın dron səsi,
Qışqırışsın Qarabağın
Şikəst olmuş separatçı ermənisi”.
Yazıram ki, bəy, bu, çap olunası bir şey deyil, çapa yaramır. Yazıb ki, cəhənnəmə yarasın, zato bu söz keçir ürəyimdən, dinlə məni, gözəl Vətən.
İnsanları anlamaq olar. 27-30 illik işğaldan da çox, adamları işğalın gətirdiyi psixoloji sıxıntılar, sarsıntılar bu cür edib.
Belə zarafatlardan biri də öz kəndimizlə bağlıdır. Bir kəndçimiz qonşu kənddən olan qohumuna deyir ki, necə ola bilər, bütün ətraf kəndlər işğaldan azad olunub, amma bizim kəndin adı siyahıda yoxdur. O da cavab verir ki, sizin kəndi də alıblar, özləri demirlər, çünki demaqoqsunuz, yığışıb gedəcəksiz torpaq bölməyə.
Bunlar, əlbəttə, zarafatdır, ictimai-siyasi, psixoloji gərginliyin azalmasına xidmət edir. İndilikdə xalqımızın əsas arzusu odur ki, cəbhədə işlərimiz uğurlu getsin, kefiköklük olsun, bu qovğa-mərəkə uğurla yekunlaşsın, ondan sonra normal qaydada oturaq.
Samir Sarı