Rusiyada xəyanətə görə cərimə tətbiq olunması təklif edilib. Bu, ölkəmizdə də adekvat addımın atılmasının mümkün olub-olmaması ilə bağlı məsələni gündəmə gətirib. Bəs, Azərbaycanda xəyanətə görə cərimə və ya digər inzibati tədbir tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, xəyanətin sübut olunması kifayət qədər çətin məsələdir:
“Rusiyada dedektiv xidmətləri mövcuddur, sübut üçün foto və videolar toplanır. Azərbaycanda isə belə xidmətlər qanunla qadağandır. Belə olan halda xəyanətin tam sübut olunması çətinləşir. Halbuki, əgər bu çoxdan tətbiq olunsaydı, müəyyən ailələrin dağılmasının və hətta bəzi faciələrin qarşısı alına bilərdi”.
Hüquqşünas qeyd edib ki, hazırda Azərbaycanda xəyanət heç bir formada cəzalandırılmır:
“Şəriət qanunları ilə idarə olunan ölkələrdə xəyanətə görə ciddi cəzalar var. Bizdə isə nə cinayət, nə də inzibati məsuliyyət mövcuddur. Hətta boşanma zamanı əmlak bölgüsündə də xəyanət edən tərəfin əleyhinə heç bir müddəa nəzərdə tutulmayıb. Bu, artıq ədalətsizlikdir. Mən istərdim ki, Azərbaycanda da heç olmasa boşanma zamanı xəyanət edən şəxslərin əleyhinə hüquqi mexanizmlər tətbiq olunsun. İnsanlar bilməlidir ki, xəyanət dövlət tərəfindən də qınanır və müəyyən məsuliyyət doğurur”.
Beləliklə, Rusiyada gündəmə gələn təşəbbüs Azərbaycanda da müzakirə olunarsa, hüquq mütəxəssisi bunun ailədaxili münasibətlərə və boşanma proseslərinə ciddi təsir göstərə biləcəyini hesab edir.
Aynurə İsmayıl
KONKRET.az