Azərbaycanın maliyyə və investisiya strategiyası: Qlobal tərəfdaşlarla əlaqələrbackend

Azərbaycanın maliyyə və investisiya strategiyası: Qlobal tərəfdaşlarla əlaqələr

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdədir. BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yollanan dövlət başçısı müxtəlif görüşlər keçirib.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, dövlət başçısı dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey, “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt və “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker ilə görüşüb. Hər üç şirkət dünyanın ən böyük maliyyə qurumlarındandır. Onu da qeyd edək ki, görüşlər qarşı tərəfin müraciəti əsasında baş tutub və bu da həmin qurumların Azərbaycana marağını bir daha sübut edir.

Bəs bu şirkətlərin əhəmiyyəti nə qədərdir və əməkdaşlıq perspektivləri baxımından nə qədər önəmlidir?

1985-ci ildə təsis olunan “Blackstone” şirkəti özəl səhm, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri və bərpaolunan enerji fondlarında 1.2 trilyon ABŞ dolları həcmində aktivləri idarə etməklə hal-hazırda dünyanın alternativ investisiyalar üzrə ən nüfuzlu investisiya meneceri hesab edilir. Bu aktivlər dünya ümumi daxili məhsulunun 1 faizindən çoxuna bərabərdir ki, bu da bir çox ölkələrin ÜDM-dən artıqdır.

“Blackstone” şirkəti minlərlə institusional müştərinin pensiya fondlarının, suveren fondların, sığorta şirkətlərinin və nüfuzlu universitetlərin nəzdində yaradılmış fondların, eləcə də milyonlarla fiziki şəxslərin vəsaitlərini idarə edir. Ümumilikdə, yüzmilyonlarla insan uzunmüddətli yığımlarının idarə edilməsi “Blackstone” şirkətinə həvalə edib.

“Blackstone” bu gün dünyada 12 000-dən çox daşınmaz əmlaka sahibdir. Daşınmaz əmlak investisiyası üzrə dünya üzrə əldə edilmiş bir çox rekord göstəricilər bu şirkətə məxsusdur. 2023-cü ildə “Blackstone Real Estate Partners X” fondu investorlardan 30.4 milyard ABŞ dolları vəsait toplayaraq tarixdə ən böyük özəl daşınmaz əmlak fondu kimi qeydə alınıb. Bundan əlavə, “Blackstone” 2007-ci ildə “Hilton” hotellər şəbəkəsini 26 milyard ABŞ dollarına əldə edib və bu, tarixdəki hotel sahəsində ən böyük əməliyyatlardan biri olub.

“Blackstone” şirkətinin yaşayış sektoru üzrə sərmayələri yüzminlərlə mənzili, milyonlarla insanı əhatə edir. Məsələn, “American Campus Communities” platforması vasitəsilə “Blackstone” tərəfindən 140 000-dən çox tələbə yataq yeri ilə təmin olunur. Bu, ABŞ-nin ən böyük 10 universitetinin tələbə qəbulunun cəminə bərabərdir.

“Blackstone”nin idarə etdiyi “Link Logistics” 46 milyon kvadratmetr anbar və logistika mərkəzinə sahibdir ki, bu nümunə olaraq Polşa Respublikasının ümumi logistika mərkəzlərinin cəminə bərabərdir. Bundan başqa, “Blackstone” şirkəti 2022-ci ildə Avropanın ən böyük şəhərdaxili logistika platforması olan “Mileway” şirkətinin 21 milyard avro dəyərində rekapitalizasiya prosesini tamamlayıb və indiyə qədər qeydə alınmış ən böyük özəl daşınmaz əmlak əməliyyatını həyata keçirib.

Dünyanın ən böyük data mərkəzi şirkətlərindən birinin sahibi olan “Blackstone” süni intellekt, bulud texnologiyaları, rəqəmsal xidmətlər və infrastrukturun qurulmasında lider rolunu oynayır. Yaratdığı və investisiya etdiyi şirkətlər vasitəsilə dünyada texnologiya, səhiyyə, çatdırılma kimi meqatrendlərin genişlənməsində rol oynayır. “QTS Data Centers” platforması iki giqavatdan çox elektrik tutumuna malikdir ki, bu güc San-Fransisko kimi böyük şəhərin ev təsərrüfatının enerji istehlakına bərabərdir.

