Azərbaycan qalibdir – həm öz torpaqlarında, həm də dünya siyasətində…- FƏRİD ŞAHBAZLI YAZIRbackend

Azərbaycan qalibdir – həm öz torpaqlarında, həm də dünya siyasətində…- FƏRİD ŞAHBAZLI YAZIR

Sovet imperiyasının nəhəng, köhnəlmiş divarları çökəndə tarixin tozu havaya qalxıb millətlərin üzərinə çökdü. O tozlu sükutun içində bir ölkə vardı ki, yenidən nəfəs almağa, ayağa qalxmağa, öz yolunu çəkməyə hazır idi – Azərbaycan.

Uzun illərdir xəritənin bir küncündə unudulmuş qara kölgə, göynəyən yara kimi dayanmışdı Qarabağ… İşğal və vandalizmə məruz qalmış torpaqlar, boşalmış evlər, sönmüş ocaqlar, yarımçıq qalmış xəyallar… Minlərlə ailənin taleyi bir gecədə dəyişmiş, gül-çiçək topladıqları həmin o torpaqlarda indi gizli ölüm tələləri-minalar basdırılmışdı. O illərdə xalqımızın gözündə həm ağrı, həm də ümid vardı. Çünki qəddarlıqla viranə qoyulmuş bu ərazilər təkcə torpaq deyildi, hər daşında bir əcdad nəfəsi, hər ağacında bir uşaqlıq xatirəsi yatırdı.

Azərbaycan bu yaralı illəri çox ağır yaşadı, amma ümidini, özünəinamını heç bir zaman itirmədi. Hansı ki, düşmənin əsas məqsədi elə bu inamı öldürmək idi. Çünki bilirdi ki, xalqın ümidi sarsılarsa, mübarizənin ruhu sönəcək, gənc nəsil köklərindən soyuyacaq, keçmişin dərslərini unudacaq. Bu isə bir millət üçün müharibədən daha dəhşətli faciədir…

Azərbaycan isə səbrini də, qəzəbini də içində saxladı. İllərlə həm diplomatiyanın, həm də gücün hazırlığını gördü.

Müdrik siyasət Xəzərin sahilində, qədim şəhərlərin qəlbində min illərin enerjisini içində saxlayan bu məmləkəti qısa zamanda Cənubi Qafqazın siyasi və iqtisadi xəritəsində parlaq bir ulduza çevirdi.

Və bir gün gəldi ki, tarixin saatı bizim tərəfimizə döndü. 44 günün o möhtəşəm səhifələrində millətimiz bir yumruq kimi sıxıldı, əsgərimiz hər qarış torpağı geri alanda xalqımızın nəfəsi keçilməz dağlardan, qayalardan eşidildi.

***
8 avqust 2025-ci il… Bu tarixdə dünyanın ən güclü ölkəsi-ABŞ-ın paytaxtı Vaşinqtonun yarı-günəşli, geniş və nizamlı küçələrində hərəkətlilik vardı, “yeni dünya”da tarix yazılırdı. Öz kiçik coğrafiyasında böyük qətiyyət və qüdrət daşıyan Azərbaycanın Prezidenti İlham Əliyev dünyanın taleyinin həll edildiyi sarayda sadəcə rəsmi qonaq yox, özündə əminlik, iradə və uzaqgörənlik daşıyan lider kimi addımlayırdı. O, dünyanın ən nəhəng ölkəsinin lideri tərəfindən təkcə Azərbaycanın deyil, bütöv regionun taleyini müəyyən edən bir dövlət başçısı kimi qarşılanırdı.

Görüş otağına daxil olan İlham Əliyevin gözlərindəki qətiyyət, bədən dilindəki sakitlik və hər sözündəki inam heyranlıq doğurmaya bilməzdi. Bütün dünya liderlərinin ünsiyyətdə ehtiyat etdiyi Donald Trampın İlham Əliyevə ünvanladığı sözlər isə həm onun şəxsinə olan böyük hörmət, həm də qlobal siyasətdə Azərbaycanın rolunu təqdir və etiraf edən ifadələr idi…

***
Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın imzaladığı Anlaşma Memorandumu iki ölkə arasında XXI əsrin yeni müttəfiqliyinin başlanğıcı oldu. Enerjidən süni intellektə, müdafiədən rəqəmsal infrastruktura qədər uzanan bu sənəd Azərbaycanın qlobal güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlığını rəsmiləşdirdi.

Bundan sonra Vaşinqtonda yaradılan Strateji İşçi Qrupu təkcə iqtisadi layihələrlə deyil, həm də süni intellekt, texnoloji innovasiya və regional inkişaf kimi gələcəyin mövzuları ilə məşğul olacaq.

