Azərbaycanda qiymət artımı qadağan olunacaq?backend

Azərbaycanda qiymət artımı qadağan olunacaq?

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə istənilən qiymət artımını qadağan edib və qərarın dərhal qüvvəyə mindiyini açıqlayıb.

O, bu addımı inflyasiyanın qarşısını almaq və bazarda sabitliyi təmin etmək məqsədilə atıb. Belə bir qanun Azərbaycanda da tətbiq oluna bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli hesab edir ki, bu addım ölkənin qapalı iqtisadiyyat modelinə keçidini göstərir.

Onun fikrincə, Belarusda tətbiq olunan tədbirlər müvəqqəti xarakter daşıya bilər:

“Bu, bazar iqtisadiyyatının prinsiplərinə tamamilə ziddir. Həmin tədbirlərin nə qədər uzunmüddətli olacağı və iqtisadiyyata təsiri ayrıca müzakirə mövzusudur. Azərbaycanda bəzi məhsullara, məsələn, buğda və un bazarına nəzarət tətbiq olunur. Lakin hesab edirəm ki, bütün məhsullara eyni şəkildə kəskin nəzarətin tətbiqi effektiv olmayacaq və praktik baxımdan çətinliklər yarada bilər”.

E.Qəribli qeyd edib ki, iqtisadi proseslər adətən müxtəlif dövrlərə – qısamüddətli və uzunmüddətli mərhələlərə bölünür:

“Qısa müddətdə bu tədbirlər müəyyən təsir göstərə və vəziyyəti sabitləşdirə bilər. Lakin bu addım uzunmüddətli iqtisadi artımın qarşısını alan bir yanaşmadır. Qlobal miqyasda baş verən iqtisadi proseslərə nəzər yetirdikdə görürük ki, qiymət artımı davam edir və bu tendensiya iqtisadi artıma mənfi təsir göstərə bilər. Buna görə də düşünürəm ki, mövcud şəraitdə bu cür tədbirlər daha çox qısamüddətli sabitlik məqsədi daşıyır. Uzunmüddətli iqtisadi inkişaf üçün əlavə strategiyalara ehtiyac var”.

İqtisadçı əlavə edib ki, ölkəmizdə ən son statistik göstəricilər istehlak qiymətlərində 5,7%, qida məhsullarında isə 7,6% artım olduğunu göstərir:

“Bu artım, təbii olaraq, sosial cəhətdən həssas qruplara birbaşa təsir edir. Lakin hesab edirəm ki, bu sahədə prioritet bazar iqtisadiyyatı prinsiplərinə verilməlidir. Çünki bazarın özünün effektiv tənzimləyici alətləri mövcuddur və onlardan istifadə olunsa, daha balanslı nəticələr əldə edilə bilər”.

Bununla yanaşı, iqtisadçı düşünür ki, inkişaf etməkdə olan ölkələr inflyasiyadan müəyyən qədər qorxmamalıdırlar:

“Bəli, inflyasiyanın sosial təsirləri ola bilər, lakin müəyyən diapazonda inflyasiya iqtisadiyyatı stimullaşdıra da bilər. Təəssüf ki, bizdə çox zaman inflyasiya dərhal risk və ya təhlükə kimi qiymətləndirilir. Əslində isə inflyasiya xüsusilə hazırkı qlobal iqtisadi şəraitdə, qaçılmaz bir prosesdir. Mühüm olan bu prosesi idarə etmək və ənənəvi bazar iqtisadiyyatı çərçivəsində effektiv alətlərdən istifadə edərək onun təsirlərini minimuma endirməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*