2018-ci ildə “Blackstone”un rəhbərlik etdiyi konsorsium 20 milyard ABŞ dolları dəyərində “Thomson Reuters”in “Maliyyə və Risk” biznesində tərəfdaşlıq sazişi bağlayıb. “Refinitiv” adı ilə fəaliyyət göstərməyə başlayıb bu bölmə hal-hazırda dünyada ən geniş istifadə olunan maliyyə məlumat platformalarından biridir.

Bundan başqa, 2016-cı ildə “BioMed Realty” şirkətini 8 milyard ABŞ dollarına əldə edən “Blackstone” tibb və texnologiya sahələrini özündə birləşdirən həyat elmləri (life sciences) sektoru üzrə aparıcı şirkətlərdən birinə çevrilib. Şirkətin sahib olduğu binalarda dünyanın aparıcı biotexnologiya şirkətləri, həmçinin Harvard, MTİ (MIT), Kembric kimi nüfuzlu universitetlərin elm və tibbin gələcəyini formalaşdıran araşdırmalar həyata keçirir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Blackstone” şirkəti ilə strateji tərəfdaşlığı 2015-ci ildən başlayıb. ARDNF “Blackstone” tərəfindən idarə olunan müxtəlif daşınmaz əmlak və özəl səhm fondlarına ümumilikdə 1 milyard ABŞ dollarından çox sərmayə yatırıb. Bu investisiyalar Şimali Amerika, Avropa və Asiya regionlarını əhatə edir.

ARDNF üçün “Blackstone” ilə tərəfdaşlıq süni intellekt, rəqəmsal infrastruktur, bərpaolunan enerji, səhiyyə, logistika, yaşayış tipli gələcəyin qlobal iqtisadiyyatını formalaşdıran sektorlara yatırım etmək deməkdir. Həmçinin ARDNF-nin “Blackstone” kimi nəhəng bir investisiya şirkəti ilə əməkdaşlığı yalnız investisiya gəlirləri deyil, həm də strateji inkişaf imkanları yaradır. Bu əməkdaşlıq əsasında ölkədə logistika mərkəzlərinin inkişafı, rəqəmsal infrastrukturun gücləndirilməsi, yaşıl enerji layihələrinin reallaşdırılması və tibbi-tədqiqat parklarının qurulması və inkişafı mümkündür.

Alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyük investisiya şirkətlərindən biri olan “Brookfield Asset Management” 1899-cu ildə təsis olunub və şirkətin özəl səhm, kredit, infrastruktur, daşınmaz əmlak, bərpaolunan enerji fondlarında idarə etdiyi vəsaitlərin ümumi dəyəri 1 trilyon ABŞ dolları təşkil edir.

Qlobal səviyyədə aparıcı investisiya şirkəti olan “Brookfield” bütün qitələri əhatə edən 30-dan çox ölkədə fərqli sektorlarda 2 500-dən çox aktiv investisiyaları idarə edir. Şirkətin baş ofisi Kanadanın Toronto şəhərində yerləşir. Şirkətə investisiya edən 2000-ə yaxın institusional investor arasında nüfuzlu suveren fondlar, milli pensiya fondları, sığorta şirkətləri və digər idarəetmə şirkətləri var.

125 illik uğurlu investisiya tarixinə sahib olan “Brookfield” irimiqyaslı kapitala sahib olmasının yaratdığı imkanlar, ixtisaslaşmış əməliyyat bacarığı, qlobal əhatəsi və əlaqələrə sahib olması sayəsində həm institusional qurumların, həm də fiziki şəxslərin vəsait yatırdığı platformalara malikdir. Xüsusilə qeyd etmək lazımdır ki, şirkət regionlar üzrə yüksək səviyyədə diversifikasiya edilmiş portfelə sahibdir. Şirkət 550 milyard ABŞ dolları dəyərində ABŞ-də, 230 milyard ABŞ dolları dəyərində Avropa və Orta Şərqdə, 152 milyard ABŞ dəyərində Asiya Sakit okean hövzəsində, 66 milyard ABŞ dolları dəyərində Kanadada və 61 milyard ABŞ dolları dəyərində Cənubi Amerikada aktivləri idarə edir. Sektorlar üzrə isə 332 milyard ABŞ dolları dəyərində kredit, 278 milyard ABŞ dolları dəyərində daşınmaz əmlak, 222 milyard ABŞ dolları dəyərində infrastruktur, 150 milyard ABŞ dolları dəyərində özəl səhm və 137 milyard ABŞ dolları dəyərində alternativ enerji üzrə investisiyanı idarə edir.

