Müasir dövrdə qloballaşmanın sürətlənməsi xalqlar arasında inteqrasiyanı dərinləşdirdiyi kimi, diaspor və lobbi təşkilatlarının da əhəmiyyətini artırıb. Bu gün bir dövlətin gücü təkcə onun iqtisadi və hərbi potensialı ilə deyil, həm də xaricdə formalaşdırdığı güclü diaspor şəbəkəsi və həmin diasporun lobbiçilik fəaliyyətləri ilə ölçülür. Eyni zamanda, millətin bir amal ətrafında birləşməsi həmin dövlətin dayanıqlığını təmin edən əsas amillərdən biridir.
Bu baxımdan, ümummilli lider Heydər Əliyevin diaspor quruculuğu sahəsində atdığı addımlar xüsusi önəm daşıyır. Onun uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlılarının birliyi və həmrəyliyi möhkəmləndirildi, azərbaycançılıq ideologiyası qloballaşan dünyada milli kimliyimizi qorumağa və gücləndirməyə xidmət etdi.
Hazırda diasporla iş sahəsində dövlət siyasəti yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev xaricdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini xarici siyasətin əsas istiqamətlərindən biri kimi qiymətləndirir və bu sahədə sistemli və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verir. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrin ictimai-siyasi xadimləri, elm adamları və media nümayəndələri ilə səmərəli əməkdaşlıq qurulub, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Azərbaycan dövlətinin tərəqqisi naminə ölkədən kənarda yaşayan həmvətənlərimizin həmrəylinin, diaspor quruculuğu və lobbiçilik institutunun inkişafı vacib faktorlardandır. Ona görə də harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı mədəniyyətimizi, milli mənəvi dəyərlərimizi qorumaq, azərbaycançılıq ideologiyasını layiqincə təbliğ və təmsil etmək üçün daim səy göstərməlidirlər. Ölkənin xarici siyasətində diaspor və lobbiçiliyin inkişafı, həmçinin, münaqişələrin həllində də ciddi əhəmiyyətə malikdir. Hazırda əcnəbi ölkələrdə yaşayan azərbaycanlılar müxtəlif təşkilatlar yaradır, ölkə həqiqətlərini dünyaya çatdırır və dövlətə dəstək nümayiş etdirirlər. Nailiyyətlərin, uğurların, qələbələrin, zəfərin əldə edilməsində məhz diaspor quruculuğunun, lobbiçiliyin, həmrəyliyin böyük rolu olduğuna zərrə qədər də şübhə yoxdur. Milli birliyin, dünya azərbaycanlılarının həmrəyliyinin xalqımız üçün, bütövlükdə Azərbaycan üçün xüsusilə önəmli olması fonunda diasporların fəaliyyətinin nə dərəcədə əhəmiyyətli olduğu artıq bəllidir. Diasporların fəaliyyətinin, lobbiçiliyin məhz milli birliyə, həmrəyliyə xidmət etməsi də bir daha təsdiq edir ki, diaspor quruculuğu və lobbiçilik olduqca vacibdir.
Tarixi faktar sübut edir ki, milli birliyi, həmrəyliyi təmin edən, bununla da öz xalqına qələbələr, zəfərlər, uğurlar bəxş edən şəxsiyyətlər heç zaman unudulmurlar. Məhz milli birlik və həmrəylik sayəsində öz xalqını birləşdirən, güclü, qüvvətli, qüdrətli edən sərkərdələr, dövlət başçıları rəhbərlik etdikləri ölkənin, xalqın qalib olaraq tanınmasına nail olublar. Bəşər tarixində belə ölkə rəhbərlərinin öz ölkələri üçün hansı nailiyyətlər qazandığı barədə kifayət qədər faktlar, dəlillər var və bununla bağlı yetərincə nümunələr göstərmək olar. Amma bizim üçün ən böyük nümunə məhz Ümummilli Lider Heydər Əliyevin xalqımızın birliyini, həmrəyliyini təmin etməsi ilə uğurlarımızın, nailiyyətlərimizin, qələbələrimizin əsasını qoyması və Ulu Öndərin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin məhz milli birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirərək qələbələrə, Zəfərə imza atması hesab olunur.
Mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadə KONKRET.az-a açıqlamasında bildirib ki, xaricdə yaşayan soydaşlarımız Azərbaycan xalqının ayrılmaz hissəsidir.
“Onlar yaşadıqları ölkələrin layiqli vətəndaşları olmaqla yanaşı, ana vətənləri olan Azərbaycanla da sıx əlaqələr saxlayırlar. Dilimizin qorunması, mədəniyyətimizin gələcək nəsillərə ötürülməsi bu gün diasporamızda müşahidə olunan və yüksək qiymətləndirilən əsas cəhətlərdəndir. Azərbaycan dövləti diasporla əlaqələrə xüsusi önəm verir. Maraqlı məqamlardan biri də odur ki, təkcə xarici ölkələrdə yaşayan azərbaycanlılar deyil, eləcə də Azərbaycanda yaşayan qeyri millətlər də bu əlaqələrdə fəal iştirak edirlər və diaspor təşkilatlarının fəaliyyətlərinə dəstək verirlər. Dövlətimizin tövsiyəsi ondan ibarətdir ki, soydaşlarımız yaşadıqları ölkələrdə həmin cəmiyyətin dəyərlərinə və adət-ənənələrinə hörmətlə yanaşsınlar, Azərbaycan mədəniyyətini layiqincə təmsil etsinlər. Bu baxımdan Azərbaycan dövləti xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının işinə müdaxilə etmir, onların sərbəst fəaliyyəti təmin olunur”.
Deputat qeyd edib ki, bu sahəyə göstərilən diqqət öz əksini Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində də tapır.
“Xaricdə yaşayan gənclərin Azərbaycanda təşkil olunan yay məktəblərində iştirakı isə bu münasibətlərin səmərəli və davamlı xarakter daşıdığını sübuta yetirir. Əminəm ki, xaricdə yaşayan soydaşlarımız ana vətənlə əlaqələrini hər zaman diqqətdə saxlayacaq, Azərbaycan adının ucalığını və mədəniyyətinin zənginliyini bütün dünyaya tanıdacaqlar”.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna uyğun olaraq dərc edilir.