Bir sözlə Vaşinqtonda başlanan bu əməkdaşlıq həmləsi təkcə diplomatik sənəd deyil, Azərbaycanın gələcəyinə yönəlmiş strateji addımdır. Bu yeni mərhələ ölkəmizi dünya siyasətinin mərkəzində, qlobal inkişafın ən önəmli oyunçularından biri kimi möhkəmləndirir, gələcək üçün etibarlı və sığortalı bir yol açır.
***

Müstəqilliyimizin ilk illərində ABŞ-la münasibətlərə kölgə salan “907-ci düzəliş” xalqımız üçün ədalətsizliyin simvoluna çevrilmişdi. O illərdə erməni lobbilərinin təsiri ilə qoyulan bu məhdudiyyət Azərbaycanın beynəlxalq yardım almaq imkanını bağlamış, amma xalqımızın və dövlətimizin dəmir iradəsini heç vaxt sındıra bilməmişdi.

İndi isə illər sonra-Azərbaycanın heç bir maddi yardıma ehtiyac duymadığı, əksinə özünün qlobal miqyasda bir sıra layihələrə donor kimi çıxış etdiyi bir dönəmdə Prezident İlham Əliyev Vaşinqton səfəri ilə bu köhnə və ədalətsiz səhifəni bağladı. “907-ci düzəliş” ləğv edildi. Bu sadəcə hüquqi dəyişiklik deyildi – bu qalib bir xalqın haqq səsinin, diplomatiyanın və milli gücün birgə qələbəsi idi.

***


Cənubi Qafqaz regionu uzun illər qanlı-qadalı müharibələrin, qarmaqarışıq siyasi çəkişmələrin episentri olub. Burada yaşanan 30 illik işğal ağır yaralar buraxıb. Ancaq Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, işğala son verməsi ilə regionda vəziyyət ciddi mənada dəyişib.

Bu dəyişikliklər Ermənistan üçün də yeni imkanlar yaradır. Uzun illər davam edən qarşıdurmanın ardından indi dialoq və əməkdaşlıq üçün şərait formalaşır. Ermənistanın sülh yolunu seçməsi erməni xalqının rahat nəfəs alması, ölkənin iqtisadi və sosial inkişafı üçün həyati əhəmiyyət daşıyır. Çünki regionun sabitliyi və inkişafı yalnız münaqişənin tam bitməsi ilə mümkündür. Ermənistan da regionun böyük potensialından faydalanmaq istəyirsə, bu yalnız Azərbaycana qarşı rəsmi ərazi iddialarından əl çəkmək və sülh müqaviləsi imzalamaqla mümkündür.

Trampın təşəbbüsü ilə keçirilən “Sülh Sammiti” bu istiqamətdə vacib bir addımdır. Sülh sazişinin paraflanması və ortaq bəyannamə bölgədə əmin-amanlığın bərqərar olması üçün ciddi zəmin yaradır. Bu sənəd keçmişin ağır yükündən azad olmaq, gələcəyə açıq və konstruktiv baxışlarla yönəlmə fürsətidir. Bu fürsəti dəyərləndirmək isə qalır Ermənistana…

***

Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra yalnız Vətənimizin deyil, bütövlükdə Cənubi Qafqazın səması dəyişdi. Separatizm kölgəyə çəkildi, sülh ümidləri cücərdi. İndi isə inkişaf və inteqrasiya zamanıdır. Bu mərhələnin ən mühüm parçası olan Zəngəzur dəhlizi isə məlumatsızlar üçün xəritədə sadə bir marşrut kimi görünə bilər. Ancaq əslində o, qitələr arasında ticarət və əməkdaşlığın əsas keçid nöqtəsi, xalqları bir-birinə birləşdirən həyati bir bağlantıdır.

Bu dəhliz yeni bir adla-Tramp adını daşıyan bu marşrut kimi fəaliyyətə başlayacaq. Ancaq missiyası və məqsədi dəyişmir. Bu yolun açılması ilə Azərbaycan və Naxçıvan arasında təhlükəsiz keçid təmin ediləcək, Asiya ilə Avropa arasındakı ticarət yolları genişlənəcək. Bu, həm iqtisadiyyatın, həm də sülhün qələbəsidir.

***

Fərid Şahbazlı, Siyasi şərhçi

Bu gün isə Azərbaycan artıq təkcə bir region dövləti deyil – o, qlobal şahmat taxtasında oyunun qaydalarını müəyyənləşdirən tərəfdir. Prezidentin Vaşinqton səfəri bu mövqeyin təsdiqi, milli iradənin beynəlxalq səhnədəki parlaq nümayişidir.

Bu gücün diplomatiya ilə, milli maraqların qlobal əməkdaşlıqla və tarixin xalq iradəsi ilə yazıldığı bir dastandır.

Və bu dastanın sonunda bir həqiqət dayanır: Azərbaycan qalibdir – həm öz torpaqlarında, həm də dünya siyasətində.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*