44 günlük Vətən müharibəsi ilə Ali Baş Komandan, Prezident İlham Əliyev güclü sərkərdəliyi və xalqımızın birliyi sayəsində erməni işğalına son qoyuldu. Artıq bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Dövlət bayrağı dalğalanır. Bu illər ərzində Azərbaycan gücləndi və dünya miqyasında öz layiqli yerini tuta bildi. Artıq dünya ölkələri Azərbaycanla hesablaşır. Ölkəmizin mövqeyi və dövlətimizin addımları nəinki bölgədə, daha geniş coğrafiyada böyük məna daşıyır.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini və sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Şübhəsiz, bu tarixi qələbə son 18 ilə yaxın müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun məntiqi nəticəsidir.
Təbii ki, Azərbaycan bütün cəbhələrdə – istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində – mütləq qalibiyyət əldə edərək tarix yazdı. Eyni zamanda, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur və öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir.
Ölkəmiz həm də çox mühüm strateji presedentin əsasını qoydu. Belə ki, Azərbaycan 30 ilə yaxın mövcud olmuş Qarabağ münaqişəsini öz milli gücü ilə həll etməklə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi. Bu, heç şübhəsiz, dünya siyasi tarixinin əlamətdar hadisələrindən biri, eləcə də ədalətin və beynəlxalq hüququn təntənəsidir.
Bu qələbə yalnız hərbi müstəvidə deyil, həm də Azərbaycanın müstəqilliyinin və suverenliyinin təmin edilməsi üçün əhəmiyyətli bir addım oldu. Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistanın 30 illik işğalı nəticəsində yaranan gərginlik və təhdidlər 44 günlük müharibə ilə sona çatdı.
Müharibə müddətində Ermənistanın həyata keçirdiyi bir çox qanunsuz hərəkət beynəlxalq hüquq və insanlıq əleyhinə cinayətlər təşkil edib. Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən bu cinayətlər müharibə qanunlarına və ümumbəşəri prinsiplərə zidd olaraq Azərbaycanın sülhə və insanlığa qarşı cinayətlərini təşkil etdi.
“44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbə, Ermənistanın törətdiyi sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məsələsi hələ də gündəmdə saxlanılmalıdır.”
Bu fikirləri KONKRET.az-a açıqlama verən siyasi analitik Cavanşir Abbaslı səsləndirib. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev bu qələbənin necə qazanıldığını, mahiyyətini və ölkə üçün əhəmiyyətini həm ölkə daxilində, həm də xarici səfərlərində, eləcə də beynəlxalq mediaya verdiyi müsahibələrdə məharətlə dünyaya çatdırıb:
“44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyev xarici media orqanlarına verdiyi müsahibələrdə Azərbaycanın haqlı mövqeyini, torpaqların necə işğal olunduğunu, Xocalı faciəsinin necə törədildiyini qətiyyətlə bəyan etdi. Bu səbəbdən dünya ictimaiyyəti Azərbaycanın haqlı olduğunu qəbul etdi. Hətta həmişə ermənilərə dəstək verən Rusiya belə bu dəfə susqun qaldı. ABŞ da eyni mövqe sərgilədi.”
Analitikin sözlərinə görə, hərbi qələbə diplomatik müstəvidə də davam etdirilməli, Ermənistanın törətdiyi cinayətlər beynəlxalq gündəmdə saxlanılmalıdır:
“Təkcə hərbi qələbə ilə proses yekunlaşmır. Ermənistanın vaxtilə törətdiyi qətliamlar, eləcə də digər güclərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi cinayətlər daim xatırladılmalıdır.
8 avqustda diplomatik masada mühüm nəticə əldə olundu, 11 avqustda isə Azərbaycan və Ermənistan xarici işləri nazirləri arasında telefon danışığı baş tutdu. Bu, sülh müqaviləsinin imzalanmasına doğru sürətli irəliləyiş deməkdir. Lakin münasibətlər düzəlsə də, xalq arasında deyilən ‘Erməni ilə yoldaş oldunsa, çomağı əldən yerə qoyma’ sözünü unutmamaq lazımdır.”
Aynurə İsmayıl,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusuna uyğun olaraq dərc edilir.