İyunun 21-22-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) ənənəvi təşkil etdiyi Azərbaycan vəkillərinin şahmat üzrə V respublika birinciliyi keçirilib.
Bu barədə KONKRET.az-a ARVK-dan məlumat verilib.
Bildirilib ki, turnirin əsas məqsədi ölkədə şahmat idman növünün inkişafına töhfə vermək, vəkillərin bu sahədə bacarıqlarını üzə çıxarmaq və qiymətləndirmək üçün əlverişli şərait yaratmaqdan ibarətdir.
Xırdalan Şahmat Məktəbində iki gün davam edən turnirin açılışında çıxış edən kollegiyanın sədr müavini, “İdmançı Vəkillər” Fondunun İdarə Heyətinin sədri Pərviz Ələkbərov iştirakçılara uğurlar arzulayıb. O, artıq ənənə halını almış şahmat turnirinin ARVK tərəfindən hər il təşkil olunmasının hüquq ictimaiyyəti arasında həmrəyliyin və sağlam rəqabət ruhunun təşviqi baxımından önəmini vurğulayıb. Sədr müavini bildirib ki, gələcəkdə bu yarışların dövlət qurumları ilə birgə keçirilməsi nəzərdə tutulur. Turnirdə respublika üzrə ümumilikdə 28 vəkilin iştirak etdiyi diqqətə çatdırılıb.
Abşeron rayon Vəkil Bürosunun müdiri Muğan Əliyev isə çıxışında yarışın təşkili və vəkillər üçün yaradılmış şəraitə görə kollegiyanın rəhbərliyinə minnətdarlığını bildirib, turnir iştirakçılarına uğurlar diləyib.
Sonra çempionata start verilib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın yekununda fərdi qaydada fəaliyyət göstərən vəkil Elşən Səfərov birinci, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Sənan Süleymanlı ikinci, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Aydın Ələkbərov isə üçüncü yerə layiq görülüb.
Sonda P.Ələkbərov qaliblərə “Qanun” nəşriyyatının kitab mağazasından hədiyyə kartları, kubok və diplomlar təqdim edib.
Qeyd edək ki, Azərbaycan vəkillərinin şahmat üzrə V respublika birinciliyinin keçirilməsinə Abşeron rayon Vəkil Bürosu tərəfindən dəstək göstərilib. Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olub və baş hakim qismində FIDE arbitri Rühəngiz Dinirova çıxış edib.
Onu da bildirək ki, vəkil Elşən Səfərov bu yarış çərçivəsində ikinci dəfə çempion olub.