Azərbaycan ordusundakı İNTİHAR SƏBƏBLƏRİ – Ədalət Verdiyevdən EKSKLÜZİVbackend

Azərbaycan ordusundakı İNTİHAR SƏBƏBLƏRİ - Ədalət Verdiyevdən EKSKLÜZİV

“Azərbaycan ordusunun hərbi qulluqçuları arasında intihar və özünəqəsd hadisələrinin kökü, mahiyyəti, səbəblərini araşdırarkən açıq-aşkar görünür ki, bu hadisələrin böyük əksəriyyəti ailə-məişət zəminində yaranmış problemlər üzündən baş verir”.

KONKRET.az ilə özəl açıqlamasına belə başlayan hərbi ekspert Ədalət Verdiyev digər səbəblərə də rast gəlindini deyib. Lakin intiharlarda digər səbəblərin payı kifayət qədər kiçikdir:

“Çağırışçılar həm hərbi xidmətə göndərilərkən, həm də hərbi hissə və birliklərə xidmətə qəbul edilərkən mütləq və mütləq həkim komissiyalarının nəzarətindən keçirilir, müayinə edilirlər, sağlamlıqlarında problemin olub-olmadığı yoxlanılır. Yəni yalnız tam sağlam olan və psixoloji durumu normal heyət silahlı qüvvələrdə xidmətə cəlb olunur.

Bəzi hallarda iradə zəifliyi, şəxsin evdən aldığı, yaxud ətrafında baş verən hadisələrə görə keçirdiyi psixoloji sarsıntılara sinə gərə bilməməsi, dərdini kiminləsə bölüşməməsi (özünə qapanma), kimsədən məsləhət, təsəlli almaq istəməməsi səbəbilə faciəvi sonluqlara gətirə bilən hadisələrlə rastlaşırıq”.

Hərbi ekspertin sözlərinə görə, belə hadisələrin çoxunun kökündə cinayət əməli aşkar edilmir. Çünki bu hadisə fərdi qaydada qəbul edilmiş qərarla həyata keçirilir. Təsdiq kimi mülki həyatda baş verən oxşar olayları göstərmək olar:

“Burda da çoxusu ailə-məişət münaqişəsi səbəblərindən ortaya çıxır. Orduda baş verən eyni hadisələrin səbəbləri çox da fərqli olmur. Çünki ordu da cəmiyyətin bir parçasıdır. Odur ki, bizim vətəndaşlarımız bu məsələdə bir qədər diqqətli olmalıdırlar, hərbi xidmətdə olan, günün yarıdan çoxunu əlində silahla keçirən hərbçilərimizə ailədə, qonşuda baş verən hadisələri bütün çılpaqlığı ilə çatdırmaqdan çəkinməlidirlər”.

Sonda adi bir nümunə gətirək ki, normal həyatda insan hədsiz əsəbləşəndə əlindəki nəyisə divara çırpa, özünə xəsarət yetirə bilər. Hərbi xidmətdə olanın ailə məsələsinə görə hikkələnməsi tövsiyə olunmur. Çünki onun əlindəki qumbara, avtomat, ən yaxşı halda isə süngüdür ki, bu da intihar üçün yetərlidir. Özümüzü qorumağı öyrənək.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*