“Azəristiliktəchizat” istilik təchizatının başlayacağı TARİXİ açıqladıbackend

“Azəristiliktəchizat” istilik təchizatının başlayacağı TARİXİ açıqladı

2019-2020-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq, istilik təchizatı obyektlərinin mövcud qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərləri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası davam etdirilib.

Konkret.az bildirir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.

R.Əliyevin sözlərinə görə, istilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında 1 noyabrdan, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabrdan başlanılacaq:

“Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3850 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Bununla əlaqədar olaraq, istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmiş, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilmiş, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilmiş və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunmuş, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin olunmuşdur”.

Xidmət rəisi qeyd edib ki, tədbirlər planına əsasən, 550 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb:

“530 odluq təmir olunub, 930 ədəd qazan aqreqatı əsaslı və cari təmir edilib, 1190 qazan mexaniki və kimyəvi üsullara təmizlənib, qazanlarda 1810 m2 izolyasiya örtüyü təmir olunub. İstilik şəbəkələrində 22780 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 12915 ədədi əsası və cari təmir edilib, 825 ədədi isə yenisi ilə əvəzlənib.

Magistral və məhəllədaxili istilik xətlərində 16375 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 11020 m2 dam örtüyü təmir edilib. Bundan başqa, 553 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 34 ton kationit materialları dəyişdirilib.

İstilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətlərinin olduğu nəzərə alınaraq, 2019-2020-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülmüşdür.

Belə ki, 990 km istilik xətləri yuyulmuş və hidravlik təzyiqə yoxlanılmış, 44,1 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunmuş, 371.2 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılmışdır.

Bundan başqa, 1895 ədəd qoruyucu klapan və 2250 ədəd əks klapan, 515 ədəd ehtiyyat su çəni təftiş və təmir olunmuş, 2970 ədəd çirktutan təmizlənmiş və 535 ədəd qaz təsərrüfatı təftiş olunaraq 150 km qaz xətti yoxlanılmışdır”.

Onun sözlərinə görə, hazırda payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər davam etdirilir:

“Payız-qış mövsümünün yaxınlaşması ilə əlaqadar istehlakçılar tərəfindən də müəyyən işlər həyata keçirilməlidir. Yşayıyış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməli, binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərin qarşısının alınması üçün müəyyən işlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*