1999-cu il etibarilə “Brookfield” mövcud olan hidroenerji portfelindən istifadə edərək qlobal miqyasda bərpaolunan enerji sahəsində fəaliyyətini genişləndirməyə başlayıb. 2017-ci ildən bəri şirkət dünyanın ən böyük bərpaolunan alternativ enerji operatorlarından birisinə çevrilib. Bərpaolunan enerji sahəsində “Brookfield” 43 giqavatt işlək enerji və 227 giqavatt həcminə sahib fiber-boru xəttinə malikdir ki, bu rəqəm Hindistanın bugünkü elektrik gücündən çoxdur. Bu, dünyadakı ümumi bərpaolunan enerji gücünün təxminən 5 faizinə bərabər olmaqla “Brookfield”i dünyanın ən böyük “yaşıl enerji” oyunçularından birinə çevirir. Həmçinin, bərpaolunan enerji sahəsində dünyanın aparıcı texnologiya şirkətləri ilə əməkdaşlıq edir. Bu çərçivədə şirkət 2026-2030-cu illərdə “Microsoft”a 10.5 giqavatlıq yeni bərpaolunan enerji təmin etmək barədə razılaşma imzalayıb.

Əlavə olaraq, “Google” ilə təxminən 3 giqavatlıq hidroenerji gücünün təmin olunmasına dair müqavilə bağlayıb. “Brookfield”in ən mühüm üstünlüklərindən biri nüvə energetikası sahəsindədir. Şirkət “Cameco” ilə birlikdə “Westinghouse Electric Company”nin sahibidir. “Westinghouse” texnologiyası hazırda dünyadakı nüvə reaktorlarının, təxminən, yarısında istifadə olunur. Bu fakt “Brookfield”i yalnız bərpaolunan enerji deyil, həm də qlobal nüvə xidmətləri və texnologiyaları sahəsində liderlərdən birinə çevirir.

İnfrastruktur layihələri baxımından, “Brookfield” 312 min telekom qülləsi, 28 min kilometr fiber-optik xətt və 100-dən çox data mərkəzə sahibdir. Bu aktivlər qlobal rəqəmsal iqtisadiyyatın təməl sütunlarıdır.

Daşınmaz əmlak investisiyaları üzrə isə “Brookfield Properties” 36 milyon kvadratmetrdən çox sahəni idarə edir ki, bu sahə Sinqapurun bütün daşınmaz əmlak bazarının ölçüsünə yaxındır.

ARDNF 2019-cu ildən etibarən “Brookfield Asset Management” şirkəti ilə strateji tərəfdaşlığa başlayıb və sözügedən şirkət tərəfindən idarəolunan müxtəlif fondlara ümumilikdə 660 milyon ABŞ dolları sərmayə yatırıb. İnfrastruktur və daşınmaz əmlak fondlarından savayı, Birləşmiş Ərəb Əmirliklərində “GEMS Education” kimi özəl məktəblər şəbəkəsinə yatırımlar həyata keçirilib. “GEMS Education” dünyanın ən böyük özəl K12 təhsil operatorudur və əsasən, BƏƏ-də olmaqla 60 məktəbdə 140 000-dən çox şagirdi əhatə edir. Əlavə olaraq, şirkətin Böyük Britaniya, İsveçrə və Qətərdə də fəaliyyəti var. Şirkət Britaniya, ABŞ, Hindistan və “International Baccalaureate” proqramlarını əhatə edən diversifikasiya olunmuş təhsil proqramına malikdir. Şirkətinin həyata keçirdiyi digər iri investisiyalar arasında aşağıdakıları qeyd etmək olar:

“GD Towers” – 2022-ci ilin ortalarında “Brookfield” digər partnyorları ilə birlikdə “Deutsche Telekom”un şəbəkə infrastrukturu təminatçısı “GD Towers”in 51%-lik payını satın alıb. Almaniya və Avstriyada yerləşən 40 mindən çox mobil şəbəkə qüllələrini əhatə edən portfel 17.5 milyard avro dəyərində qiymətləndirilib ki, bu da həmin il üçün Avropadakı ən böyük infrastruktur investisiyalarından biri olub.

