Azərbaycandan Türkiyəyə gələn turistlərin sayı 1 milyona çatırbackend

Azərbaycandan Türkiyəyə gələn turistlərin sayı 1 milyona çatır

Azərbaycandan Türkiyəyə ildə 800 min turist gəlir. Yaxın vaxtlarda bu rəqəmin 1,5 milyonu keçəcəyi gözlənilir.

KONKRET.az Türkiyənin Hürriyet qəzetində gedən məqaləni təqdim edir:

TÜROB-dən verilən məlumata görə, Türkiyə “bir millət, iki dövlət” şüarına uyğun olaraq, dost və qardaş Azərbaycanın turizm sektorunda ən çox seçilən ölkədir. Hər iki ölkənin böyük turizm potensialının olduğu məlumdur. Nəticədə Azərbaycanın turizm bazarı Türkiyənin ən böyük turizm bazarları arasına daxil olub.

Azərbaycandan Türkiyəyə hər il təxminən 800 min turst gəlir. Bundan başqa, Türkiyə azərbaycanlıların ən çox getdiyi ölkələr arasında ilk yerdədir. Azərbaycandan Türkiyəyə gələn turist sayının 1 milyona yaxınlaşması öz yerində, qısa müddətdə bu rəqəmin 1,5 milyona çatacağı gözlənilir.

Bu arada, Azərbaycan paytaxtı Bakıda TÜROB, Mədəniyyət və Turizm Nazirliyi, THY, İstanbul Ticarət Palatası, Turizm İnkişafı və Təhsil Fondu, İnstanbul Konqresi və Ziyarətçilər Bürosunun dəstəyilə təşkil olunmuş “workshop”da Azərbaycanın turizm bazarının potensialı tam açıqlığı ilə ortaya qoyulub. TÜROB tərəfindən turist axını və turizm gəlirlərinin artırılması məqsədilə keçirilən tematik “workshop” silsiləsindən olan bu tədbir həm Türkiyə, həm də Azərbaycanda böyük rəğbətlə qarşılanıb.

“Səhlənkarlığa son qoymaq vaxtıdır”

TÜROB rəhbəri Müberra Eresin iki ölkənin turizm bazarlarının geniş əməkdaşlığa açıq olduğu deyib, bunun əhəmiyyətini vurğulayıb. “Azərbaycandan Türkiyəyə ildə 800 min, Türkiyədən Azərbaycana 300 min turist üz tutur. Son tədbirdə hiss etdik ki, azərbaycanlılara qarşı bir az səhlənkarlıq etmişik. Bu da əslində, azərbaycanlı qardaşlarımızın bizə çox yaxın olduğundan qaynaqlanır. Bunun fərqinə son “workshop” zamanı vardıq. İndi, bu səhlənkarlığı aradan qaldırmaq vaxtıdır. Turizm sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirməliyik. Bununla, turist sayını daha da artıra bilərik”, – deyə o, qeyd edib.

Təxmini 10 milyon əhalisi olan Azərbaycandan ildə 5,8 milyon nəfərin xarici ölkələrə getdiyini vurğulayan Eresin deyib: “Azərbaycanlı turistlərin üz tutduğu ölkələr sırasında ilk yerdə Türkiyə gəlir. Daha sonra Rusya, Birləşmiş Ərəb Əmirlikləri, İran, Gürcüstan və Ukraynanın adını çəkə bilərik. Azərbaycanlılar buraya əsasən tətil, alış-veriş, tibbi müayinə və təhsil məqsədilə gəlirlər. Burada xərclədikləri məbləğ orta səviyyədən bir az yüksəkdir. Düşünürük ki, təşkil etdiyimiz tədbir iki ölkə arasındakı dostluğu, qardaşlığı daha da möhkəmlətməklə yanaşı, turizm sahəsindəki münasibətlərimizə də əhəmiyyətli töhfə verəcək”.

İki ölkənin turizm mütəxəssisləri tədbirə böyük maraq göstərib

Təlimdə İstanbul, Sakarya, Sapanca, Kayseri və İzmirdən 37 otel iştirak edib. Azərbaycanın ən tanınmış 200 turizm agentliyinin dəvət olunduğu tədbir çərçivəsində ikitərəfli görüşlər də keçirilib.

“Networking”dən sonra təşkil edilən qala gecənin açılışında isə Qlobal Sağlamlıq Turizmi Şurasının sədri Ruslan Quliyev, TÜROB rəhbəri Müberra Eresin, İstanbul Ticarət Palatası İdarə Heyətinin üzvü, TUGEV rəhbərinin vəkili Bahadır Yaşık, İstanbul Şəhər Mədəniyyət və Türizm İdarəsinin müdürü Coşkun Yılmaz, Türkiyənin Bakıdakı səfirliyinin müşaviri İrfan Çiftçi və Türkiyənin Azərbaycandaki səfiri Erkan Özoral çıxış ediblər.

Tədbirdə Azərbaycan Dövlət Turizm İdarəsinin sənaye meneceri Tural İbrahimov, Azərbaycan Səyahət Agentlikləri Assosiasiyasının prezidenti Rüfət Hacıyev, Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov, Azərbaycan Hotel Assosiasiyasının baş katibi Günay Sağlamla yanaşı, bir çox mətbuat nümayəndəsi də iştirak edib.

Mənbə: Hürriyet

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*