Azərbaycan Zəngəzur dəhlizindən vaz keçdi? – “Bu mövzu qapanmayıb”backend

Azərbaycan Zəngəzur dəhlizindən vaz keçdi? - “Bu mövzu qapanmayıb

“Zəngəzur dəhlizi mövzusu hələ də bağlanmayıb. Sadəcə, Ermənistan 3 ildən bəri Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə manipulyasiyalara yol verib və bu yolun açılmasını müxtəlif şərtlərlə əlaqələndirib. İrəvan bu istiqamətdə konkret heç bir addım atmayıb və 10 noyabr bəyanatına görə, üzərinə düşən öhdəliyi yerinə yetirməyib”.

KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

“Əlbəttə, əsas Ermənistanın iradəsi deyil. Qərbin, xüsusilə də Fransanın Ermənistan üzərindəki təsirlərini nəzərə alsaq, onlar Zəngəzur dəhlizinin açılmasına 2 səbəbə görə çox da isti baxılmırdı.

Birincisi, bu dəhliz Çinin “Bir Yol-Bir Kəmər” layihəsinin çərçivəsinə girdiyinə görə müəyyən qədər soyuqluq vardı. İkincisi, 10 noyabr bəyanatına görə, kommunikasiyalara nəzarəti Rusiya sərhədçiləri həyata keçirməli idi və Qərbdə məmnunluqla qarşılanmırdı”, – deyə O. Qasımov əlavə edib.

Analitikə görə, onlar Ermənistanı təhrik etməklə prosesi ləngitmək xəttini seçdilər ki, Rusiya bölgədən uzaqlaşdırılsın və həmin dəhlizə nəzarət guya Ermənistanın, əslində isə Qərbin nəzarətinə keçsin:

“Bu proses 3 ildir davam etdiyindən Bakı İrəvanın bu şıltaqlığına sona qədər dözmək fikrində deyildi. Azərbaycan bunun arxasında dayanan gücün Qərb olduğunu açıq-aydın şəkildə gördüyü üçün İranla 2022-ci ilin mart ayında memorandum imzalamışdı. Azərbaycan bu dəhlizi şaxələndirməyi düşündü və çox doğru etdi. İrandan keçəcək kommunikasiya xətti ilə Mehridən keçəcək kommunikasiya xəttinin uzunluğundakı fərq elə də ciddi deyil – təxminən 8 km.

Azərbaycan bu addımı atmaqla region ölkələri ilə münasibətlərini genişləndirib və artıq İran da bu prosesə qoşulub. Layihənin həyata keçirilməsində Rusiya və Türkiyənin də marağı var və onlar Tehranla bu barədə müzakirələr aparıb.

İranla hamar olmayan münasibətlər fonunda bu yolun bağlanması ehtimalına gəlincə, bu, elə də asan məsələ deyil. Çünki region ölkələri üçüncü tərəfin müdaxiləsinə qarşıdır. Məhz buna görə onlar bu prosesi həyata keçiriblər.

Azərbaycan bu addımı atmaqla Ermənistana göstərdi ki, onun daim alternativ variantları var. Əgər İrəvan destruktiv fəaliyyətini yenə də davam etdirəcəksə, növbəti dəfə regional layihələrdən kənarda qalacaq. Ona görə Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlər səsləndirir”.

O. Qasımov qeyd edib: “Azərbaycana qarşı ciddi təxribatlar və möhtəkirliklər həyata keçirilirdi. Qərb mətbuatında davamlı şəkildə guya Azərbaycanın Ermənistanın cənub hissəsinə hücum edəcəyinə dair təxribatçı məlumatlar tirajlanırdı. Odur ki, Prezidentin köməkçisi Hikmət Hacıyev bildirdi ki, Zəngəzur dəhlizi artıq bizim üçün cəlbediciliyini itirib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*