“Triton International” – bu şirkət intermodal (gəmi, qatar, yük avtomobilinə qoşula bilən 20 və ya 40 futluq konteynerlər) konteynerlərin lizinqi üzrə dünyanın ən böyük şirkətlərindən biridir. “Triton” 7 milyon beynəlxalq standart 20 futluq konteyner donanmasını MSC, Maersk, “Hapa-Lloyd AG” kimi dünyanın aparıcı yükdaşıma şirkətlərinə icarəyə verir. 2023-cü ildə “Brookfield Infrastructure” şirkəti “Triton”u 13.3 milyard ABŞ dolları dəyərində razılaşma ilə satın aldı və bununla sabit gəlirli logistika platformasını öz portfelinə əlavə etmişdir. “Brookfield”in idarəsi altında “Triton” inkişafını davam etdirərək, 2025-ci ildə donanmasını genişləndirmək üçün “Global Container International LLC” şirkətini də satın alıb.

ARDNF-nin “Brookfield Asset Management” ilə əməkdaşlıq əsasında ölkədə bərpaolunan enerji, logistika, telekom, data mərkəzləri, təhsil, infrastruktur layihələri həyata keçirilə, eləcə də ölkənin enerji təhlükəsizliyi və rəqəmsal iqtisadiyyatını inkişaf etdirmək mümkündür.

“Neuberger Berman” 1939-cu ildən fəaliyyət göstərən aparıcı qlobal investisiya şirkətidir. Şirkət hazırda 538 milyard ABŞ dolları aktiv idarə edir ki, bu vəsaitin 140 milyard dolları alternativ investisiyalara yönəldilib. 26 ölkədə ofisləri olan “Neuberger Berman” səhmlər, istiqrazlar, hedc fondları, daşınmaz əmlak, infrastruktur və özəl səhmlər kimi aktiv növləri üzrə investisiyalar həyata keçirir. “Neuberger Berman” şirkətinin bir sıra uğurlu investisiyaları var ki, onların bəziləri aşağıda qeyd edilib:

“Nord Anglia Education” – “Neuberger Berman” digər investorlardan ibarət olan konsorsiuma rəhbərlik edərək dünyanın 30 ölkəsində yerləşən və təxminən 80-100 məktəbdən ibarət qlobal “K-12” məktəblər qrupunda paya sahibdir.

“Solenis” – sənaye kimyəvi məhsullarının istehsalı üzrə ixtisaslaşmış qlobal şirkətdir. Şirkət sutəmizləmə, kağız istehsalı və digər sənaye prosesləri üçün xüsusi kimyəvi həllər təqdim edir. Baş ofisi ABŞ-nin Delaver ştatında yerləşən şirkətin 16 500-dən çox mütəxəssisdən ibarət heyəti mövcuddur. “Solenis”in 70 istehsal müəssisəsindən ibarət qlobal şəbəkəsi var, hansı ki, altı qitədə və 160 ölkədə fəaliyyət göstərir.

“Neuberger Berman” ilə ARDNF-nin strateji əməkdaşlığı 2016-cı ildən etibarən başlayıb. Xüsusi idarəetmə mandatı çərçivəsində ARDNF tərəfindən müxtəlif tranşlar vasitəsilə ümumilikdə, təxmini, 600 milyon ABŞ dolları sərmayə qoyulub. “Neuberger Berman”, əsasən, informasiya texnologiyaları, istehlak/elektron ticarət, sənaye texnologiyaları və səhiyyə sahələrinə investisiya edir. Bu sahələrdə şirkət, əsasən, mühüm trendlərdən faydalanması gözlənilən şirkətlərə investisiya edir və bununla da portfelin müxtəlif makroiqtisadi şəraitlərə dayanıqlılığını təmin edir. ARDNF-nin “Neuberger Berman” ilə əməkdaşlıq əsasında ölkədə təhsil, səhiyyə, texnologiya, sənaye və istehlak sahələrinin qurulması və inkişafı mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*