“Qərbdə elə vəziyyət yaranıb ki, artıq Rusiya qazına alternativ axtarırlar. Avropanın ilk olaraq qapısını döydüyü ölkə isə məhz Azərbaycandır”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib. O bildirib ki, Azərbaycanın TANAP vasitəsi ilə Avropaya qaz nəql etməsi, mavi yanacağa təlabatın yalnız 5-10 faizini ödəyə bilər: “Amma bizim Türkmənistan-İran qazını Avropa bazarına çıxara bilmək kimi böyük üstünlüklərimiz mövcuddur. Bu baxımdan indiki vəziyyətdə ölkələrin reallığı qiymətləndirməsi vacibdir. Dövlətlərin indii məqamda ən vacib cəhəti müstəqil xarici siyasət yürüdə bilmək bacarığıdır. Bu məsələ bizdə kifayət qədər rentabellidir və yüksəkdir. Azərbaycan onsuz da, Avropanın neft-qaz diplomatiyası üzərindən münasibətlərində yenilik etməlidir. Bu yenilik isə ondan ibarətdir ki, Azərbaycan Avropanı Rusiyanın qaz işğalından xilas etməklə, həm də viza-free sistmini İttifaqdan istəyə bilər. Bu addımın atılması çox məntiqli olar. Viza-free sistemi Azərbaycan vətəndaşlarını Şengen zonasına rahat şəkildə daxil olması deməkdir. Burada söhbət iş miqrasiyasından gedir. Belə bir icazənin alınmasına nail ola bilərik. Çünki bu bizim üçün çox unikal bir şansdır”.
Beynəlxalq Münasibətlər üzrə şərhçi hazırda Ukraynada baş verən proseslərə də toxunub. Əziz Əlibəyli bildirib ki, müasir dövrdə nüvə başlıqlarına sahib olmaq əslində sülhün təminatı kimi görünür. Yəni nüvə başlıqları olan dövlətlərin təhlükəsizliyini heç kəs təhdid etmir: “Belə çıxır ki, 1992-ci ildə nüvə başlıqlarının sayına görə, dünyada 3-cü yerdə olan Ukraynanın başına fəlakətlərin gəlməsinin əsas səbəbi, könüllü şəkildə bundan imtina etməsi olub. Bunun nəticəsidir ki, artıq beynəlxalq təminatlar Ukraynanı müdafiə etmir. Ona görə də, bu məsələlər Ukraynaya 250 milyard dollar itkiyə başa gəldi. Məsələnin mahiyyəti bundan ibarətdir ki, beynəlxalq birlik aktiv toqquşmalardan qaçmaq üçün iki fərqli senarini işə salmaq niyyətindədir. Əgər Rusiya hərbi əməliyyatları işə salmaq məcburiyyətində qalsa, ilk növbədə daxili qüvvələr vasitəsi ilə Ukraynada hakimiyyəti devirməyə çalışacaq. İkinci maraqlı tendensiya bundan ibarətdir ki, Qərb Ukraynanın nüvə başlıqlarından imtinası ilə bağlı müqaviləsini ləğv etsin. Bu gözləniləndir. Düşünürəm ki, “soyuq müharibə”nin dizaynerlərindən olan indiki ABŞ prezideni Putinə qarşı döyüşməyin yollarını çox gözəl bilir. Məhz bundan biri də “soyuq müharibə” elementlərinin siyasətə növbəti dəfə qaytarılması, eləcə də nüvə başlıqları ilə Ukraynanın təmin edilməsidir”.
Müşviq Tofiqoğlu
KONKRET.az